Babaxanov Rauf Əliməmməd oğlu

Babaxanov Rauf Əliməmməd oğlu1929-cu il dekabrın 24-də Bakı şəhərində ana­dan olmuşdur. Azərbaycan Dövlət Uni­versi­tetinin kimya fakültəsini bitirmiş­dir (1953).

R.Babaxahov 1958-ci ildə kimya üzrə fəlsəfə doktoru və 1966-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1967-ci isə professor elmi adını almışdır.

1980-ci ildə Azərbaycan SSR EA-nın müx­bir üzvü seçilmişdir.

Azərbaycan EA-nın Neft İnstitutunda kiçik elmi işçi (1957-1959), böyük elmi işçi, Neft-Kimya Prosesləri İnstitutunda böyük elmi işçi (1959-1965), Aşqarlar Kim­yası İnstitutunda laboratoriya müdiri (1965-1969), Azərbaycan Dövlət Tibb Uni­versitetinin Ümumi və bioüzvi kimya kafedrasının müdiri (1969-1992), həm də Əczaçılıq fakültəsinin dekanı vəzifəsində çalışmışdır (1969-1973).

R.Babaxanovun əsas elmi tədqiqatları aromatik və tsikloparafin kar­bo­hid­rogenlərin və onların müxtəlif törəmələrinin turşu tipli katalizator işti­ra­kında müxtəlif doymamış halogenidlə alkilləşmə reaksiyası, reaksiyaya təsir edən amillər və onun mexanizminin öyrənilməsinə və sintez edilmiş mad­dələrin çev­rilmə məhsullarına həsr edilmişdir. Bu reaksiyaların əksəriy­yəti orijinal tədqi­qat­lar olub, onun tərəfindən ilk dəfə aparılmışdır. Alkenila­ro­matik və viniltsi­klo­heksan karbohidrogenləri əsasında bir sıra spirtlər, efirlər və xüsusilə qızılgül yağının analoqunu sintez etmişdir.

R.Babaxanovun rəhbərliyi altında siannorbornen kimi bitsiklik doy­ma­­mış sistemin sulfat turşusu iştirakında müxtəlif fenollar və tiofenollar arasın­dakı alkilləşmə reaksiyasının istiqaməti, stereo-kimyası müasir fiziki üsul­larla ətraf­lı tədqiq edilmiş və müəyyən edilmişdir ki, reaksiya zamanı əsasən O- və C- alkilləşmə gedir və Vaqner-Meyerveyn yenidən qruplaş­ması baş verir.

Oksiranların müxtəlif nukleofil reagentlərlə qarşılıqlı reaksiyası nəti­cə­­sində bir sıra bioloji xassəyə malik olan çoxfunksiyalı birləşmələr alınmış və onların farmakoloji sınağı nəticəsində psixotrop, sedativ, antimikrob, ürək-damar və şiş mualicəsi üçün bir sıra preparatlar aşkar edilmişdir. Həm­çinin onun rəh­bərliyi ilə sintez edilmiş birləşmələr arasında plastifikator, stabiliza­tor və kor­roziyanın qarşısını alan inhibitor xassəsinə malik birləş­mələr müəyyən edil­mişdir.

R.Babaxanov 200-ə yaxın əsərin, o cümlədən 32 müəlliflik şəhadət­namə­sinin və 1 monoqrafiyanın müəllifidir. Onun rəhbərdliyi ilə 2 elmlər doktoru və 18 fəlsəfə doktoru müdafiə etmişdir.

AMEA-nın müxbir üzvü Rauf Babaxanov 1992-ci ildə Bakıda vəfat etmişdi

(1929-1992)