T.Həsənov 1921-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1938-ci ildə Azərbaycan Neft Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakültəsinə daxil olmuş, Böyük Vətən müharibəsi illərində Sovet Ordusu sıralarında qulluq etməsi ilə əlaqədar təhsili yarımçıq qalmışdır. 1948-ci ildə mühəndis-geoloq ixtisası üzrə həmin institutu bitirmişdır.
T.Həsənov 1954-cü ildə geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1967-ci ildə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini almış, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasınının (AMEA) müxbir üzvü seçilmişdir. 1946-1951-ci illərdə Azərbaycan Geologiya İdarəsinin çöl ekspedisiyalarında kollektor, SSRİ Elmlər Akademiyası Neft Ekspedisiyasında baş geoloq vəzifələrində işləmişdir. 1951-1954-cü illərdə Azərbaycan Elmlər Akademiyasının (AEA) Geologiya İnstitutunun (indiki Geologiya və Geofizika İnstitutu) aspiranturasında təhsil almışdır. Onun elmi fəaliyyəti Azərbaycanın Yura çöküntülərinin stratiqrafiyası və paleontologiyasının öyrənilməsi ilə bağlı olmuşdır. O, ilk dəfə Şəmkir antiklinoriyasının Alt Yura çöküntülərinin və Kiçik Qafqazın şərq hissəsinin Orta Yura yaşlı vulkanogen, piroplastik çöküntülərinin biostratiqrafik bölgüsünü vermişdir. Kiçik Qafqazın şərq hissəsi və Naxçıvanın Trias və Alt-orta Yura çöküntülərinin yerli və regional stratiqrafik sxemlərinin tərtibatçısı olmuşdur. O, Böyük Qafqazın cənub yamacında Filizçay polimetal yatağının Plinsbax yaşlı olmasını müəyyən etmiş, həmçinin dünya okeanının bioloji və geofiziki tədqiqi ilə məşğul olan elmi ekspedisiyalarda iştirak etmişdir. O, 1979-1980-ci illərdə Saxalin Kompleks Elmi Tədqiqat İnstitutunun proqramı ilə Sakit okean və adalarda aparılan kompleks tədqiqat işlərinə – “Peqas” elmi tədqiqat gəmisinə dəvət olunmuşdur. Tədqiqatlar Sakit okeanın bəzi adalarının vulkanogen təbiətli olması (Fici, Kermadek, Tonqo) və okeanda yaşayan mərcanların temperatur göstəricilərinə aid olmuşdur. T.Həsənov 1982-ci ildə də AEA-nın “Elm” gəmisində Dünya okeanlarında apardığı elmi tədqiqatları davam etdirmiş, Amur çayı hövzəsində, Yapon, Şərqi və Cənubi Çin dənizlərində, Hind okeanında, Kolombo, Sinqapur və Xabarovsk şəhərləri ətrafında elmi tədqiqat işləri apararaq mühüm nəticələr əldə etmişdir. T.Həsənov Azərbaycan Paleontologiya Cəmiyyətinin yaradıcılarından biri və prezidenti olmuşdur. O, geologiya elminin tarixi məsələlərilə də məşğul olmuşdur. 1999-cu ildən H.Zərdabi adına Təbiət Tarixi Muzeyinin direktoru olmuşdur. T.Həsənov 250-yə yaxın elmi məqalənin, o cümlədən 8 monoqrafiyanın müəllifidir. T.Həsənov çoxillik məhsuldar elmi-təşkilati və pedaqoji fəaliyyətinə görə dövlət tərəfindən müxtəlif medallarla təltif edilmişdir. Böyük Vətən Müharibəsi iştirakçısı kimi 1944-cü ildə “Qafqazın müdafiəsinə görə”, 1970-ci ildə “Rəşadətli əməyə görə”, “Əmək veteranı” və 1965, 1970, 1975, 1985-ci illərdə səmərəli fəaliyyətinə görə müxtəlif medallarla, SSRİ neft sənayesinin “Sosialist yarışı əlaçısı” döş nişanı və bir neçə Fəxri Fərmanla təltif olunmuşdur. AMEA-nın müxbir üzvü Tofiq Həsənov 2005-ci ildə Bakıda vəfat etmişdir. |
|
(1921-2005)
|