Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  JUBILEES

AMEA-nın müxbir üzvü Qalib Əfəndiyevin 75 yaşı tamam olur
08.05.2021 13:47
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Qalib Əfəndiyevin 75 yaşı tamam olur

Mayın 9-da neft və qaz quyularının qazılması sahəsində tanınmış alim, təbiət və cəmiyyət barədə Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, Neft və Qaz İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Qalib Əfəndiyevin 75 yaşı tamam olur.

Əfəndiyev Qalib Məmməd oğlu 9 may 1946-cı ildə Bakı şəhərində anadan olub. 1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin) Neft-mexanika fakültəsini “Neft və qaz mədənlərinin maşın və avadanlıqları” ixtisası üzrə bitirib.

Q.Əfəndiyev 1985-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1997-ci ildə isə texnika elmləri doktoru elmi dərəcələrini, 2010-cu ildə professor elmi adını alıb. 2007-ci ildə isə AMEA-nın müxbir üzvü seçilib.

Q.Əfəndiyev 1970-1996-cı illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda (indiki Neft və Qaz İnstitutu) mühəndis, böyük mühəndis, kiçik elmi işçi, böyük elmi işçi, Qazmada geoloji-texnoloji proqnozlaşdırma sektorunun rəhbəri işləyib, 1996-cı ildən quyuların qazılmasının geoloji şəraiti şöbəsinin rəhbəri olub. 2003-cü ildən 2016-cı ilə kimi AMEA-nın Geologiya və Geofizika İnstitutunda Quyuların qazılma texnologiyası şöbəsinin müdiri vəzifəsində işləyib. 2016-cı ildən indiyə kimi Neft və Qaz İnstitutunun Müasir qazmanın nəzəri və tətbiqi problemləri şöbəsinin müdiri vəzifəsində işləyir.

Q.Əfəndiyev Azərbaycan Dövlət Neft və Sənaye (ADNSU), Qazaxıstan Respublikasının Ş.Yesenov adına Kaspi Dövlət Texnologiyalar və Mühəndislik, Atırau Dövlət Neft və Qaz universitetlərinin professoru kimi elmi və pedaqoji fəaliyyət göstərir.

Q.Əfəndiyev neft və qaz quyularının qazılması sahəsində tanınmış alimdir. Onun elmi tədqiqat sahəsi quyuların qazılması zamanı optimal qərarların qəbulu, qazma prosesində geoloji-texnoloji və geofiziki tədqiqatlar kompleksi əsasında geoloji kəsilişlərin öyrənilməsi, dağ süxurlarının dağıdılması prosesləri və süxurdağıdıcı alətin işi, quyuların qazılması zamanı mümkün mürəkkəbləşmələrin proqnozlaşdırılması və qarşısının alınmasını və s. əhatə edir.

Q.Əfəndiyev “ANAS Transactions Earth Sciences”, “Azərbaycan Neft Təsərrüfatı” jurnallarının redaksiya heyətlərinin, Moskvada çıxan “Управление качеством нефтегазового комплекса” jurnalının redaksiya şurasının, “Нефть и Газ” (Almatı şəh.), “Вестник Атырауского Университета Нефти и Газа”, “Вестник ТарГУ имени М.Х.Дулати”, “Природопользование и проблемы антропосферы” (Taraz şəh.) jurnallarının redaksiya heyətinin üzvü, ADNSU-nun doktorluq dissertasiyalarının müdafiəsi üzrə şurasının üzvüdür.

Q.Əfəndiyev 220-dən artıq elmi əsərin müəllifidir. İxtira və patentlərə görə 6 müəlliflik şəhadətnaməsi və patentlər alıb. Onun rəhbərliyi və məsləhətçiliyi ilə 22 fəlsəfə və bir elmlər doktoru hazırlanıb.

Q.Əfəndiyev təbiət və cəmiyyət barədə Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, “Lütfi-Zadənin irsi və süni intellekt” Assosiasiyasının, eləcə də Qazmaçılar Assosiasiyasının üzvüdür. O, Atırau Neft və Qaz İnstitutunun (Qazaxıstan) fəxri professorudur.

Tanınmış geoloq alimi 75 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, Azərbaycan elminin inkişafı yolunda yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: