Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  ARTICLES

Dünya şöhrətli alimin ömür salnaməsi
30.03.2021 11:20
  • A-
  • A
  • A+

Dünya şöhrətli alimin ömür salnaməsi

Xalqımızın ötən əsrdə qazandığı ən böyük tarixi nailiyyətlərindən biri də müxtəlif elm sahələrində sürətli irəliləyişlərin əldə olunması, böyük alimlər nəslinin formalaşmasıdır. Azərbaycan maarifçilərinin, milli elmimizin ilk təmsilçilərinin hələ XIX əsrin sonlarından əsasını qoyduqları ənənələr zaman keçdikcə genişlənərək daha əhatəli inkişafın möhkəm təməlinə çevrilmişdir.

Tibb elmimiz də bu baxımdan istisna olmamış, həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda böyük nüfuza malik görkəmli nümayəndələrini yetişdirmişdir. Bu tendensiyanı onkologiya elmi istiqamətində də miqyaslı şəkildə müşahidə etmişik.

Elm fədailərindən biri

Onkologiya ilə məşğul olan alimlərimizin xüsusilə böyük uğur qazanması onunla bağlıdır ki, bu elm sahəsi ölkəmizdə əsasən XX əsrin ikinci yarısından təşəkkül tapmışdır. Buna tədqiqatçı nəzərindən baxsaq görərik ki, son dərəcə yeni, həyati vacib sahəyə böyük sevgi, tükənməz enerjisi ilə gələn gənc elm fədailərinin əzmkarlığı nəticəsində çox qısa zamanda onkologiya ahəngdar inkişaf yoluna qədəm qoyaraq dünya standartları səviyyəsinə yüksəlmişdir.

Ötən əsrin 70-80-ci illərində Azərbaycanda onkologiya elmini bu səviyyəyə yetirən, onun inkişafında xidmətləri danılmaz olan həmin gənc alimlər nəslinin görkəmli nümayəndələrindən biri də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Rusiya Tibb Elmləri Akademiyasının, Avropa Təbiət Elmləri Akademiyasının, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının,  Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, dünyanın ən nüfuzlu onkoloji elmi assosiasiyalarının və elmi cəmiyyətlərinin üzvü, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Cəmil Əziz oğlu Əliyevdir. O, dünya şöhrətli alim və böyük tədqiqatçıdır.

Ziyalı mühitinin adamı

Elə şəxslər var ki, onların yaşadığı həyat sadəcə bir insanın ömrüdür. Hər kəs öz həyatını yaşayır, illəri öz yaşında ard-arda sıralayır. Amma elə insanlar da var ki, ömürləri məşğul olduqları sahənin tarixinə çevrilir. Yaşın üstünə yaş gəldikcə bu tarix yeni nailiyyətlərlə daha da zənginləşir. Bu il martın 30-da anadan olmasının 75 illiyi tamamlanan alim həmkarım Cəmil Əliyevin keçdiyi yola da bu prizmadan baxıram.

Görkəmli alim ziyalı mühitinin adamıdır. Tükənməz enerjisi, işgüzarlığı, yaradıcı məhsuldarlığı, xeyirxahlığı və eyni zamanda zahiri görkəmi 75 rəqəmini bir qədər şübhə altına salsa da, bu illər ərzində gördüyü işlər, ötən onilliklərə sığışdırdığı böyük nailiyyətlər bu yaşı tarix kimi təsdiqləyir.

İnsanın ömrün müdrik çağlarında da gənclik dostları ilə birgəliyi çox gözəl bir hissdir. Hər dəfə onlarla görüşüb ünsiyyət quranda, ötənləri yada salanda, bu günün işlərini qiymətləndirəndə və gələcək haqqında xoş xəyallar quranda adama elə gəlir ki, zaman aradan heç də su kimi axmayıb. Yenə də onlarla ilk dəfə tanış olduğun yaşdasan. Cəmil Əliyev də həyatımdakı belə gənclik dostlarımdandır. O, 75 yaşdakı enerjisi, işgüzarlığı, həyat dolu yaşantılarının olması ilə çevrəsindəki həmyaşıdlarına da bu hissi ötürür, illərin ağırlığını duymağa, yaşın yeni qaydalarına təslim olmağa qoymur. Ona görə də Cəmil müəllimlə hər görüş, hər ünsiyyət bir bayrama çevrilir.

Bir dostluğun tarixi

Cəmil Əliyev Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun 1968-ci il məzunlarındandır. Ali təhsili başa vuraraq həkim sənətinə yiyələndikdən sonra o, bir müddət Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Onkologiya kafedrasında baş laborant  vəzifəsində çalışmağa başlayır. Həmin kafedranın müdiri Azərbaycanın görkəmli onkoloqu, professor Arif Abbasov idi. Arif müəllim mənim onkologiya üzrə ilk ustadlarımdan olmuşdu. Cəmil Əliyev də elmi-tədqiqat işlərini professor A. Abbasovun rəhbərliyi ilə aparırdı. Elə onunla dostluğumuzun tarixi də Cəmil müəllimin Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Onkologiya kafedrasındakı fəaliyyəti illərindən başlanır.

Onda Bakı şəhər Kliniki Onkologiya Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışırdım. İşimlə, gələcək elmi fəaliyyət planlarımla bağlı məsləhət almaq üçün professor Arif Abbasovun yanına tez-tez gəlirdim. Öz elmi məktəbi olan alimlərin böyüklüyü təkcə yazdığı əsərlər, ortaya qoyduğu elmi nəticələrlə ölçülmür. Bu cür alimlər həm də gənc ardıcıllarının parlaması üçün mühit yaradırlar. Onları öz ətraflarında bir araya gətirirlər, faydalı tanışlıqlarına, iş və dostluq münasibətlərinin yaranmasına vəsilə olurlar. Biz də Cəmil müəllimlə ustadımız professor Arif Abbasovun işığında bir-birimizi tanımışdıq. Qəfil ölümü ilə hamımızı sarsıdan alimin vasitəsilə yaranmış münasibətlər, işgüzar əlaqələr isə heç zaman qırılmadı.

Cəmil Əliyevin əməksevərliyi, istedadı elə ilk tanışlıqdan, ilk ünsiyyətdən diqqəti çəkir, bu gənc alim haqqında rəğbət yaradırdı. Onda Cəmil Əliyev “Alt dodağın dərisinin və ağız boşluğunun selikli qişasının xərçənginin diaqnostika və müalicəsi” mövzusunda namizədlik dissertasiyası üzərində çalışırdı. Həmişə görüşəndə hər birimiz öz tədqiqat mövzularımız üzrə fikir mübadiləsi aparardıq. Bu cür polemikalar ikimizə də faydalı olardı.

1973-cü ildə Cəmil Əliyev haqqında xoş bir müjdə eşitdik. O, 25 yaşında namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsinə layiq görüldü. Bundan sonra alim elmi axtarışlarını davam etdirmək məqsədilə Moskvadakı SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin  (ÜOEM) doktoranturasına getmək qərarını verdi.

Moskvada keçən illər

Onda mən də artıq ÜOEM-in aspiranturasına daxil olmuşdum, həmin mərkəzdə çalışırdım. Cəmil müəllimlə yenidən Moskvada bir araya gəlib 1974-cü ildən 1978-ci ilə qədər bərabər çalışmağımız ikimizə də xoş oldu. Deyərdim ki, o illər ömrün ən unudulmaz çağlarıdır. C.Əliyev doktorluq mövzusu kimi “Dərinin melanoması və xərçəngi zamanı plastik cərrahiyyə əməliyyatı” mövzusunu araşdırmağa başlamışdı. Elmi məsləhətçiləri də SSRİ-nin bu sahədə görkəmli alimlərindən olan akademiklər N.N.Bloxin və N.N.Trapeznikov idilər.

İkimizə də ÜOEM-in yataqxanasında yer vermişdilər. Artıq ailə qurmuşduq, hər birimizin iki övladı böyüyürdü. Moskvada ailələrimizlə yaşayırdıq. Onu da deyim ki, yataqxana ilə iş yerimiz arasındakı uzun yol da həmin illərin yaddaşından çox maraqlı bir xatirə kimi keçir. Payız və qış fəsillərində gediş-gəliş xüsusən çətinləşirdi. Ailə-məişət məsələləri Moskva qayğılarımızı daha da artırırdı. Güzəran, maddi imkanlar o qədər də yüksək deyildi. ÜOEM-də sıravi həkim-elmi işçi maaşı alırdıq. Dolanışıq üçün kifayət etsə də, özümüzə və ailəmizə arzu etdiyimiz həyatı yaşada bilmirdik. Amma gənc və ümid dolu idik. Bütün həyat hələ qabaqda idi. Birgə addımladığımız o çətin, narahat yollarda Cəmil müəllimin şən əhvali-ruhiyyəsi, nikbinliyi, yerinə düşən incə yumoru hər şeyi unutdururdu bizə. Həmin illərdə ondan güzəranla bağlı bir dəfə də olsun giley-güzar eşitməmişdik.

Yolun asanını seçmək, hansısa vasitələr hesabına işini, həyatını yüngülləşdirmək onun təbiətinə yad idi. Çətinliklər, maneələr Cəmil müəllimi əsla qorxutmurdu. Qarşıya çıxan əngəllərə dərhal optimal həll tapa bilirdi. Ən mühümü isə heç zaman ümidini, əzmkarlığını, nikbinliyini itirmirdi.

Cavan yaşlarından onun özündə belə möhkəm xarakter formalaşdırmağı bacarması, dözümü, iradəsi bir o qədər də təvazökarlığı, sadəliyi, səmimiyyəti heyranlıq doğururdu. Dərhal hiss edirdin ki, bütün bu keyfiyyətlərin kökü dərindən gəlir. Bu məziyyətlərin ilkin qaynağı Cəmil müəllimin yetişdiyi ailə mühiti ilə bağlıdır.

Ailə ocağı

Cəmil müəllim Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, ölkəmizdə səhiyyə sisteminin və tibb elminin fədakar təşkilatçılarından olan bütöv şəxsiyyət, ziyalı, Əməkdar həkim Əziz Əliyevin ailəsində böyüyüb. O, Əziz müəllimin xanımı, incə qəlbli, zərif təbiətli, Azərbaycan qadınına xas ən gözəl xüsusiyyətləri öz nəcib simasında bir araya gətirən Leyli xanımın yanında boya-başa çatıb. Bu ocaqdan çıxmış övladların hər biri öz sahəsi üzrə qürur yerinə çevriliblər. Əziz müəllimin, Leyli xanımın tərbiyəsini, xeyir-duasını, ümidlərini doğruldublar. 

Cəmil müəllimin qardaşı - görkəmli terapevt professor Tamerlan Əliyevdir. Bacılarından biri dünya şöhrətli alim-oftalmoloq akademik Zərifə xanım Əliyevadır. Digər bacısı Azərbaycanın ilk diplomlu rabitəçi mütəxəssislərindən olan, Əməkdar rabitəçi fəxri adına layiq görülmüş Dilbər xanım Əliyevadır. Görkəmli oftalmoloq-alim Ləzifə xanım Əliyeva, Əməkdar incəsənət xadimi, musiqişünas Gülarə xanım Əliyeva da milli mentalitetimizi hər zaman qoruyub saxlayan bu nümunəvi ailənin cəmiyyətimizə bəxş etdiyi dəyərli ziyalılardır. Onlar ailə mühitinin verdiyi işıqla və öz fitri istedadları hesabına peşəkarlıq zirvəsinə yüksələrək, Azərbaycanın nurlu, şəfqətli ziyalıları kimi yaddaşlara əbədi həkk olunublar. Belə bir ideal məkanda böyüyüb ərsəyə çatmış Cəmil Əliyevin əxlaqı, mənəvi paklığı, zəhmətsevərliyi, elmə sevgisi də bu ocaqdan gəlir.

Onun Moskvada doktorluq dissertasiyası üzərində çalışdığı vaxtlar indiki kimi yadımdadır. Cəmil müəllimin dissertasiya üçün seçdiyi mövzu o dövr üçün onkologiyanın kifayət qədər çətin sayılan problemlərindən idi. Bu mövzu, nəzəri baxışların ətraflı sərf-nəzər olunması ilə yanaşı, həm də praktik materiallar tələb edirdi. Cəmil müəllim isə, xatirimdədir ki, işlərinin həddən artıq çoxluğuna, qrafikinin gərginliyinə, uzaq yerdə ailə-məişət qayğılarına baxmayaraq, tez-tez keçmiş SSRİ-nin digər şəhərlərinə gedir, elmi-tədqiqat işi üçün zəngin materiallarla qayıdırdı.

O dövrdə, xüsusilə Tacikistan dəri xərçənginə çox tez-tez təsadüf edilən bölgələrdən sayılırdı. Cəmil Əliyev də elmi ezamiyyətlərinin bir qismini məhz bu ölkəyə edərək materiallarının xeyli hissəsini oradan toplamışdı. Çətinliklərinə, əziyyətlərinə baxmayaraq, hər bir işi özü edirdi. Əldə etdiyi nəticədən, ortaya qoyduğu işdən zövq alırdı. Həmişə deyirdi ki, gəldiyi nəticələr, tapdığı yeniliklər ona bütün yorğunluqlarını unutdurur.

Xatirələr işığında

O, elmi tədqiqatlarını, nəzəri baxışlarını praktik fəaliyyəti ilə çox uğurlu şəkildə uzlaşdırmağı bacarırdı. Cərrahlıq fəaliyyəti ilə də mütəmadi məşğul olurdu. Vaxtaşırı əməliyyatlar aparır, bu sahədə peşəkar qabiliyyətlərini təkmilləşdirərək inkişaf etdirirdi. Podolsk Mərkəzi Xəstəxanası ÜOEM-in kliniki bazası idi. Bu xəstəxanada cərrahiyyənin ən müxtəlif istiqamətləri üzrə əməliyyatlar aparılırdı. Biz də onkologiya üzrə praktiki cərrahi əməliyyatların əksəriyyətini ÜOEM-in həmin kliniki bazasında həyata keçirirdik. Burada xəstələrin əlamətlərinin səhər müzakirəsi bizim üçün xüsusilə böyük bir məktəb idi. Hər belə müzakirədən adam nəsə yeni bir bilik əldə edib çıxırdı. “Beş dəqiqəlik” adlanan həmin müzakirələrin cərrah kimi fərdi inkişafımıza nə qədər faydalı olduğunu görürdük. Onun üçün də çalışırdıq ki, birini də buraxmayaq. Xəstəxanaya qədərki yolumuz uzaq olduğundan bu “beş dəqiqəlik”lərə gecikməməkdən ötrü hər gün sübh erkəndən durub, evdən çıxır, özümüzü xəstəxanaya yetirirdik. Cəmil Əliyevin peşəkar cərrah kimi yetişməsində həmin o maraqlı illərdə Podolsk Mərkəzi Xəstəxanasında qazanılan təcrübənin misilsiz rolu oldu. Ona görə indi də həmin günlərə qayıdanda o xəstəxananı, orada çalışan həmkarlarımızı, “beş dəqiqəlik” müzakirələrdə iştirak edən, bilik və təcrübələrini səxavətlə paylaşan həmkarlarımızı sevgi və rəğbətlə yada salırıq.

Cəmil müəllimlə Bakıda təməli qoyulmuş dostluq, həmkarlıq münasibətlərimizi Moskva mühiti daha da möhkəmləndirmişdi. Qürbətdə bir-birimizə həyan idik. Onda Moskvadakı müxtəlif ali məktəblərdə təhsil alan, elmi tədqiqat işləri aparan azərbaycanlı gənclərin sayı xeyli çox idi. Ulu Öndər Heydər Əliyevin hər il keçmiş ittifaqın müxtəlif nüfuzlu ali məktəblərinə göndərdiyi minlərlə azərbaycanlı gəncin hesabına Moskvadakı soydaşlarımızın sayı getdikcə artırdı. Tibb sahəsində də xeyli həmvətənlimiz vardı. Hansımızınsa bir problemi olanda çalışırdıq ki, bütün imkanlarımızdan istifadə edib həllinə kömək göstərək. Azərbaycanlı olmaq bizim üçün qürur olduğu qədər həm də böyük bir məsuliyyət idi. Öz davranışlarımızla, bilik səviyyəmizlə, başqalarına münasibətimizlə çalışırdıq ki, digər xalqların nümayəndələrinin nəzərində xalqımızın əsl obrazını yaradaq.

Qürur doğuran soydaşımız

Hələ o zamanlar Cəmil müəllimin necə vətənpərvər, milli-mənəvi dəyərlərimizə ruhən bağlı bir insan olduğu açıq-aşkar duyulurdu. Tək mən yox, ünsiyyətdə olan hər kəs onu belə tanıyırdı. Sadəliyi, təvazökarlığı, mehribanlığı, istiqanlılığı ilə böyük hörmət qazanmışdı. Biz azərbaycanlı gənclər bir-birimizin elmi təqdimatlarımızda, dissertasiya işlərimizin müxtəlif mərhələlərindəki müzakirələrində iştirak etməyə, mənəvi dəstək olmağa çalışırdıq. Cəmil müəllimin doktorluq dissertasiyası ilə bağlı təşkil edilmiş bu cür müzakirələr də yaxşı xatirimdədir. Uğurlarını təbrik edir, sevincini bölüşürdük. Həmin müzakirələrdə çıxış edən SSRİ-nin adlı-sanlı akademiklərinin, eləcə də ÜOEM-in nüfuzlu alimlərinin doktorant C.Ə.Əliyevin tədqiqatlarının nəticələri haqqında xoş sözləri, verdikləri yüksək qiymət köksümüzü fərəh hissi ilə doldururdu. Bir tərəfdən sevinirdik ki, müasir onkologiya elminin inkişafında yeni cığırlar açılır, digər tərəfdən də onunla qürurlanırdıq ki, bu mühüm yenilikləri elmə gətirən öz soydaşımızdır, bizlərdən biridir.

Cəmil müəllimin gərgin zəhməti öz bəhrəsini verdi. 1978-ci ildə o, SSRİ TEA-nın Ümumittifaq Onkoloji Elmi Mərkəzində “Dəri xərçəngi və melanomasında plastik cərrahiyyə əməliyyatları” mövzusu üzrə doktorluq dissertasiyasını uğurla  müdafiə etdi. Tibb elmləri doktoru elmi dərəcəsinə layiq görüldü. Bu, elmi karyerada böyük bir nailiyyət idi. Hamımız elə düşünürdük ki, Cəmil Əliyev Moskvada qalıb fəaliyyətini bu böyük şəhərdə davam etdirəcək. Bunun üçün artıq hər cür imkan vardı. Doktorluq dissertasiyasının müzakirəsindən sonra həm ÜOEM-in ozamankı direktoru akademik N.N.Bloxin, həm də akademik  N.N.Trapeznikov ona Moskvada qalıb ÜOEM-in Endokrinologiya şöbəsinə rəhbərlik etməyi təklif etmişdilər. Ucqar bir respublikadan gəlib Moskvada elmlər doktoru alimlik dərəcəsinə layiq görülən hər bir həkim üçün bu gözqamaşdırıcı təklif idi. Çünki belə bir təklif hər adama edilmirdi. Belə bir vəzifəyə layiqliyini  elmin və şəxsiyyətinlə sübuta yetirməli idin. Cəmil müəllim bunu bacarmışdı. Onun dünya şöhrətli akademiklərin diqqətini cəlb edən əsas xüsusiyyətləri fitri istedadı, yüksək  mədəniyyəti, dərin zəkası, ibrətamiz bacarığı, qabiliyyəti, özünə və başqalarına qarşı sağlam tələbkarlığı idi. Ustadları belə bir peşəkarın Moskvada qalıb çalışmasını, bu şəhərin elmi mühitində olmasını və fayda verməsini çox istəyirdilər. Cəmil Əliyevin necə böyük potensial sahibi olduğunu alim və müəllim təcrübələri ilə yaxşı bilirdilər.

Cəmil müəllimin isə qərarı fərqli oldu. Məmnunluq doğuran təkliflərinə, həm də bu illər ərzində ona göstərdikləri səmimi diqqət və qayğıya görə alicənab ustadlarına - akademik N.N.Bloxinə və akademik N.N.Trapeznikova dərin minnətdarlığını bildirərək, dedi ki, Bakıya qayıtmaq və sonrakı fəaliyyətini Azərbaycanda davam etdirmək istəyindədir. Onun bu qərarı nə qədər gözlənilməz olsa da, anlayışla qarşılandı. Akademiklər ona uğur dilədilər və belə istedadlı, təfəkkürlü gənclərin yetişməsindən iftixar hissi duyduqlarını da gizlətmədilər. O, öz mühitinin övladı idi!

Səhiyyə təşkilatçısı

Cəmil Əliyev doktorluq dissertasiyasının müdafiəsindən az sonra Bakıya qayıtdı. 1978-ci ildə Rentgenologiya, Radiologiya və Onkologiya Elmi-Tədqiqat  İnstitutunun ümumi onkologiya şöbəsinin rəhbəri vəzifəsinə seçildi (1988-ci ildə bu institut respublika Onkoloji Elmi Mərkəzi, 1995-ci ildə Milli Onkoloji Mərkəz, 2004-cü ildə isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Onkoloji Elmi Mərkəzi, sonra isə yenidən Milli Onkologiya Mərkəzi adlandırıldı). Bu vəzifədə çalışdığı qısa müddətdə peşəkar tədqiqatçı, bacarıqlı həkim, səriştəli təşkilatçı kimi böyük nüfuz qazandı. Elm təşkilatçısı olaraq yüksək qabiliyyəti nəzərə alınaraq 1980-ci ildə direktorun elmi işlər üzrə müavini vəzifəsinə irəli çəkildi. Az müddətdə o, bu etimadı tam doğrultdu. Bu tibb müəssisəsində elmi-tədqiqat işlərinin yerinə yetirilməsində əsl canlanma başlandı, maraqlı elmi yeniliklər, mühüm nəticələr ortaya qoyuldu.

1990-cı ildə isə C.Əliyevin elmi və təşkilatçılıq karyerasında daha bir irəliləyiş oldu. O, indiki Milli Onkologiya Mərkəzinin baş direktoru vəzifəsinə təyin edildi. Həmin vaxtdan indiyə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş direktoru vəzifəsində çalışır. Artıq  31 ildir ki, bu çətin və məsuliyyətli vəzifəni şərəflə və yorulmadan yerinə  yetirir.  1988-ci ildə SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adına layiq görülən Cəmil müəllim 2001-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvüdür.

Akademik C.Əliyevin  təşəbbüsü və rəhbərliyi ilə 2006-2012-ci illərdə Milli Onkologiya Mərkəzi tamamilə yenidən qurularaq modernləşdirilmişdir. Bu səhiyyə müəssisəsinin müasir dünya standartlarına uyğunlaşdırılmasında, ölkəmizdə onkoloji xəstəliklərə qarşı mübarizənin təşkilində Cəmil müəllimin xidmətləri müstəsnadır. Onun gərgin əməyi sayəsində bu gün Milli Onkologiya Mərkəzi təkcə Azərbaycanda deyil, bütün Cənubi Qafqaz bölgəsində bədxassəli şişlərin etiopatogenezi, diaqnostikası, müalicəsi və profilaktikası problemlərini tədqiq edən, 1500 çarpayılıq klinik bazaya malik ixtisaslaşmış elmi-tədqiqat müəssisəsidir.

Hazırda mərkəzdə 1300 nəfərə yaxın işçi çalışır. Ölkəmizdəki onkoloji xəstələrin böyük hissəsi Milli Onkologiya Mərkəzində müalicə  olunur. İl ərzində burada 110 minə yaxın pasiyent müayinə edilir, 20 mindən çox insan stasionar müalicə kursu keçir. Akademik Cəmil Əliyevin rəhbərliyi ilə Azərbaycanda  ilk dəfə  Uşaq Onkologiya İnstitutu binasının inşa etdirilməsi və fəaliyyətə başlaması, kadr potensialının möhkəmləndirilməsi, ən müasir tələblərə cavab verən cərrahiyyə bölümünün, həmçinin ambulator xidmətini təmin edən binanın yüksək səviyyədə təşkili, müasir avadanlıqla təchiz olunması xüsusilə əhəmiyyətlidir.

Milli Onkologiya Mərkəzinin nəzdində yaradılmış Onkoreqistr 2015-ci ildə  Beynəlxalq Onkoloji Xəstəliklər Assosiasiyasına üzv qəbul edilib. Həmin il mərkəzlə ABŞ-ın M.D.Anderson Xərçəng Mərkəzi arasında ikitərəfli əməkdaşlıq haqqında memorandum imzalanıb. 2018-ci ildə isə İngiltərənin Liverpul Universiteti hospitalı, Avstriya Tibb Universiteti, Türkiyənin Hacettepe Universiteti, həmçinin Xərçənglə Mübarizə üzrə Beynəlxalq Elmi-Tədqiqat İnstitutu ilə də Milli Onkologiya Mərkəzi arasında memorandumlar imzalanmışdır. 2014-cü ildə Milli Onkologiya Mərkəzinə Beynəlxalq Məsləhət və Tədris Mərkəzi statusu verilmişdir.

Akademik Cəmil Əliyevin beynəlxalq səviyyədəki elmi nüfuzu, əlaqələri, bu mərkəzi dünyanın elmi arenasında uğurla tanıda bilməsi hesabına hər il burada müxtəlif beynəlxalq əhəmiyyətli konfranslar, tədbirlər keçirilir. Ölkəmizə səfər etmiş nüfuzlu, yüksək səviyyəli rəsmi şəxslər Milli Onkologiya Mərkəzində ziyarətdə olurlar. Bu, güclü, çevik və yüksək işin nəticəsidir!

Akademik Cəmil Əliyev elmi məktəbi

Cəmil müəllim öz elmi məktəbini yaratmağa müvəffəq olmuş dünya şöhrətli alimlərimizdəndir. Onun elmi məktəbinin yetirmələri təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də onkologiyanın kliniki, eksperimental və nəzəri sahələri üzrə çalışır, elmi axtarışlarını davam etdirirlər.

İndiyə qədər C.Əliyevin rəhbərliyi altında 40-dan çox namizədlik, 10-dan artıq doktorluq dissertasiyası müdafiə edilib. Alim Azərbaycanda və Rusiya Federasiyasında müdafiə olunmuş onlarca doktorluq dissertasiyasının rəsmi opponenti kimi çıxış edib. Hazırda da Cəmil müəllim daha bir neçə doktorluq və namizədlik dissertasiyasının məsləhətçisi, elmi rəhbəridir, gənc elmi kadrların yetişdirilməsi sahəsindəki fəaliyyətini uğurla davam etdirir. Onun dünyanın müxtəlif elm mərkəzləri ilə işgüzar əlaqələri, şəxsi nüfuzu sayəsində azərbaycanlı gənclər vaxtaşırı həmin mərkəzlərdə elmi-tədqiqat  işlərində iştirak edir, bilik və təcrübələrini artırırlar. OEM-in keçmiş baş direktoru, mərhum akademik N.N.Trapeznikovun bir neçə dəfə Bakıya gəlməsi, Ulu Öndər Heydər Əliyevlə görüşməsi, Azərbaycanda onkologiya elminin vəziyyəti ilə tanış olması və gələcək inkişaf perspektivləri ilə bağlı təkliflər verməsi də bu səfərləri, görüşləri təşkil etmiş Cəmil müəllimin işgüzar əlaqələrinin, alim nüfuzunun, ən əsası isə onkologiya ilə bağlı məsələləri ən yüksək səviyyələrə qaldıraraq cəmiyyətə fayda vermək istəyinin daha bir göstəricisi idi.

Azərbaycanda daha çox  rast  gəlinən bədxassəli şişlərdən süd vəzisi, dəri, qırtlaq və digər orqanların xərçəngi üzrə Cəmil Əliyevin rəhbərliyi altında və bilavasitə iştirakı ilə silsilə elmi-tədqiqat işləri həyata keçirilib. Süd vəzisi şişləri zamanı yerinə yetirilən operativ müdaxilələrdə, xüsusilə də  süd vəzisinin cərrahi əməliyyatlarında  Cəmil müəllim müxtəlif modifikasialar təklif  edib və onların cərrahlıq praktikasında həyata keçirilməsində mühüm rol  oynayıb. Bu elmi istiqamət müasir dövrün innovasiyalarının yaratdığı imkanlardan faydalanaraq indi də uğurla davam etdirilməkdədir. Alim əməliyyatqabağı müalicənin aparılmasında bir sıra yeni metodlar işləyib hazırlayıb. Bu metodların səhiyyə praktikasında geniş tətbiqi travmatik əməliyyatlara göstərişləri məhdudlaşdırmağa imkan verib. Orqansaxlayıcı əməliyyatlarda istifadə imkanlarını xeyli genişləndirib. Süd vəzisi xərçəngi hallarında xüsusi işlənib hazırlanmış reabilitasiya-bərpa müalicə kompleksi və orqansaxlayıcı əməliyyatlarda istifadə  edilən orijinal aparatların yaradılması belə xəstələrin əksəriyyətinin tam dəyərli həyata və ictimai-faydalı əməyə qayıtmalarına imkan yaradır. Akademik C.Əliyevin  bilavasitə rəhbərliyi altında bu kompleksin  praktikaya tətbiqi sayəsində son illər əlil xəstələrin sayında xeyli azalma baş verib. Görkəmli alimin süd vəzisi xərçəngi xəstəliyinin inkişaf mərhələlərinin Beynəlxalq Təsnifatına etdiyi düzəliş dünya miqyasında həmin səviyyədə qəbul edilərək xəstələrin müalicə  taktikasının yenidən  qurulmasına  şərait yaradıb. Elmi kəşflər, axtarışlar, tapıntılar görkəmli alimin həyat tarixçəsinin əsas məqamlarını təşkil edir.

Cəmil müəllimin və elmi komandasının ən mühüm tədqiqat işlərindən biri də süd vəzisinin bədxassəli və xoşxassəli şişləri olan xəstələrdə hepatit  B və C viruslarının yayılması ilə bağlıdır. Həmin tədqiqatların nəticələri 1996-cı ildə çapdan çıxmış “Süd vəzisi xərçəngi və qaraciyərin funksional vəziyyəti” və 2006-cı ildə işıq üzü görmüş “Onkoloji xəstələrdə qaraciyərin subklinik patologiyası” adlı  monoqrafiyalarda ümumiləşdirilib. Bu araşdırmalar nəticəsində ilk dəfə bütün dünyada sübuta yetirilib ki, gizli keçən hepatit B süd vəzisi xərçəngi olan xəstələrin müalicəsinin nəticələrinə mənfi təsir göstərir.

Mənalı ömrün mükafatları

Akademik Cəmil Əliyev 600-dən çox elmi işin, 17 monoqrafiya və 14 metodiki göstərişin, 10 ixtira üzrə müəlliflik şəhadətnaməsinin, 2 patentin müəllifidir. Monoqrafiyalarından biri 1990-cı ildə “Treatment of Breast Tumours” adı altında ingilis dilində çap olunub. O, həmmüəlliflərlə birgə yazdığı “Dərinin bədxassəli şişlərində plastik operasiyalar” adlı  monoqrafiyasına görə 1980-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademik N.N.Petrov adına  mükafatına layiq görülüb. Rusiyada, Almaniyada, ABŞ-da, İngiltərədə, Fransada, Yaponiyada, Avstriyada, Türkiyədə, Özbəkistanda və digər xarici ölkələrdə keçirilən beynəlxalq qurultay, simpozium, konqres və konfranslarda elmi məruzələr edib və bu məruzələr böyük maraqla qarşılanıb.

Cəmil müəllim 1994-cü ildən həm də Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Onkologiya  kafedrasının müdiridir. Pedaqoqluq fəaliyyətini də öz peşəsinə olan sevgi ilə davam etdirir.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində ölkəmizdə həyata keçirilən səhiyyə islahatlarına, tibb infrastrukturunun təkmilləşdirilməsi işinə Cəmil müəllim alim və həkim kimi öz töhfələrini verməyə çalışır. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səhiyyə sahəsində həyata keçirdiyi layihələrin icrasına hər cür dəstəyi göstərir.

Bakıda yenicə istifadəyə verilən və pandemiya şəraitini nəzərə alaraq hələlik koronaviruslu xəstələrin müalicəsinə ayrılmış “Yeni klinika”nın inşa edilməsi təklifini irəli sürənlərdən biri də akademik Cəmil Əliyevdir. Pandemiya dövründə minlərlə xəstənin xilas yerinə çevrilmiş bu mərkəz həyat normala dönəndən sonra təkcə Azərbaycanda deyil, ümumiyyətlə, regionda ən böyük çoxprofilli müasir klinika olacaq.

Cəmil müəllimin Azərbaycan səhiyyəsi qarşısındakı xidmətləri dövlətimiz və xalqımız tərəfindən yüksək səviyyədə qiymətləndirilib. Onun fəaliyyəti ölkə hüdudlarından kənarda da öz layiqli qiymətini alıb. Görkəmli alim müxtəlif  illərdə İngiltərənin Xammersmitt Kral Universitetinin fəxri professoru, Avropa Tibbi Onkologiya Cəmiyyətləri Assosiasiyasının üzvü, MDB ölkələri Onkoloji Cəmiyyətləri Assosiasiyasının üzvü, Nyu York Elmlər Akademiyasının, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü seçilib. Azərbaycan “Onkologiya” jurnalının baş redaktoru, “Biomedisina”  jurnalının redaksiya şurasının üzvüdür. Respublika Səhiyyə Nazirliyinin onkologiya üzrə Attestasiya Komissiyasının, respublika Elmi-Tibbi Onkoloqlar Cəmiyyətinin sədri, onkologiya üzrə doktorluq və namizədlik dissertasiyalarının Müdafiə Şurasının sədridir. O, həmçinin “Dünya həkimləri nüvə müharibəsinə qarşı” Beynəlxalq Təşkilatının Azərbaycan Komitəsinə rəhbərlik edir. Cəmil müəllim uzun müddət Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Tibb üzrə Ekspert Şurasının rəhbəri olub. Onkologiya üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş mütəxəssisi vəzifəsində uğurla çalışıb.

Akademik Cəmil Əliyev Azərbaycan Respublikasının “Şərəf” və “Şöhrət” ordenlərinə, “Səhiyyə əlaçısı” döş nişanına layiq görülüb. 2000-ci ildən Əməkdar elm xadimidir. 2015-ci ildə Avropa Təbiət Elmləri Akademiyasının dünyanın ən məşhur cərrahlarına təqdim edilən N.Piroqov ordeninə, “Avropanın  fəxri alimi” adına və V.Leybnits medalına, həmçinin qaraciyərin subklinik patologiyasının onkoloji problemlərinin tədqiqi ilə bağlı elmi əsərlərinə görə AMEA-nın akademik M.Mirqasımov adına mükafatına layiq görülüb. Görkəmli alim Rusiya Tibb Elmləri Akademiyasının akademik N.N.Petrov adına mükafatı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin M.Topçubaşov mühazirələri mükafatı, M.Mirqasımov adına mükafatı ilə təltif olunub. Eyni zamanda Beynəlxalq  Ekoenergetika Akademiyasının “Böyük qızıl medalı”na layiq görülüb. Onkologiya sahəsində bütün dünyada qəbul olunmuş yüksək elmi-praktik nailiyyətlərinə görə akademik Cəmil Əliyevə Birləşmiş Millətlər Təşkilatının “Elm və sülh elçisi” fəxri mükafatı verilib.

Cəmil müəllim həm də gözəl ailə başçısıdır. Övladları Əziz və İradə xanım da atalarının yolunu davam etdirirlər. Cərrah-onkoloq olan Əziz Əliyev tibb elmləri doktoru, professordur. İ.M.Seçenov adına birinci Moskva Dövlət Tibb Universitetinin Baki filialina rəhbərlik edir. İradə Əliyeva isə tibb elmləri namizədi, Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının dosentidir.

Akademik Cəmil Əliyev kimi örnək ziyalılarımız hər birimizin qürur yerimizdir. Azad düşüncə, Vətən uğrunda fədakarlıq, nikbin ruh, xeyirxah əməllər, ədalətli qərarlar onun tərcümeyi-halıdır. O, üzərinə düşən hər bir işə ağır yük kimi deyil, ucalıq ünvanı kimi yanaşır. Əməlləri, davranışları ilə hər zaman bu ucalıqda qərar tutmağa çalışır. Xalq belə ziyalıları ilə tərəqqi tapır, milli hədəflərinə doğru irəliləyir.

Qürur duyuram ki, xalqımızın bizi dünyada layiqincə təmsil edən akademik Cəmil Əliyev kimi övladları və onların yetişdirdikləri davamçıları var.  Dəyərli gənclik dostumu, alim və həkim həmkarımı 75-ci doğum günü münasibətilə təbrik edir, həyat və fəaliyyətində yeni nailiyyətlər diləyirəm.

Əhliman ƏMİRASLANOV, akademik, SSRİ Dövlət mükafatı laureatı

"Azərbaycan" qəzeti

  • Share: