Hüseynov Mustafa Məmməd oğlu

Hüseynov Mustafa Məmməd oğlu 1928-ci il martın 22-də Şərur rayonunda anadan olmuşdur. Azərbay­can Dövlət Universitetinin Kimya fakül­təsini bitirmiş (1952), sonra Kimya İnstitutunda aspi­ranturaya daxil olmuşdur. Oranı bitirdikdən son­ra Neft İnstitutunda böyük elmi işçi, 1959-1968-ci illərdə Y.Məm­mədəli­yev adına Neft-Kimya Prosesləri İns­titu­tun­da, 1968-1973-ci illərdə NKPİ-nin Sumqayıt fi­lia­­lın­da laboratoriya müdiri işləmiş, 1973-1978-ci illərdə fi­lialın, 1978-1986-cı illərdə Xlor Üzvi Sintez İnstitutunun direk­­toru olmuşdur. 1986-cı ildən Neft-Kimya Proses­ləri İnsti­tu­tunda laboratoriya müdiri vəzifəsin­də çalışmışdır.

Kimya üzrə fəlsəfə doktoru (1957), elmlər doktoru (1963) elmi dərə­cəsini, professor (1966) elmi adını almış, Azərbay­can SSR EA-nın müxbir üzvü secil­mişdir (1980).

M.Hüseynovun əsas elmi işləri “qaynar” layda xlor üzvi birləşmələrin sintezi və onların əsa­sında yüksək istiliyə və odadavamlı polimer mad­də­lərinin alın­ması və tətbiqinə həsr edilmişdir. Müxtəlif karbohidrogenlərin oksi­xlor­laşması, aromatik karbohidrogenlərin alkilləşməsi, diyen reaksiyalarının öyrənilməsi və perspektivli istiqamətlərinin elmi əsaslarının işlənib hazır­lanması M.Hüsey­nova məxsusdur. Onun rəhbərliyi ilə 10 texnoloji proses sənayedə tətbiq olun­muşdur.

M.Hüseynov 1 monoqrafiyanın, 260 müəlliflik şəhadətnaməsinin,   500-dən artıq elmi əsərin müəllifidir. Onun rəhbərliyi altında 90 fəlsəfə və 10 doktorluq dissertasiyası mü­da­fiə edilmişdir.

M.Hüseynov  1960-cı ildən Azərbaycan Dövlət Neft Akademiyasında profes­sor vəzi­fəsində çalışmış, dəfələrlə Beynəlxalq və Ümumittifaq konfrans və konqreslərdə çıxış etmişdir.

Əməkdar elm хadimi adına layiq görülmüş, 1973-cü ildə Sumqayıt Şəhər Sovetinin deputatı, AEA Kimya Elmləri Bölməsinin büro üzvü və İxtisas­laşdı­rılmış Elmi Şuranın üzvü olmuşdur. “SSRİ ixtiraçısı” döş nişanı, “Əmək veteranı” me­dalı ilə təltif edilmişdir.

AMEA-nın müxbir üzvü Mustafa Hüseynov 1991-ci ildə Bakıda vəfat etmişdir.

(1928-1991)