Hüseynov Nazim Müseyib oğlu

Hüseynov Nazim Müseyib oğlu1929-cu il noyabrın 16-da Tovuz şəhə­rin­də ana­dan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu neft və qazın texnologi­yası ixtisası üzrə bitirmişdir (1953).

1962-ci ildə texnika üzrə fəlsəfə dok­toru, 1975-ci ildə texnika üzrə elmlər dok­toru, 1985-ci ildə professor elmi adını almışdır. Azər­baycan SSR EA-nın müxbir üzvü seçilmişdir (1980).

N.Hüseynov Azərbaycan EA Neft-Kim­ya Prosesləri İnstitutunda baş mühəndis (1964-1967), direktor müavini (1967-1982) və labo­ra­toriya müdiri, Azərbaycan EA Kimya Elmləri Bölməsinin akade­mik-kati­binin müavini (1980-1982), Təbii Qazın İşlənməsi və Nəqliy­yata Hazırlanması üzrə Ümumittifaq Elmi Tədqiqat və Layihə İnstitutunun direk­toru (1982-1988), həmin institutun Təbii qaz kompo­nentlərinin kimyəvi iş­lən­məsi labo­ratoriyasının rəhbəri vəzifələrində çalışmış­dır (1982-1998).

Elmi əsərləri heterogen kataliz və kimyəvi texnologiya sahəsinə həsr edil­mişdir.

N.Hüseynovun rəhbərliyi ilə yeni texnoloji sistemlər və reaksiya qur­ğuları, vacib monomerlərin sintezi, katalizatorlar və proseslər sahəsində ge­niş funda­mental tədqiqatlar aparılmış, kimyəvi texnologiyanın nəzəri əsas­ları inkişaf etdirilərək hərəkət edən axınlı universal texnoloji sistem yaradıl­mış­dır. Etilen, propilen oksidləri, malein anhidridi, formaldehid, allilxlorid, kü­kürd alınması prosesləri xaricdə patentləşdirilmişdir.

N.Hüseynov mikro və makro kinetik qanunauyğunluqlar əsasında konkret kim­yəvi reaksiya üçün optimal kontakt aparatlarının seçilməsi və hesabı nəzə­riyyəsini yaratmış, yeni kontakt prinsipli qalxan və düşən axınlı reaksiya qur­ğularının bir neçə modelini işləyib hazırlamışdır.

N.Hüseynov və onun həmkarları tərəfindən etilen oksidin alınması üçün yük­sək effektli proses yaradılmış və bu prosesə 10 xarici ölkədə patent alın­mışdır.

Onun elmi tədqiqatlarının nəticələri 150 elmi əsər, 35 patent, 30 müəl­liflik şəhadətnaməsində öz əksini tapmışdır. Onun rəhbərliyi ilə 20 fəlsəfə dok­toru hazırlanmışdır.

N.Hüseynov dəfələrlə ABŞ, İngiltərə, Yaponiya, Türkiyə, Yuqosla­vi­ya, Kore­ya Xalq Demokratik Respublikası kimi xarici ölkələrdə elmi məru­zələrlə çıxış etmişdir.

N.Hüseynov Azərbaycan EA Patent-Lisenziya Elmi Şurasının sədri, Respub­lika İxtiraçılıq və Səmərələşdiricilik Cəmiyyətinin rəhbəri, Azərbay­can EA Y.Məm­mədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Bilik” cəmiyyəti­nin sədri olmuşdur.

N.Hüseynov Azərbaycan, Kuba, Yuqoslaviya kimi ölkələrin mükafat­larını almış, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və medalla təltif olunmuş, SSRİ “Qaz sənayesinin şərəfli işçisi” adına layiq görülmüşdür.

AMEA-nın müxbir üzvü Nazim Hüseynov 2010-cu ildə Bakıda vəfat etmişdir.

 (1929-2010)