Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  INTERVIEWS

Qars müqaviləsi və Naxçıvanın statusu
29.03.2021 10:31
  • A-
  • A
  • A+

Qars müqaviləsi və Naxçıvanın statusu

Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevdir.

- İsmayıl müəllim, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbovun "Qars müqaviləsinin 100 illiyinin keçirilməsi haqqında" 2021-ci il 8 fevral tarixli sərəncamı və həmin sənədə əsasən Tədbirlər Planının təsdiq olunması bu taleyüklü möhtəşəm müqavilənin böyük əhəmiyyətini ortaya qoyur. Bu sahənin tədqiqatçısı kimi oxucularımıza  məlumat verməyinizi xahiş edirik.

- Məlum olduğu kimi, Qars müqaviləsinin bağlanmasının 100 illiyi bu il 13 oktyabrda tamam olur. Qeyd etdiyiniz kimi, bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri sərəncam imzalayıb. Həmin sərəncamda deyilir: " Qars müqaviləsi Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir. Qars müqaviləsinin imzalanması və Naxçıvanın muxtariyyət statusunun təsbit olunması dövlətçilik tariximizdə mühüm mərhələdir. Bu tarixin öyrənilməsi və gələcək nəsillərə çatdırılması isə bütün dövrlər üçün aktual və vacibdir".

Təsdiq olunmuş Tədbirlər Planında "Qars müqaviləsi və Naxçıvan" mövzusunda konfransın, Naxçıvan Dövlət Universitetinin Türkiyə Cümhuriyyətinin Qars Qafqaz Universiteti ilə birlikdə Qars şəhərində "Qars müqaviləsinin tarixi əhəmiyyəti" mövzusunda beynəlxalq konfransın keçirilməsi, Naxçıvan Muxtar Respublikasının Qars müqaviləsi ilə təsbit olunmuş  ərazisinin xəritəsinin hazırlanması, "Qars müqaviləsi - 100" mövzusunda interaktiv dərsin keçirilməsi, "Naxçıvan" jurnalının bir nömrəsinin Qars müqaviləsinin 100 illiyinə həsr edilməsi, "Qars müqaviləsi və Naxçıvan" mövzusunda elmi araşdırmaların davam etdirilməsi, yubiley tədbirinin keçirilməsi, zərf və poçt markalarının buraxılması, elmi əsərlərdən ibarət sərginin təşkil edilməsi və başqa tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Artıq Tədbirlər Planında nəzərdə tutulmuş məsələlərin icrasına başlanılıb.

Qars müqaviləsi mühüm tarixi əhəmiyyətə malik beynəlxalq müqavilədir. Bu müqavilə ilə Naxçıvanın statusu təsbit olunmuş və tərəflər Naxçıvanın muxtar respublika kimi Azərbaycanın tərkibində qalması məsələsində razılığa gəlmişlər.

- 16 mart 1921-ci ildə Rusiya Federasiyası ilə Türkiyə Cümhuriyyəti arasında bağlanmış müqavilədən bir neçə ay sonra, 13 oktyabr 1921-ci ildə həmin dövlətlərlə birgə Azərbaycan, Gürcüstan və Ermənistanın iştirakı ilə bağlanmış Qars müqaviləsinin imzalanması hansı zərurətdən irəli gəlirdi?

- XX əsrin əvvəllərində Antanta dövlətləri Rusiya və Türkiyə dövlətlərinə qarşı mübarizə aparırdı. Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi, Türkiyədə isə istiqlal mübarizəsi imperialist dövlətləri qıcıqlandırır və bunları qəbul etmirdilər. Hətta İstanbul ingilislər tərəfindən tutulmuşdu. Belə vəziyyət Rusiya ilə Türkiyəni birgə mübarizə üçün yaxınlaşdırdı. Bunun üçün 1921-ci ilin fevral-mart aylarında Moskvada Rusiya-Türkiyə konfransı keçirilmiş və yekun olaraq qeyd etdiyiniz kimi, 16 mart 1921-ci ildə "Dostluq və qardaşlıq haqqında" Moskva müqaviləsi 16 maddədən və 2 əlavədən ibarət qəbul edilmişdi. Müqavilənin 3-cü maddəsinə əsasən belə bir qərar qəbul edildi ki, Naxçıvan vilayəti bu müqavilənin 1(C) əlavəsində göstərilən sərhədlərdə Azərbaycanın himayəsi altında, həmin protektoratı Azərbaycanın heç bir üçüncü dövlətə güzəştə getməməsi şərti ilə muxtar ərazi təşkil edir.

Moskva müqaviləsindən sonra Türkiyə çalışırdı ki, Cənubi Qafqaz respublikaları ilə ərazi-sərhəd məsələlərini dəqiqləşdirsin. Məlum olduğu kimi, XIX əsrin 70-80-ci illərində Rusiya ilə Osmanlı dövləti arasında baş vermiş müharibə nəticəsində Rusiya osmanlıların bir sıra ərazilərini tutmuşdu və Türkiyənin şərq ərazilərində "Türkiyə Ermənistanı" deyilən dövlət yaratmaq istəyirdi. Lakin 1918-1920-ci illərdə yaranmış ictimai-siyasi vəziyyətlə əlaqədar Rusiya dövləti ümumi sahəsi 22 min. kv. km-ə yaxın olan əraziləri Türkiyəyə qaytardı.

Türkiyə 1920-ci ilin sentyabr-dekabr aylarında Ararat (Ermənistan) Respublikası ilə də müharibə aparmalı olmuş və bir sıra əraziləri tutmuşdu. Ona görə də Rusiya-Türkiyə arasındakı ərazi-sərhəd məsələləri aydınlaşdırılsa da, Türkiyə ilə Cənubi Qafqaz respublikaları, xüsusilə Gürcüstan və Ermənistanla sərhədlər dəqiqləşdirilməli idi. 1920-ci il dekabrın 2-də Türkiyə ilə Ermənistan arasında Gümrü müqaviləsi imzalansa da (bu müqavilə daşnaklarla bağlanılmışdı), həmin müqaviləni nə Rusiya, nə də sovet Ermənistanı (artıq Ermənistan sovetləşmişdi) qəbul etmirdi. Bu mübahisəli məsələləri aradan qaldırmaq üçün Qars konfransının keçirilməsi razılaşdırıldı.

- Həmin müqavilədə Naxçıvanın statusu necə müəyyən olunmuşdu?

Qeyd etdiyimiz kimi, Naxçıvanın statusu məsələsi Rusiya ilə Türkiyə arasında bağlanmış Moskva müqaviləsi ilə müəyyən edilmişdi. Həmin müqavilədə Naxçıvanın statusunda 3 mühüm məsələ yer almışdı:

1. Naxçıvana muxtariyyət statusu verilir.

2. Naxçıvan Azərbaycanın himayəsi altında olmalıdır.

3. Azərbaycan bu himayə haqqını heç bir zaman üçüncü bir dövlətə güzəştə getməyəcək.

Qars konfransında da (26 sentyabr / 13 oktyabr 1921) Türkiyənin Cənubi Qafqaz respublikaları ilə ərazilərinin dəqiqləşdirilməsi ilə yanaşı, Naxçıvan vilayətinin statusu məsələsi də müzakirə olundu. Adətən Qars müqaviləsi ilə təsdiq edilmiş Naxçıvanın muxtariyyət statusu Moskva müqaviləsindəki 3 məsələdən bir qədər fərqlidir. Müqavilədə yenə də Naxçıvanın Azərbaycanın tərkibində saxlanması və muxtariyyət verilməsi məsələsi təsbit olunmuşdu. Moskva müqaviləsindən fərqli olaraq, Qars müqaviləsinin V maddəsində Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyən edilmişdi - bunlar Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri olmuşdu. Müqavilənin bu maddəsində göstərilirdi ki, "Türkiyə hökuməti, Azərbaycan və Ermənistan Sovet Respublikaları müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlirlər".

Naxçıvan bölgəsinin ərazisi isə müqavilənin III əlavəsində göstərilən sərhədlər daxilində müəyyən edilirdi: "Naxçıvan ərazisi Urmiya kəndindən başlayıb, oradan düz xətt ilə Arazdəyən stansiyasına (bu stansiya Ermənistan SSR-ə qalacaq), sonra düz xətt ilə Daşburun dağının (3142) qərbinə, oradan Daşburun dağının suayrıcını (4108), Cəhənnəmdərəsi çayını, Bağırsaq dağının suayrıcını (6607 və ya 6587) keçərək, "Rod" (Bulaq) yazısının cənubundan keçmiş İrəvan və Şərur-Dərələyəz qəzasının inzibati sərhədləri ilə gedərək, 6629 yüksəkliyindən Kömürlüdağa (6839 və ya 6930), oradan 3080 yüksəkliyinə, Sayatdağa (7868), Qurdqulaq kəndinə, Həməsür dağına (8160), 8022 yüksəkliyinə, Küküdağa (10282) və nəhayət keçmiş Naxçıvan qəzasının şərqi inzibati sərhəddində qurtarır".

Moskva və Qars müqavilələri Naxçıvanın statusu və tabeçiliyi məsələsini beynəlxalq bir müqavilə ilə tam şəkildə həll etdi. Lakin həlli ağır olan məsələ, bu müqavilələrin müddəalarının icrası olmuşdur.

Qars müqaviləsi imzalandıqdan sonra, Naxçıvan bölgəsi Sovet Sosialist Respublikası elan olunmasına baxmayaraq, Ermənistan Qars müqaviləsinin bu maddəsindən müəyyən bəhanələrlə imtina etməyə cəhd edərək, onun Ermənistana birləşdirilməsi sahəsində çox ciddi iş aparmaqda davam edirdi.

Qars müqaviləsi bu günədək etibarsız elan edilməyib və bundan sonra da öz hüquqi qüvvəsini saxlayacaq. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbovun dediyi kimi, "Qars müqaviləsi dünən olduğu kimi, bu gün də, gələcəkdə də Naxçıvanın muxtariyyət statusuna təminat verən çox mühüm hüquqi, siyasi və beynəlxalq sənəddir".

- Heydər Əliyev Qars müqaviləsinə böyük əhəmiyyət verirdi...

- Məkrli qonşularımız 1920-ci il 28 dekabr Bəyanatı ilə Naxçıvanın müstəqilliyini tanımış, Qars müqaviləsi ilə də tərəf kimi Naxçıvanın muxtariyyət statusuna, ərazi-sərhəd məsələlərinə imza atmışlar. Bununla belə, bu gün də onlar Naxçıvan iddialarından əl çəkmirlər. Bir həqiqət vardır ki, Qars müqaviləsi müddətsiz imzalanmışdır. O, birtərəfli qaydada ləğv oluna bilməz və bu müqavilə Naxçıvanın qarantı rolunu oynayır.

Qars beynəlxalq müqaviləsi ilə Naxçıvan vilayəti Azərbaycanın tərkibində muxtar ərazi statusu əldə etmişdir. Bu müqavilə ilə Türkiyə və Cənubi Qafqaz respublikaları Moskva müqaviləsini qəbul etmiş, Rusiya da Naxçıvanı Azərbaycanın tərkibində muxtar qurum kimi tanımış və ona beynəlxalq hüquqi təminat vermişdir.

Müstəqil Azərbaycan dövlətinin yaradıcısı, ümummilli lider Heydər Əliyev bununla əlaqədar demişdir ki, Azərbaycanın o vaxtkı hökuməti çox ciddi mövqe göstərərək həmin Qars müqaviləsində Naxçıvanın statusunu müəyyən etmiş və Naxçıvana muxtariyyət verilməsi haqqında qərar qəbul edilmişdir.

Ümummilli lider Heydər Əliyevin Qars müqaviləsinin əhəmiyyətinin qiymətləndirməsinə gəldikdə isə, bunu dəfələrlə qeyd etmişdir. Ulu öndər Heydər Əliyev Naxçıvanın ərazi bütövlüyünü və muxtariyyət statusunun qorunub saxlanılmasında Qars müqaviləsinin əhəmiyyətini daim yüksək qiymətləndirərək demişdir: "Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük əhəmiyyəti olub. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir".

- Azərbaycan-Türkiyə siyasi müttəfiqliyin etibarlılığını çox sonralar, ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində işləyərkən Türkiyə Prezidenti Süleyman Dəmirəllə müstəqil Azərbaycan dövlətinin Türkiyə ilə əlaqələrinin yeni mərhələsinin şahidi olduq. Bu sarsılmaz birliyin ən bariz nümunəsi isə 44 günlük müharibədə Türkiyənin Azərbaycanın yanında olması idi.

- Ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində işləyərkən bir neçə dəfə Türkiyə Cümhuriyyətinə rəsmi və işgüzar səfər etmişdir. Naxçıvana qarşı ermənilərin iddialarının artdığı bir vaxtda - 1992-ci ilin 22-24 avqustunda Heydər Əliyevin Türkiyəyə səfəri olmuş, Prezident və Baş nazirlə -  Turqut Özalla, Süleyman Dəmirəllə söhbətlər aparmış, Qars müqaviləsini gündəmə gətirmiş, protokollar imzalamışdır. Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyində Qars müqaviləsinin rolu müzakirə mövzusuna çevrilmişdir.

1992-ci ilin 28 mayında "Ümid" körpüsü açılmış, Türkiyə ilə iqtisadi və mədəni əlaqələrin artmasına diqqət yetirilmişdir.

Ulu öndər ikinci dəfə Azərbaycanda siyasi hakimiyyətdə olarkən Türkiyə ilə əlaqələrin artmasına, əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət vermişdir. "Bir millət, iki dövlət" məşhur deyimini söyləyən Heydər Əliyevin irəli sürdüyü qardaşlıq əlaqələri bu gün də ölkə Prezidenti İlham Əliyev tərəfindən çox yüksək səviyyədə davam etdirilir.

Bu birliyin və qardaşlığın sarsılmaz nümunəsinin Vətən müharibəsində bir daha şahidi olduq. "Biz Azərbaycanın yanındayıq. Hadisələrə müdaxilə edənlər öndə bizi görəcəklər!", - söyləyən Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan əsl qardaşlıq nümunəsi göstərdi. Bu birlik və əməkdaşlıq daimidir, sarsılmazdır.

- Ermənistan Qars müqaviləsinin denonsasiya edilməsini istəyir. Ermənistanın buna haqqı varmı və bu müqavilə denonsasiya edilə bilərmi?

- Ermənistan Naxçıvanın müstəqilliyini tanısa da (1920, 28 dekabr), Qars müqaviləsi ilə onun Azərbaycanın himayəsində (protektoratlığında) olmasını təsdiq etsə də iddialarından əl çəkməmişdir. Ermənistan bağladığı müqavilələrin müddəalarını pozaraq 1929-cu ilin fevralında Naxçıvanın 10 kəndinə sahib olmuşdur. 1918-1920-ci illərdə Ermənistan (Ararat) Respublikası dəfələrlə bəyan etmişdir ki, əgər Azərbaycan Naxçıvan və Şəruru bizə verərsə biz Qarabağ və Zəngəzur iddialarından əl çəkərik.

Ermənistan Qars müqaviləsini ləğv etməyə çalışır. Moskva müqaviləsinin ləğvi üçün də Rusiya dövlətinə dəfələrlə müraciət etmişdir. Təbii ki, bu mümkün deyil. Əgər Moskva müqaviləsi ləğv edilərsə, onda Türkiyə Gümrü (Aleksandropol) müqaviləsini (1920, 3 dekabr) gündəmə gətirəcək. Bu müqavilə isə Ermənistanı acınacaqlı vəziyyətə salmışdı. Ermənistan istəsə də Qars müqaviləsini denonsasiya edə bilməz. Çünki Ermənistandan başqa, Türkiyə və Azərbaycan bu müqavilənin iştirakçısı, Rusiya isə vasitəçi kimi müqavilənin imzalanmasında iştirak edib. Naxçıvanla bağlı 3 prinsip (Naxçıvana Azərbaycanın tərkibində muxtariyyət statusu verilib. O, Azərbaycanın protektoratlığına verilir və Azərbaycan Naxçıvanı üçüncü dövlətə verməməlidir) Moskva müqaviləsi ilə təsbit edilib. Bu müqavilənin isə Ermənistana aidiyyatı yoxdur.

- Muxtar respublikada bu tarixin öyrənilməsi və gələcək nəsillərə çatdırılması sahəsində hansı işlər görülür?

- AMEA Naxçıvan Bölməsi yaradıldıqdan (2002-ci il 7 avqust) sonra Naxçıvan tarixi sistemli öyrənilməyə başlanılmışdır. Üç cildlik Naxçıvan tarixi nəşr olunmuşdur. XX əsrin əvvəlləri də tədqiq edilmiş və bu gün də tədqiqatlar davam etdirilir. Gümrü, Moskva və Qars müqavilələrinin tarixi hələ Naxçıvan Bölməsi yaradılmamışdan əvvəl də tədqiq edilmiş və 1999-cu ildə bununla bağlı kitab çap edilmişdir. Hər üç müqavilənin mətnləri bir neçə dildə verilmiş, onların təhlili aparılmışdır. Qars müqaviləsi və bu müqaviləni Azərbaycan tərəfindən imzalayan Behbud ağa Şahtaxtinskinin 90 və 130 illik yubileyləri ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisində elmi konfrans keçirilmiş (2011-ci il 12 oktyabr) və konfransın materialları kitab halında çap edilmişdir. Behbud ağa Şahtaxtinskinin dövlətçilik və diplomatik fəaliyyətinə dair dissertasiya müdafiə edilmiş və bir neçə kitab işıq üzü görmüşdür. "Naxçıvan" jurnalının bir nömrəsi (№23, 2011) bunlara həsr edilmişdir. AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti və Türkiyə Cümhuriyyətinin Qars Qafqaz Universitetində beynəlxalq konfrans keçirilmişdir. Kütləvi informasiya vasitələrində onlarla elmi məqalələr çap edilmişdir. Tədqiqat işləri bu gün də davam edir.

- 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlandı. 10 noyabr 2020-ci il tarixində Azərbaycan, Rusiya və Ermənistanın dövlət başçıları tərəfindən atəşkəs imzalandı. Bu Bəyanatla Qars müqaviləsinin oxşar cəhətləri varmı?

- Ən böyük oxşar cəhət Azərbaycanın ərazi-sərhəd məsələlərinin bərpası məsələsidir. Qars müqaviləsi Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında ərazi-sərhəd məsələlərini dəqiqləşdirdi. Çünki buna qədər Türkiyə-Ermənistan müharibəsi (1920 sentyabr - noyabr) və Ermənistan-Azərbaycan qarşıdurması (1918-1920) olmuşdu. Ermənistanın Qars və Ərdahana, Azərbaycanın isə Naxçıvan, Qarabağ, Zəngəzur və başqa torpaqlarına ərazi iddiaları olmuşdu. Hətta bu ərazilərin bir hissəsini işğal etmişdi. Moskva və Qars müqavilələri Cənubi Qafqazda ərazi-sərhəd məsələlərini müəyyən qədər aydınlaşdırdı, Gümrü və Qars müqavilələrini Ermənistan imzaladı.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi də Qarabağ uğrunda olmuş, Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı 7 Azərbaycan rayonunu işğal etmişdi. BMT-nin qərarları Ermənistan tərəfindən yerinə yetirilmədi. Bunun da əsas səbəbi dünyada ikili siyasətin olmasıdır. Azərbaycan bu problemi 44 gün ərzində həll etdi, Ermənistanın işğalçı qoşunları ərazilərimizdən hərbi və dinc yolla çıxarıldı. Bunun üçün 10 noyabr Bəyanatı imzalandı. Bəyanatı imzalayan dövlətlər Qars müqaviləsini də imzalamışdılar. İndiki halda yenə də ikili siyasət Ermənistana torpaqları "geri qaytarmaq" ümidi verir. Lakin güclü Azərbaycan dövləti buna imkan verməyəcək.

- Müsahibə üçün təşəkkür edirik.

Müsahibəni hazırladı:

Səidə RZAYEVA

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: