AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində bu qurumun elmi işçisi Kübra xanım Şamilovanın 80 illik yubileyi qeyd edilib.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, akademik Rafael Hüseynov əvvəlcə 2 Fevral - Azərbaycan Gənclər Günü münasibətilə muzey əməkdaşlarını təbrik edib. Bildirib ki, bu tarix həm də ömrünün ilk gənclik illərindən etibarən həyat yolunu Nizami muzeyi ilə bağlamış, geniş biliyə, dünyagörüşə malik izahatçı Kübra Şamilovanın da 80 yaşının tamam olması ilə əlamətdardır. O, yubilyarın gənc nəslə örnək olan ömür yolundan danışıb.
Akademik R.Hüseynov Nizami muzeyinin səksəninci ildönümünə həsr olunmuş və muzeyin onillərə söykənən quruculuq, inkişaf tarixini əks etdirən “Söz məbədi” sənədli filmindən də söz açaraq, Kübra xanımın həmin filmdə bölüşdüyü xatirələri, qiymətli məlumatları yada salıb. Direktor bildirib ki, muzeyin “Sözümüz” adlanan növbəti ildönümü ünvanı məhz Kübra xanımın yuvarlaq ildönümünə həsr olunub və bütün muzey əməkdaşlarının ürək sözlərini, səmimi təbriklərini əhatə edir.
Daha sonra R.Hüseynov təbriknaməni Kübra xanıma təqdim edib.
Tədbirdə muzeyin uzun illər boyu müxtəlif dillərdə yubilyarla çiyin-çiyinə izahat aparmış əməkdaşları, elmi işçilər Fatma Əliyeva, Tutu Məmmədova, Ekspozisiyanın qorunması, izahı və audio müşaiyətin təmini şöbəsinin müdiri Tomiris Babanlı və digərləri çıxış edərək Kübra Şamilova ilə bağlı xoş xatirələrini bölüşüb, onu 80 illiyi münasibətilə təbrik ediblər.
Sonda çıxış edən yubilyar sənəti haqqında sonsuz məhəbbətlə danışaraq, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.