Hüseynov Nazim Müseyib oğlu1929-cu il noyabrın 16-da Tovuz şəhərində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu neft və qazın texnologiyası ixtisası üzrə bitirmişdir (1953). 1962-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1975-ci ildə texnika üzrə elmlər doktoru, 1985-ci ildə professor elmi adını almışdır. Azərbaycan SSR EA-nın müxbir üzvü seçilmişdir (1980). N.Hüseynov Azərbaycan EA Neft-Kimya Prosesləri İnstitutunda baş mühəndis (1964-1967), direktor müavini (1967-1982) və laboratoriya müdiri, Azərbaycan EA Kimya Elmləri Bölməsinin akademik-katibinin müavini (1980-1982), Təbii Qazın İşlənməsi və Nəqliyyata Hazırlanması üzrə Ümumittifaq Elmi Tədqiqat və Layihə İnstitutunun direktoru (1982-1988), həmin institutun Təbii qaz komponentlərinin kimyəvi işlənməsi laboratoriyasının rəhbəri vəzifələrində çalışmışdır (1982-1998). Elmi əsərləri heterogen kataliz və kimyəvi texnologiya sahəsinə həsr edilmişdir. N.Hüseynovun rəhbərliyi ilə yeni texnoloji sistemlər və reaksiya qurğuları, vacib monomerlərin sintezi, katalizatorlar və proseslər sahəsində geniş fundamental tədqiqatlar aparılmış, kimyəvi texnologiyanın nəzəri əsasları inkişaf etdirilərək hərəkət edən axınlı universal texnoloji sistem yaradılmışdır. Etilen, propilen oksidləri, malein anhidridi, formaldehid, allilxlorid, kükürd alınması prosesləri xaricdə patentləşdirilmişdir. N.Hüseynov mikro və makro kinetik qanunauyğunluqlar əsasında konkret kimyəvi reaksiya üçün optimal kontakt aparatlarının seçilməsi və hesabı nəzəriyyəsini yaratmış, yeni kontakt prinsipli qalxan və düşən axınlı reaksiya qurğularının bir neçə modelini işləyib hazırlamışdır. N.Hüseynov və onun həmkarları tərəfindən etilen oksidin alınması üçün yüksək effektli proses yaradılmış və bu prosesə 10 xarici ölkədə patent alınmışdır. Onun elmi tədqiqatlarının nəticələri 150 elmi əsər, 35 patent, 30 müəlliflik şəhadətnaməsində öz əksini tapmışdır. Onun rəhbərliyi ilə 20 fəlsəfə doktoru hazırlanmışdır. N.Hüseynov dəfələrlə ABŞ, İngiltərə, Yaponiya, Türkiyə, Yuqoslaviya, Koreya Xalq Demokratik Respublikası kimi xarici ölkələrdə elmi məruzələrlə çıxış etmişdir. N.Hüseynov Azərbaycan EA Patent-Lisenziya Elmi Şurasının sədri, Respublika İxtiraçılıq və Səmərələşdiricilik Cəmiyyətinin rəhbəri, Azərbaycan EA Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun “Bilik” cəmiyyətinin sədri olmuşdur. N.Hüseynov Azərbaycan, Kuba, Yuqoslaviya kimi ölkələrin mükafatlarını almış, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı və medalla təltif olunmuş, SSRİ “Qaz sənayesinin şərəfli işçisi” adına layiq görülmüşdür. AMEA-nın müxbir üzvü Nazim Hüseynov 2010-cu ildə Bakıda vəfat etmişdir. |
|
(1929-2010) |