Hüseynov Mustafa Məmməd oğlu 1928-ci il martın 22-də Şərur rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirmiş (1952), sonra Kimya İnstitutunda aspiranturaya daxil olmuşdur. Oranı bitirdikdən sonra Neft İnstitutunda böyük elmi işçi, 1959-1968-ci illərdə Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda, 1968-1973-ci illərdə NKPİ-nin Sumqayıt filialında laboratoriya müdiri işləmiş, 1973-1978-ci illərdə filialın, 1978-1986-cı illərdə Xlor Üzvi Sintez İnstitutunun direktoru olmuşdur. 1986-cı ildən Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışmışdır. Kimya üzrə fəlsəfə doktoru (1957), elmlər doktoru (1963) elmi dərəcəsini, professor (1966) elmi adını almış, Azərbaycan SSR EA-nın müxbir üzvü secilmişdir (1980). M.Hüseynovun əsas elmi işləri “qaynar” layda xlor üzvi birləşmələrin sintezi və onların əsasında yüksək istiliyə və odadavamlı polimer maddələrinin alınması və tətbiqinə həsr edilmişdir. Müxtəlif karbohidrogenlərin oksixlorlaşması, aromatik karbohidrogenlərin alkilləşməsi, diyen reaksiyalarının öyrənilməsi və perspektivli istiqamətlərinin elmi əsaslarının işlənib hazırlanması M.Hüseynova məxsusdur. Onun rəhbərliyi ilə 10 texnoloji proses sənayedə tətbiq olunmuşdur. M.Hüseynov 1 monoqrafiyanın, 260 müəlliflik şəhadətnaməsinin, 500-dən artıq elmi əsərin müəllifidir. Onun rəhbərliyi altında 90 fəlsəfə və 10 doktorluq dissertasiyası müdafiə edilmişdir. M.Hüseynov 1960-cı ildən Azərbaycan Dövlət Neft Akademiyasında professor vəzifəsində çalışmış, dəfələrlə Beynəlxalq və Ümumittifaq konfrans və konqreslərdə çıxış etmişdir. Əməkdar elm хadimi adına layiq görülmüş, 1973-cü ildə Sumqayıt Şəhər Sovetinin deputatı, AEA Kimya Elmləri Bölməsinin büro üzvü və İxtisaslaşdırılmış Elmi Şuranın üzvü olmuşdur. “SSRİ ixtiraçısı” döş nişanı, “Əmək veteranı” medalı ilə təltif edilmişdir. AMEA-nın müxbir üzvü Mustafa Hüseynov 1991-ci ildə Bakıda vəfat etmişdir. |
|
(1928-1991) |