Babaxanov Rauf Əliməmməd oğlu1929-cu il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirmişdir (1953).
R.Babaxahov 1958-ci ildə kimya üzrə fəlsəfə doktoru və 1966-ci ildə kimya üzrə elmlər doktoru elmi dərəcəsini, 1967-ci isə professor elmi adını almışdır. 1980-ci ildə Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir. Azərbaycan EA-nın Neft İnstitutunda kiçik elmi işçi (1957-1959), böyük elmi işçi, Neft-Kimya Prosesləri İnstitutunda böyük elmi işçi (1959-1965), Aşqarlar Kimyası İnstitutunda laboratoriya müdiri (1965-1969), Azərbaycan Dövlət Tibb Universitetinin Ümumi və bioüzvi kimya kafedrasının müdiri (1969-1992), həm də Əczaçılıq fakültəsinin dekanı vəzifəsində çalışmışdır (1969-1973). R.Babaxanovun əsas elmi tədqiqatları aromatik və tsikloparafin karbohidrogenlərin və onların müxtəlif törəmələrinin turşu tipli katalizator iştirakında müxtəlif doymamış halogenidlə alkilləşmə reaksiyası, reaksiyaya təsir edən amillər və onun mexanizminin öyrənilməsinə və sintez edilmiş maddələrin çevrilmə məhsullarına həsr edilmişdir. Bu reaksiyaların əksəriyyəti orijinal tədqiqatlar olub, onun tərəfindən ilk dəfə aparılmışdır. Alkenilaromatik və viniltsikloheksan karbohidrogenləri əsasında bir sıra spirtlər, efirlər və xüsusilə qızılgül yağının analoqunu sintez etmişdir. R.Babaxanovun rəhbərliyi altında siannorbornen kimi bitsiklik doymamış sistemin sulfat turşusu iştirakında müxtəlif fenollar və tiofenollar arasındakı alkilləşmə reaksiyasının istiqaməti, stereo-kimyası müasir fiziki üsullarla ətraflı tədqiq edilmiş və müəyyən edilmişdir ki, reaksiya zamanı əsasən O- və C- alkilləşmə gedir və Vaqner-Meyerveyn yenidən qruplaşması baş verir. Oksiranların müxtəlif nukleofil reagentlərlə qarşılıqlı reaksiyası nəticəsində bir sıra bioloji xassəyə malik olan çoxfunksiyalı birləşmələr alınmış və onların farmakoloji sınağı nəticəsində psixotrop, sedativ, antimikrob, ürək-damar və şiş mualicəsi üçün bir sıra preparatlar aşkar edilmişdir. Həmçinin onun rəhbərliyi ilə sintez edilmiş birləşmələr arasında plastifikator, stabilizator və korroziyanın qarşısını alan inhibitor xassəsinə malik birləşmələr müəyyən edilmişdir. R.Babaxanov 200-ə yaxın əsərin, o cümlədən 32 müəlliflik şəhadətnaməsinin və 1 monoqrafiyanın müəllifidir. Onun rəhbərdliyi ilə 2 elmlər doktoru və 18 fəlsəfə doktoru müdafiə etmişdir. AMEA-nın müxbir üzvü Rauf Babaxanov 1992-ci ildə Bakıda vəfat etmişdi |
|
(1929-1992) |