Həsənov Tofiq Abdulla oğlu

T.Həsənov 1921-ci ildə Bakı şəhərində anadan ol­muşdur. 1938-ci ildə Azər­baycan Neft Səna­ye İnsti­tutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Uni­versiteti) Geoloji-kəşfiyyat fakül­təsi­nə daxil olmuş, Böyük Vətən müha­ribəsi illə­rində Sovet Ordusu sıralarında qulluq et­məsi ilə əlaqədar təhsili yarımçıq qalmış­dır. 1948-ci ildə mühəndis-geoloq ixtisası üzrə həmin institutu  bitirmişdır.

T.Həsənov 1954-cü ildə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1967-ci ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini almış, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasınının (AMEA) müxbir üzvü seçil­mişdir.

1946-1951-ci illərdə Azərbaycan Geologiya İdarəsinin çöl ekspedisi­yala­rında kollektor, SSRİ Elmlər Akademiyası Neft Ekspedisiyasında baş geoloq və­zi­fələrində işləmişdir. 1951-1954-cü illərdə Azərbaycan Elmlər Akademiyası­nın (AEA) Geologiya İnsti­tutunun (indiki Geologiya və Geo­fizika İnstitutu) aspi­ranturasında təhsil almışdır. Onun elmi fəaliyyəti Azər­baycanın Yura çöküntü­lərinin stratiq­rafiyası və paleontologiyasının öyrənil­məsi ilə bağlı olmuşdır. O, ilk dəfə Şəmkir antiklinoriyasının Alt Yura çökün­tülərinin və Kiçik Qafqazın şərq hissəsinin Orta Yura yaşlı vulkanogen, piroplastik çökün­tülərinin biostra­ti­qra­fik bölgüsünü vermişdir. Kiçik Qaf­qa­zın şərq hissəsi və Naxçıvanın Trias və Alt-orta Yura çökün­tülərinin yerli və regional stratiqrafik sxemlərinin tərti­batçısı olmuşdur. O, Böyük Qafqazın cənub yamacında Filizçay polimetal yata­ğının Plinsbax yaşlı olmasını müəyyən etmiş, həmçinin dünya okeanının bioloji və geofiziki tədqiqi ilə məşğul olan elmi ekspedisiyalarda iştirak etmişdir. O, 1979-1980-ci illərdə Saxalin Kompleks Elmi Tədqiqat İnstitutunun proqramı ilə Sakit okean və adalarda aparılan kompleks tədqiqat işlərinə – “Peqas” elmi tədqiqat gəmi­sinə dəvət olunmuşdur. Tədqiqatlar Sakit okeanın bəzi adalarının vulka­no­gen təbiətli olması (Fici, Kermadek, Tonqo) və okeanda yaşayan mər­can­ların temperatur göstəricilərinə aid olmuşdur.

T.Həsənov 1982-ci ildə də AEA-nın “Elm” gəmisində Dünya okeanla­rında apar­­dığı elmi tədqiqatları davam etdirmiş, Amur çayı hövzəsində, Yapon, Şərqi və Cənubi Çin dənizlərində, Hind okeanında, Kolombo, Sin­qa­pur və Xabarovsk şəhərləri ətrafında elmi tədqiqat işləri apararaq mühüm nəticələr əldə etmiş­dir. T.Həsənov Azər­baycan Paleontologiya Cəmiyyətinin  yaradıcılarından biri və pre­zidenti olmuşdur. O, geologiya elminin tarixi məsələlərilə də məşğul olmuşdur. 1999-cu ildən H.Zərdabi adına Təbiət Tarixi Muzeyinin direk­toru olmuşdur.

T.Həsənov 250-yə yaxın elmi məqalənin, o cümlədən 8 monoqra­fiyanın  müəl­lifidir.

T.Həsənov çoxillik məhsuldar elmi-təşkilati və pedaqoji fəaliyyətinə görə dövlət tərəfindən müxtəlif medallarla təltif edilmişdir. Böyük Vətən Müharibəsi iştirakçısı kimi 1944-cü ildə “Qafqazın müdafiəsinə görə”, 1970-ci ildə “Rəşa­dət­li əməyə görə”, “Əmək vete­ranı” və 1965, 1970, 1975, 1985-ci illərdə səmə­rəli fəaliyyətinə görə müxtəlif medallarla, SSRİ neft sənayesinin “Sosialist yarışı əlaçısı” döş nişanı və bir neçə Fəxri Fərmanla təltif olunmuşdur.

AMEA-nın müxbir üzvü Tofiq Həsənov 2005-ci ildə Bakıda vəfat etmişdir.

(1921-2005)