Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Ömrünü Azərbaycan milli tarix elminin inkişafına həsr edən alim
24.09.2020 14:15
  • A-
  • A
  • A+

Ömrünü Azərbaycan milli tarix elminin inkişafına həsr edən alim

Azərbaycan akademik tarix elmi çox böyük inkişaf yolu keçmişdir. 1945-ci ildən başlayaraq AMEA-nın ictimai elmlər bölməsinin tərkibinə daxil edilən Tarix İnstitutunda Azərbaycanın ən qədim zamanlardan başlayaraq bu günədək olan tarixini öyrənmək üçün arxeoloji tədqiqatlarla məşğul olan qrup da yaradılmışdı. Azərbaycanın ilk azərbaycanlı arxeoloq alimləri olan Ə.Ələkbərovun, İ.Cəfərzadənin, R.Vahidovun, İ.Nərimanovun, M.Hüseynovun, Q.Aslanovun, O.İsmizadənin, H.Kəsəmənlinin, Q.Əhmədovun, C.Rüstəmovun, F.Rüstəmovanın, F.Mahmudovun, M.Mənsurov və digər milli kadrların yorulmaz fəaliyyətləri nəticəsində çox yüksək elmi səviyyəyə malik Azərbaycan milli arxeologiya məktəbi formalaşmışdır.

Hazırda bu milli arxeologiya məktəbinin çox görkəmli nümayəndələri: t.e.d., prof. H.Cəfərov, N.Museybli, T.Dostiyev, O.Cəbiyev, A.Seyidov, Q.İsmayılzadə, t.ü.f.d. A.Zeynalov, Q.Qoşqarlı, S.Aşurov və digərləri tərəfindən uğurla davam etdirilir. Bu akademik milli arxeologiya məktəbinin ən tanınmış nümayəndələrindən biri də, çox böyük elmi təcrübəyə malik, tanınmış arxeoloq, əslən Azərbaycandan olan t.e.d., professor Rauf Munçayevin yetirməsi Qəhrəman Hüseyn oğlu Ağayevdir. Onun doğulduğu Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun məşhur Şahtaxtı kəndi təkcə Naxçıvan diyarının deyil, bütün Azərbaycan tarixində öz məşhur insanları, ilk növbədə ziyalıları ilə tanınan bir məkandır.

Qəhrəman Ağayev orta təhsilini 1956-1966-cı illərdə Naxçıvan şəhər 23 nömrəli məktəbdə aldıqdan sonra 1967-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olur və oranı 1972-ci ildə uğurla bitirir. İkiillik hərbi xidmətdən sonra o, 1975-ci ildən 1991-ci ilədək AMEA Naxçıvan Elmi Mərkəzində çalışdıqdan sonra həmin ildə AMEA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya Sektoruna işə qəbul edilir. Qəhrəman Ağayevin elmi fəaliyyətində 1976-1978-ci illər xüsusi yer tutur. O, həmin illərdə keçmiş SSRİ EA Arxeologiya və Etnoqrafiya İnstitutunda tanınmış Qafqazşünas alim, t.e.d., prof. Rauf Munçayevin rəhbərliyi altında elmi təcrübə keçir və “Şaxtaxtı arxeoloji kompleksinin son tunc-ilk dəmir dövrlərinin tədqiqi” mövzusunda tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işini müdafiə edir və bu ada layiq görülür. Tarixçi alim, arxeoloq Qəhrəman Ağayevin keçdiyi həyat yolunun çox maraqlı tərəfi odur ki, o, öz elmi işini dünyaya göz açdığı öz doğma torpağının tarixin tədqiqinə, öyrənilməsinə həsr etməsidir. Şahtaxtı kəndinin bir yaşayış məskəni kimi arxeoloji cəhətdən öyrənilməsi Azərbaycanın Naxçıvan diyarı tarixinə verdiyi böyük bir elmi töhfədir. Qeyd etmək lazımdır ki, Q.Ağayev sovet hakimiyyətinin süqutu ərəfəsində də SSRİ EA Arxeologiya və Etnoqrafiya İnstitutu ilə elmi əlaqələrini üzməmiş, 1976-1978-ci və 1991-1992-ci illərdə RF Stavropol vilayətinin Aleksandrov və Xakasiya Muxtar Respublikasının Xakasiya Arxeoloji Ekspedisiyalarının işində iştirak etmiş və onun bu ekspedisiyalardakı fəaliyyəti öz yüksək elmi nəticələri ilə bərabər, həm də Azərbaycan aliminin ləyaqətli, saf, təmiz və vicdanlı bir insan kimi tanınması xalqımızın düşməni olan ermənilərin çoxluq təşkil etdiyi və həmişə himayədə olunduqları yad bir ölkədə böyük əks-səda doğurmuşdu. Qəhrəman Ağayevin bu mərdlik nümunəsi olan addımı haqqında ilk dəfə Azərbaycanın tanınmış jurnalisti Aytəkin Alxaslı onun 70 illik yubileyi münasibətilə “İstipress” saytında çap etdirdiyi məqalədə yazıb. Söhbət Qəhrəman Ağayevin 1979-cu ildə SSRİ EA Arxeologiya və Etnoqrafiya İnstitutunun Stavropol Arxeoloji Ekspedisiyasında çalışarkən qazıntı zamanı aşkar etdiyi çox qiymətli kəhrəba qaşlı gözəl toqqadan - bel kəmərindən gedir. Məlumdur ki, Azərbaycan xalqının cəlladı olan ermənilərin əhatəsində “yüksələn” M.S.Qorbaçovun vətəni Stavropol vilayətində ermənilər çoxluq təşkil edirlər. 1978-ci ildə burada bir erməni diş həkimi ilə tanış olan Qəhrəman Ağayev söhbət əsnasında ermənilərdən təklif alır: “ ...qazıntı zamanı qızıl və digər qiymətli əşyalar tapsanız, onları dövlətə, ruslara yox, bizə verin. Biz sənə nə qədər pul, hədiyyə istəsən verərik, sən tapdığını bizə sat”.

Bu söhbət Qəhrəman Ağayevin nifrət və qəzəbinə səbəb olur. O, bunu büruzə verməsə də, 1979-cu ildə arxeoloji qazıntı zamanı kəhrəba qaşlı qızıl toqqanı aşkar edir. Qiymətli tapıntı komissiyanın qərarı ilə Qəhrəman Ağayev tərəfindən aşkar olunduğu qeydə alınaraq Stavropol vilayəti Tarix və Diyarşünaslıq Muzeyinə verilir. Hazırda Rusiya Federasiyası Stavropol vilayəti Tarix və Diyarşünaslıq Muzeyində bu qiymətli əşya nümayiş etdirilir və onun Azərbaycan alimi t.ü.f.d. Qəhrəman Ağayev tərəfindən aşkar olunduğu qeyd olunmuşdur. Bu tapıntıdan xəbər tutan Stavropol erməniləri Qəhrəman Ağayevin yanına gəlirlər. Söhbət zamanı ermənilər: “...həmyerli, sən nə etmisən, biz sənə “Qaz 24-10 Volqa” maşını və 10 min rubl verəcəkdik. Sən onu niyə ruslara verdin?”. Erməniləri səbirlə dinləyən Qəhrəman Ağayev onlara: “...Mən Azərbaycan övladıyam, türk oğlu türkəm. Düzgünlük, təmiz əxlaq, ləyaqət, şərəf və Vətənim Azərbaycanın adı mənim üçün hər şeydən əzizdir. Mən sizin kimi ikiüzlü və xəyanətkar deyiləm, nahaq yerə gəlmisiniz” - deyərək onlardan ayrılır. Özünün insanlıq, vətəndaşlıq və alimlik borcunu ləyaqətlə yerinə yetirən Qəhrəman Ağayev illər sonra həyatda erməni adı ilə tanınan vəhşi xislətə malik, 113 il bundan əvvəl Eçmiədzin kilsəsinin Sinodunun prokuroru A.Frenkelin sözləri ilə desək: “...satqınlıq, xəyanət, mənsəbpərəstlik, yaltaqlıq və ikiüzlü kimi milli xüsusiyyətlərə malik olan tayfanın”, nasist ideologiyasının daşıyıcılarının Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərin şahidi oldu.

O, 1988-ci ildən başlayaraq, bu günədək öz ağaları - keçmiş SSRİ və Rusiya Federasiyasının təcavüzkar dairələrinin təhriki ilə erməni nasizminin 102 il bundan əvvəl xalqımıza qarşı törətdikləri miqyası görünməyən cinayətin arxeoloji qazıntı zamanı şahidi oldu. 2007-ci ilin aprelində Quba şəhərinin şərqindən axan Qudyalçayın qərb sahilində tikinti işləri aparılan zaman böyük bir məzarlıq aşkar olundu. Bu məzarlıq 1918-ci ilin mayında erməni nasizminin Quba şəhər əhalisinə qarşı törətdikləri soyqırımı cinayətlərinin təkzibolunmaz işləri idi. Aşkar edilən bu məzarlıq Azərbaycan xalqının böyük həyəcanına səbəb oldu. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sərəncam imzaladı və ona uyğun olaraq məzarlığın arxeoloji tədqiqi AMEA Arxeologiya və Etnoqrafiya İnstitutuna həvalə edildi. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, t.e.d. M.N.Rəhimovanın imzaladığı əmrə əsasən məzarlığın arxeoloji tədqiqi ilə məşğul olacaq ekspedisiyanın rəhbəri t.ü.f.d. Q.Ağayev təyin edildi.

Tədqiqatla fasiləsiz məşğul olan Qəhrəman Ağayevin səyləri nəticəsində aparılan qazıntı işləri çox yüksək səviyyədə təşkil edildi və burada əldə edilən nəticələr erməni nasizminin törətdiyi soyqırımı cinayətlərinin izləri Azərbaycan Respublikası Milli Arxivlər İdarəsi Dövlət Arxivində saxlanılan 1918-ci ildə tərtib edilmiş sənədlərlə də təsdiq olundu. Aparılan arxeoloji tədqiqatların və tibbi ekspertizanın nəticələri əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Quba Soyqırımı Memorial Kompleksi yaradılması haqqında qərar qəbul olundu. 2013-cü il sentyabrın 18-də soyqırımı Memorial Kompleksinin açılışında çıxış edən Prezident İlham Əliyev 1918-1920-ci illər və ondan sonra da Azərbaycan xalqına qarşı törədilən soyqırımı cinayətlərindən danışaraq, bu cinayətlərin xalqımız tərəfindən heç zaman unudulmayacağı fikrini ön plana çəkdi. Quba soyqırımı Memorial Kompleksi ilə bağlı dəqiq və düzgün məlumatların dünya ictimaiyyətinə olduğu kimi çatdırılmasında tarixçi alim, arxeoloq Qəhrəman Ağayevin çox böyük əməyi vardır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2003-cü ildən başlayaraq bu günədək fəaliyyətində Azərbaycan tarixinə diqqət, milli tariximizin bütün səhifələrinin obyektiv şəkildə öyrənilməsi və xalqımıza təqdim edilməsi ilə bağlı etdiyi çağırışlar Tarix İnstitutunun elmi fəaliyyətində mühüm yer tutur. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu bu çağırışlara cavab olaraq milli tariximizin XIX-XX əsrlər tarixinin bir çox qaranlıq qalmış, təhrif olunmuş məsələlərin açılması istiqamətində çox böyük elmi nəticələr əldə etmişdir. 2005-ci ildən başlayaraq Tarix İnstitutu çar Rusiyası tərəfindən Azərbaycan torpaqlarının işğalı və bölüşdürülməsi, ermənilərin Şimali Azərbaycan torpaqlarına - İrəvan, Qarabağ, Naxçıvan və digər ərazilərə köçürülməsi, Azərbaycan xalqına qarşı ermənilərin əli ilə törədilən etnik təmizləmə, deportasiya, soyqırımı cinayətlərinin açılması da, Azərbaycan xalqının təbii sərvətlərinin talan və qarət edilməsi, ona məxsus tarixi torpaqların tikə-parça edilməsi, bu torpaqlarda bu xalqa düşmən kəsilənlərə “dövlətin” yaradılması və digər aktual elmi məsələlərə aydınlıq gətirmişdir. Bu problemlərin elmi həllində də Qəhrəman Ağayevin böyük əməyi vardır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə 2009-cu il yanvarın 12-də Bakı şəhərinin mərkəzində XX əsrin 20-ci illərində qondarma 26 komissara - erməni-daşnak və bolşevik quldurlarına ucaldılmış abidənin sökülüşünə başlanıldı. Yaradılmış komissiyanın tərkibində AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Y.M.Mahmudovla yanaşı, t.ü.f.d. Qəhrəman Ağayev də var idi. Dövlət başçısına təqdim olunan arayışda komissiya üzvü Qəhrəman Ağayevin də imzası var idi. Burada Qəhrəman Ağayev öz vətəndaşlıq və professional alim mövqeyini ortaya qoya bildi. Bu artıq bir tarixdir və Qəhrəman Ağayev professional tarixçi alim, arxeoloq kimi təkcə vətəndə deyil, həm də xarici ölkələrdə tanınır. O, iki monoqrafiyanın və 100-ə yaxın elmi məqalənin müəllifidir, hər il Azərbaycan Respublikasının Naxçıvan MR və digər rayonlarda fəaliyyət göstərən arxeoloji ekspedisiyalarda iştirak edir. Q.Ağayev özülü 2002-ci ildə qoyulan Bakı-Tiflis-Ceyhan Əsas İxrac Neft Kəmərinin çəkilişi ilə bağlı kəmərin keçəcəyi ərazilərdə aparılacaq arxeoloji tədqiqat işlərində yaxından iştirak etmişdir.

Bu ilin avqustunda onu tanıyan və sevənlər üçün çox əziz bir dost və həmkar olan bir insanın - tarixçi alim, arxeoloq, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Hüseyn oğlu Ağayevin 70 yaşı tamam olub. Bu möhtəşəm yubiley münasibətilə mən özüm və həmkarlarım adından əziz dostumuz Qəhrəman müəllimi ürəkdən təbrik edir, ona ilk növbədə cansağlığı və yeni-yeni elmi yaradıcılıq uğurları arzulayıram. Əziz dost, 70 yaşın mübarək, istəyimiz budur ki, bundan sonra 80, 90 və 100 yaşını ailən və səni həmişə sevənlərlə qarşılayasan.

Cəbi BƏHRAMOV, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, t.ü.f.d., dosent

"Respublika" qəzeti

  • Paylaş: