Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  AMEA-nın təsisçiləri

Əzizbəyov Şamil Əbdülrəhim oğlu (1906-1976)
Görkəmli Azərbaycan geoloqu Şamil Əbdülrəhim oğlu Əzizbəyov 16 fevral 1906-cı ildə Aşqabad şəhərində anadan olmuşdur. 14 yaşında ikən əmək fəaliyyətinə başlayan Şamil Əzizbəyov ilk vaxtlarda Aşqabad Vilayət Ərzaq Komitəsində jurnalist, Aşqabad rayon xalq məhkəməsində kargüzar, Orta Asiya dəmir yolu idarəsinin yol xidmətində jurnalist olmuşdur.

1924-cü ildə Ş.Əzizbəyov Xəzər Gəmiçilik İdarəsinin maarif şöbəsində müəllim kimi işə qəbul edilmiş, sonra idarənin Neft Donanmasında siyasi maarif təlimatçısı vəzifəsində çalışmışdır. Elə həmin il orta məktəbi bitirmiş və Politexnik İnstitutun dağ-mədən fakültəsinə daxil olmuşdur. 1930-cu ildə o, mədən mühəndis-geoloqu diplomu alaraq təyinatla Qumbaritdə (Kutaisi şəhəri) Zaqafqaziya Dağ-Mədən Kimya Trestində işə göndərilmişdir. Geoloq kimi işə başlayan Ş.Əzizbəyov az sonra Zaqafqaziya Geologiya Trestinin, habelə Zaqafqaziya Nadir və Əlvan Metallar Kəşfiyyatı Trestinin bir sıra geoloji axtarış və kəşfiyyat partiyalarının rəisi təyin edilmişdir. 

Geologiyanın elmi məsələləri ilə ciddi maraqlanan Ş.Əzizbəyov  1932-ci ildə Azərbaycan Sənaye İnstitutunun aspiranturasına daxil olmuş, 1934-cü ildə akademiklər F.Y.Levinson-Lessinq, D.S.Belyankin və professor İ.A.Preobrajenskinin rəhbərliyi altında “Gəncəçay və Qoşqarçay çaylarının orta və aşağı axını boyunca yerləşən dağ suxurları və faydalı qazıntılar” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

1936-cı ilin sonunda Ş.Əzizbəyov SSRİ Elmlər Akademiyasının yeni təşkil edilmiş Azərbaycan Filialına (EAAzF) işə qəbul olunmuş, orada Azərbaycanın maqmatik süxurlarının və onlarla bağlı filiz və qeyri-filiz mənşəli faydalı qazıntıların öyrənilməsini davam etdirmişdir. O, əvvəlcə EAAzF-nın Geologiya Sektorunda böyük elmi işçi və elmi katib vəzifəsində işləmiş, sonra – 1938-ci ildən 1941-ci ilə qədər akademik İ.M.Qubkin adına Geologiya İnstitutunun direktor müavini və institutun petroqrafiya şöbəsinin rəhbəri olmuşdur.

Bu illərdə o, Azərbaycanın qeyri-filiz yataqlarını – pirofilliləşmiş Zəylik tuflarını, Alabaşlı hematit yatağını, Çovdar, Başqışlaq və Şamxor (Şəmkir) barit yataqlarını, Çıraqdərə-Toğanalı kükürd kolçedanı yatağını, Çardaqlı kaolin yatağını tədqiq etmişdir. Alınmış nəticələr, respublikanın ən əhəmiyyətli filiz-mədən bazalarından biri olan Kiçik Qafqazın bu regionunun geologiyasına, maqmatizminə və süxurluluğuna dair geniş tədqiqatlar Ş.Əzizbəyovun “Kiçik Qafqazın şimal-şərq hissəsinin mədən zonasının petrologiyası” adlı sanballı monoqrafiyasında ümumiləşdirilmişdir. 1943-cü ildə Ş.Əzizbəyov həmin monoqrafiya əsasında doktorluq dissertasiyası müdafiə etmişdir.

Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Aka-demiyası - ADNA) geoloji-kəşfiyyat fakültəsinin inkişafının demək olar ki, yarım əsrlik tarixi Ş.Əzizbəyovun adı ilə bağlıdır. O, bu fakültədə əvvəlcə (1932-1934-cü illərdə) kafedranın assistenti, sonra (1934-1943-cü illərdə) dosent, 1944-1945-ci illərdə professor, 1945-1959-cu illərdə petroqrafiya kafedrasının müdiri və 1960-cı ildən 1976-cı ilə qədər kafedranın professoru kimi səmərəli pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

1940-cı ildə Ş.Əzizbəyov Azərbaycan Sənaye İnstitutunun 20 illiyi münasibətilə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilmişdir. 1941-1944-cü illər SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının Rəyasət Heyəti sədrinin müavini olmuşdur.

1944-cü ildə Ş.Əzizbəyov Qara metal filizlərinin kəşfiyyatı üzrə dövlət tapşırığının yerinə yetirilməsinə görə “Qırmızı Ulduz” ordeni və SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə “Qafqazın müdafiəsinə görə” medalı ilə təltif edilmişdir. 1945-ci ildə Azərbaycan SSR EA-nın həqiqi üzvü seçilmişdir.

1945-1959-cu illərdə Azərbaycan Sənaye İnstitutunun petroqrafiya kafedrasının müdiri olmuşdur. 1946-cı ildə 1942 ildən Sov. İKP üzvü, Azərb. SSR EA vitse-prezidenti və Azərb. SSR EA geologiya-kimya elmləri və neft bölməsinin sədri (1945-1947), Azərb. SSR EA Rəyasət Heyətinin üzvü və Yer Elmləri Bölməsinin akademik katibi (1959-1976), eyni zamanda Geologiya İnstitutunda petrologiya laboratoriyasının rəhbəri (1947-1976) olmuşdur.

Ş.Əzizbəyov Azərbaycanda geologiya elminin inkişafında böyük xidmətləri olan görkəmli alimdir. Elmi əsərləri əsasən Kiçik Qafqazın geologiya və petroqrafiyasına həsr olunub. "Naxçıvan Muxtar Respublikasının geologiyası" adlı sanballı əsəri xüsusi əhəmiyyətə malikdir. Akademik Ş.Əzizbəyov Qafqazın geologiyasına, maqnetizminə və metallogeniyasına dair bir sıra aktual problemləri həll etmişdir. Çoxcildli "Azərbaycanın geologiyası" monoqrafiyasının müəlliflərindən biridir. Qırmızı Əmək Bayrağı (1953), Qırmızı Ulduz (1944) ordenləri və medallarla təltif olunmuşdur.

Akademik Ş.Əzizbəyov Yer haqqında elmlər sahəsində Azərbaycanın böyük alimlərindən biridir. 

Şamil Əbdülrəhim oğlu Əzizbəyov 14 may 1976-cı ildə Bakı şəhərində vəfat etmişdir.