AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səkinə Şərifovanın “Mirzə Fətəli Axundzadənin əsərlərində mürəkkəb cümlənin semantik-sintaktik xüsusiyyətləri” kitabı işıq üzü görüb.
Monoqrafiyanın elmi redaktoru filologiya elmləri doktoru, professor Qəzənfər Kazımov, rəyçiləri filologiya elmləri doktoru, professor Məhərrəm Məmmədli və filologiya üzrə fəlsəfə doktoru, dosent Vahid Adilovdur.
Vəsaitdə 19-cu əsr Azərbaycan ədəbiyyatının görkəmli mütəfəkkiri Mirzə Fətəli Axundzadənin əsərlərində işlənmiş mürəkkəb cümlələrin semantik-sintaktik xüsusiyyətlərindən bəhs olunur. Tabeli, tabesiz, həmçinin qarışıq tipli mürəkkəb cümlələr sintaktik bütövlər kontekstində araşdırılır, durğu işarələrinin işlənmədiyi bir dövrün nəzərilə mətni mürəkkəb cümlələrin qrammatik və məntiqi-semantik bütövlük sərhədi müəyyənləşdirilir, dialoji və monoloji nitqdə mürəkkəb cümlənin təqdimi yolları üzə çıxarılır, semantik diferensiallaşma və s. məsələlərə diqqət yetirilir, mətn dilçiliyi ilə bağlı elmi yeniliklər ilk dəfə olaraq dil tarixinin öyrənilməsində tətbiq edilir.
Monoqrafiya dil tarixi və dil nəzəriyyəsi mütəxəssisləri, ali məktəblərin filologiya fakültəsinin müəllimləri, tələbələri, magistrantları, üçün faydalıdır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.