Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  ARTICLES

“Metsamor” Atom Elektrik Stansiyası regionun ən böyük real təhlükə mənbəyidir
29.04.2021 11:48
  • A-
  • A
  • A+

“Metsamor” Atom Elektrik Stansiyası regionun ən böyük real təhlükə mənbəyidir

35 il əvvəl - 1986-cı ildə “Çernobıl” Atom Elektrik Stansiyasında dəhşətli qəza baş verdi. Qəza zamanı əmələ gələn yanğın doqquz gün müddətində söndürüldü və bu müddətdə atmosferə yayılan radioaktiv parçalanma məhsulları keçmiş SSRİ-nin və Qərbi Avropanın bəzi bölgələrinə çökdü. Ukraynanın özündə, Belarusda, Rusiyada yaşayan 300 mindən artıq sakin radiasiya təhlükəsinə görə yaşadıqları ərazidən köçürüldü. Hələ indiyə qədər səbəbləri tam məlum olmayan, ümumi olaraq texniki nasazlıq üzündən baş verməsi bildirilən bu hadisə on minlərlə insanın həlak olması, şikəst qalması, radiasiyaya məruz qalmış ərazilərin yüz illər müddətinə istifadəyə yararsız hala düşməsi və s. kimi dəhşətli nəticələrlə yekunlaşdı. Yayılan radiasiya nəticəsində ölüm sayının təxminləri, bir BMT araşdırmasında 4.000-dən, “Greenpeace” araşdırmasında göstərilən 200.000-ə qədər dəyişir. Sonrakı günlər və həftələr boyunca 134 əsgər, 28 yanğınsöndürən və işçilər aylar ərzində ölən akut radiasiya sindromu səbəbi ilə xəstəxanaya yerləşdirildi. Əlavə olaraq, 134 xəstəxanada sağ qalan bu qrup arasında təxminən 14 radiasiyaya bağlı xərçəng ölümü illər sonra baş verdi. Çernobıl qəzası miqyasına görə tarixdəki ən faciəvi nüvə stansiyası qəzası sayılır. Beynəlxalq Nüvə Hadisə şkalasında maksimum sinifləndirmə olan “7-ci səviyyə böyük qəza” olaraq sinifləndirilən sadəcə 2 nüvə enerji qəzasından biridir. Faciədən sonra xeyli ərazi qapalı zona elan edilmiş, üstündən 35 il keçməsinə baxmayaraq, ora heç kəs buraxılmır və yaşayış üçün əlverişsiz hesab olunur. Bu ərazilərdə həyatın bərpası üçün hələ illər lazımdır.

Sözügedən qəzadan sonra dünyanın bir çox ölkələrində, o cümlədən qabaqcıl elmi və təhlükəsizlik texnologiyalarına malik dövlətlərdə insanlar AES-lərin bağlanması tələbi ilə nümayişlərə qalxdılar.

2011-ci ildə Yaponiyada baş vermiş fəlakətli (M=9,1) zəlzələ episentral zonadan 200 km-ə qədər məsafədə yerləşən və dünyanın ən qabaqcıl texnologiyalarının nailiyyətləri ilə mükəmməl təchiz edilmiş yapon mütəxəssislərinin fikirlərinə görə etibarlı təhlükəsizlik tədbirləri ilə qorunan “Fukusimo” Atom Elektrik Stansiyası seysmik və sunami təhlükəsinin qarşısında duruş gətirə bilmədi, reaktorda radioaktiv şüalanma baş verdi.

Deyilənlər aydın şəkildə göstərir ki, Atom Elektrik stansiyaları insanlar üçün həmişə həyati təhlükə mənbəyidir. Xüsusilə də belə obyektlərin seysmik aktiv bölgələrdə yerləşməsi təhlükəni ən yüksək həddə çatdırır.

Ermənistanda yerləşən “Metsamor” AES-in istismar müddətinin çoxdan başa çatması və hazırda işə yararsız olduğu səbəbindən onun bağlanması tələbi ilə Azərbaycanda və digər qonşu ölkələrdə müzakirələr genişlənir. Lakin ermənilər “Metsamor”un təmir olunaraq yenidən fəaliyyətinin davam etdirilməsinin mümkünlüyünü əsaslandırmağa çalışırlar. Atom elektrik stansiyasının işlədilməsi hər bir dövlət üçün bahalı işdir. Ona görə də Ermənistanın bu stansiyanı nə dərəcədə təhlükəsiz işlətməyə qadir olması sual altındadır. Yaponiya kimi dövlət sunami nəticəsində “Fukusimo” atom elektrik stansiyasının bir neçə blokunun dağılmasıyla üzləşdi. Ermənistan Yaponiya deyil. Ona görə də Ermənistanda istənilən təbiət hadisəsinin “Metsamor”a necə təsir edəcəyini söyləmək çətindir. Ermənistanla qonşu olan dövlətlərin MAQATE-dən “Metsamor”un vəziyyəti barədə hesabat tələb etmək haqqı var. Çünki bir hadisə baş versə, nəticəsi bütün bölgəni əhatə edəcək. “Metsamor” AES üçün ən böyük və qarşısı alınmaz təhlükə isə Ermənistan ərazisində baş verməsi ehtimal olunan güclü zəlzələdir.

Tədqiqatlar göstərir ki, Ermənistan ərazisi Alp - Himalay qırışıqlıq sisteminin tərkib hissələrindən biri olub, Avrasiya və Ərəbistan tektonik plitələrinin kollizion təmas zonasında yerləşir və kifayət qədər yüksək seysmik aktivliklə səciyyələnir. Bu ərazidə 139-cu ildən sonra baş vermiş güclü zəlzələlər haqqında məlumatlar ayrı-ayrı seysmoloji kataloqlarda toplanmışdır. Qeyd olunan zəlzələ məlumatları əsasında Ermənistan ərazisində üç seysmogen zona ayrılır: Gümri, Ararat və Zəngəzur.

Gümri seysmogen zonasında 1046-cı ildə (intensivliyi İ0 = 8 bal) və 1132-ci ildə (intensivliyi İ0 = 7 bal) Ani zəlzələləri, 1926-cı ildə (intensivliyi İ0 = 8-9 bal) üç seysmik təkandan ibarət Gümri, 1935-ci ildə (intensivliyi İ0 = 8 bal) Diqor güclü zəlzələləri baş vermişdir.

Ararat seysmik aktiv zonasında 139-cu il (intensivliyi İ0 = 8 bal) Ararat, 893-cü il (intensivliyi İ0 = 8-9 bal) Dvin, 971-ci il (intensivliyi İ0 = 7-8 bal) Aruç, 1679-cu il (intensivliyi İ0 = 8 bal) Qarni və 1840-cı il (intensivliyi İ0 = 8-9 bal) Ararat güclü zəlzələləri böyük dağıntılara və fəlakətlərə səbəb olmuşdur.

Zəngəzur seysmik aktiv zonasında 1931-ci il (intensivliyi İ0 = 8-9 bal) və 1968-ci il (intensivliyi İ0 = 7-8 bal) dağıdıcı zəlzələləri məlumdur.

Seysmik aktiv ərazilərin seysmikliyini şərtləndirən əsas amil orada aktiv tektonik qırılmaların mövcudluğudur. Bu qırılmalar daxilində baş verən təzadlı (kontrast) tektonik hərəkətlər bu və ya digər intensivlikli zəlzələlərlə müşayiət olunur. Ermənistan ərazisində yüksək aktivliklə səciyyələnən Ümumqafqaz və ya endairəsinə yaxın istiqamətli və antiqafqaz və ya meridiana yaxın istiqamətli tektonik qırılma zonaları müəyyən edilmişdir. Yuxarıda qeyd olunan bütün güclü və həmçinin digər zəif və orta güclü zəlzələlərin hamısı bu tektonik qırılmalarda gedən geodinamik proseslərlə əlaqəlidir.

Məlumdur ki, zəlzələlərin qısamüddətli proqnozlaşdırılması qeyri-mümkündür. Lakin seysmik aktiv ərazilərdə yerləşən dövlətlərin dayanıqlı inkişafını təmin etmək məqsədilə həmin ərazilərin seysmik rayonlaşdırılması - ərazinin seysmik təhlükə səviyyəsinə görə xəritələnməsi işləri aparılır. Seysmik rayonlaşdırma xəritəsinin düzgün tərtib olunması və ya dəqiqləşdirilməsinin ən mühüm şərtlərindən biri potensial güclü zəlzələ ocağı ola bilən seysmiklik törədən zonaların yerinin və seysmik potensialının real qiymətləndirilməsidir. Bu problemin həlli sahəsində aparılan tədqiqatlar əsasən Yer qabığının dərinlik quruluşunun, müasir geodinamikanın, regional seysmikliyin, seysmotektonikanın kompleks və müfəssəl öyrənilməsi məsələlərini əhatə edir. Nəticədə seysmik təhlükə mənbələri olan seysmik cəhətdən aktiv strukturlar, onların əmələ gətirdiyi seysmik effekt və onun məsafədən asılı olaraq sönmə xüsusiyyətləri, həmin aktiv strukturların seysmik rejiminin parametrləri təyin edilir və tədqiq olunan ərazinin hər bir yerində müəyyən zaman intervalında mümkün olan seysmik təsirin maksimal səviyyəsi (balla) qiymətləndirilir.

Keçmiş SSRİ-də, o cümlədən Ermənistan SSR-də seysmik rayonlaşdırma xəritələrinin tərtibində determinist və genetik metodlardan istifadə olunurdu, yəni seysmik təhlükənin qiymətləndirilməsi zəlzələ kataloqlarında olan tarixi və instrumental yolla yazılmış zəlzələlərin əsasında aparılırdı. 1980-ci ildə tərtib olunmuş Ermənistan SSR ərazisinin seysmik rayonlaşdırma xəritəsində burada ehtimal olunan güclü zəlzələlərin əmələ gətirəcəyi seysmik təhlükə səviyyəsinə görə iki - 12 ballı MSK-64 şkalası üzrə 7 ballı və 8 ballı zona ayrılmışdır.

Qeyd edək ki, Ermənistanda fəaliyyət göstərən “Metsamor” AES-in inşasına bu xəritə tərtib olunandan çox öncə - 1973-cü ildə başlanmış və xəritə təsdiq olunandan əvvəl 1979-cu ildə istifadəyə verilmişdir. Bu isə onu göstərir ki, stansiya inşa olunarkən onun seysmik təhlükəyə dayanıqlığı ən yaxşı halda 12 ballı MSK-64 şkalası üzrə 8 bala hesablanmışdır.

1988-ci ildə Ermənistan SSR-in 1980-ci il seysmik rayonlaşdırma xəritəsində 7 bal seysmik təhlükə ilə səciyyələnən Spitak bölgəsində daha güclü 9-10 bal intensivlikli zəlzələ baş verdi. Spitak zəlzələləsi zamanı Yer səthində uzun məsafəyə uzanan, enli qırılma çatları əmələ gəlmiş, 25000-ə qədər insan həlak olmuşdur.

Sonrakı dövrlərdə SSRİ-nin seysmik rayonlaşdırma xəritəsinin bir sıra başqa bölgələrində də göstərilən seysmik təhlükə səviyyəsinə adekvat olmayan daha güclü zəlzələlər baş verdi: 12 ballı MSK-64 şkalası üzrə 7-8 bal intensivlikli seysmik təhlükə səviyyəsilə səciyyələnən Zaysanda (Qazaxstan, 1990), Raça-Cavada (Gürcüstan, 1991), Suusamırda (Qırğızıstan, 1992) və Nefteqorskda (Rusiya, 1995) daha güclü (9-10 bal) seysmik təkanlar oldu. 1995-ci ildə Rusiyanın seysmik rayonlaşdırma xəritəsində müəyyən edilmiş seysmik təhlükə səviyyəsindən 2-3 bal yüksək intensivlikli zəlzələlənin baş verməsi Nefteqorsk şəhərini tamamilə yerlə-yeksan etmiş, çoxsaylı insan tələfatı olmuşdu. Yuxarıda göstərilən digər güclü zəlzələlərin əmələ gətirdiyi fəlakətlərin nəticələri haqqında da oxşar fikirləri qeyd etmək olar.

Seysmik rayonlaşdırma xəritələrində seysmik təhlükə səviyyələrinin düzgün təyin olunmaması seysmoloq alimləri (o cümlədən Azərbaycan mütəxəssislərini) bu işlərə yenidən baxmağa və xəritələrdə düzəliş etməyə vadar etdi.

1992-1997-ci illərdə GSHAP (Global Seysmik Təhlükənin Qiymətləndirilməsi Proqramı) layihəsi çərçivəsində Qafqaz respublikaları, Türkiyə, İran, Rusiya, Türkmənistan əraziləri daxil olmaqla böyük bir ərazinin seysmik təhlükəliliyi yeni metodik yanaşma əsasında araşdırılmış və qiymətləndirilmişdir.

İlk mərhələdə aktiv tektonik qırılmalar (ocaq zonaları) və onları səciyyələndirən seysmiklik müəyyənləşdirilmişdir. Sonrakı mərhələlərdə bu tektonik qırılmaların əmələ gətirdiyi seysmik effekt və onun məsafədən asılı olaraq sönmə xüsusiyyətləri araşdırılmış və ərazinin hər bir yerində mümkün olan seysmik təsirin maksimal səviyyəsi (balla) qiymətləndirilmişdir.

Tərtib olunmuş aktiv tektonik qırılmalar (lineamentlər) xəritəsindən (şək.1) məlum olur ki, Ermənistan ərazisində Yerevan şəhərinin və “Metsamor” AES-in yaxınlığından böyük və aktiv tektonik qırılma zonası keçir. Bu qırılma zonasının seysmik potensialı Rixter şkalası üzrə M=7,5 və ya 12 ballı MSK-64 şkalası üzrə 10 bal qiymətləndirilir. Qeyd edək ki, 1988-ci ildə baş vermiş zəlzələnin ölçüsü Rixter şkalası üzrə M=7,1 və 12 ballı MSK-64 şkalası üzrə 10 bal qiymətləndirilmişdir.

Bu deyilənlər “Metsamor” AES-in seysmiklik səviyyəsi cəhətdən çox təhlükəli ərazidə yerləşməsini və ehtimal olunan təhlükənin qaçılmaz olduğunu göstərir. Bundan əlavə, burada ehtimal olunan 10 ballı zəlzələnin baş verməsi (belə zəlzələni hər an gözləmək olar) nəinki AES-də “Çernobıl”dakı kimi bir blokun güclü partlamasına səbəb ola bilər, hətta zəlzələ zamanı Yer səthinə qədər gəlib çıxan qırılma çatlarının təsirindən “Metsamor” tamamilə dağıla bilər. Bu halda mümkün ola biləcək fəlakətin miqyasını təsəvvür etmək belə çox çətindir.

Fikirlərimizi elmi cəhətdən əsaslandıraraq çatdırmağa çalışdıq. Güman edirik ki, qeyd olunanlar “Metsamor” AES-in təcili olaraq, heç bir müzakirəsiz və mübahisəsiz bağlanmasına əsas verir. Düşünürəm ki, bölgədə yerləşən Azərbaycan, Gürcüstan, Türkiyə və digər qonşu dövlətlərin alim və mütəxəssisləri MAQATE-ni bu problemə ciddi yanaşmasına sövq etməklə region əhalisini böyük fəlakətdən qurtara bilər.

Qurban YETİRMİŞLİ, Akademiyanın Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü

"Respublika" qəzeti

  • Share: