Qədirzadə Hacı Qadir İbrahim oğlu

Azərbaycan Milli Elmlər Aka­de­mi­ya­sı­nın müxbir üzvü Hacı Qadir İb­ra­him oğlu Qədirzadə 20 may 1948-ci ildə Nax­çıvan Mux­tar Respublikasının Naxçıvan (indiki Babək) ra­yonunun Cəhri kəndində doğul­muş­dur. O, 1966-cı ildə orta mək­təbi, 1971-ci ildə Azər­bay­can Pedaqoji İnstitutunun Naxçıvan Filia­lı­nın Tarix fa­kültəsini fərq­lən­mə diplomu ilə bi­tirmiş və Cəhri kəndində müəllim kimi əmək fəa­liyyətinə başlamışdır.

Hacı Qadir Qədirzadə 1975-ci ildən AEA Naxçıvan Elmi Mər­kəzində kiçik el­mi işçi vəzifəsində ça­lış­ma­ğa baş­lamışdır. 1976-1978, 1983-cü il­lər­də Moskva şəhərində, SSRİ EA Etno­qra­fiya İns­titutunda ixtisasartırma keçmiş, 1983-cü il­də həmin İnstitutda “Azər­baycanlılarda müasir kənd ailəsi (Nax­çı­van MSSR ma­te­rial­ları əsasında)” mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə doktoru, 2004-cü ildə “Ailə və məişətlə bağlı adətlər, inam­lar, etno­ge­ne­tik əlaqələr (Nax­çıvan Mux­tar Respublikası materialları əsasında)” möv­zu­sun­da dissertasiya müda­fiə edərək elmlər doktoru elmi adını almışdır. 2007-ci ildə Azər­­baycan Milli Elmlər Aka­de­mi­ya­sının müx­bir üzvü seçilmişdir.

Hacı Qadir Qədirzadə 1986-cı ildə SSRİ PEA Tərbiyənin Ümu­mi Problemləri İnstitutunda “Xalq Oyun­la­rı Şurası”nın üzvü seçilmiş, 2006-cı ildə ABŞ-ın Dallas şəhərinin meri tərəfindən bu şə­hərin Fəxri Vətəndaşı adına layiq gö­rül­müş­dür. 2009-cu ildə “Tərəqqi” medalı ilə təltif olun­muş­dur.

Hacı Qadir Qədirzadə 40 ilə yaxın Akademiya sistemində çalışmışdır. O, 1979-1991-ci il­lər­də Naxçıvan Regional Elm Mərkəzində Arxeologiya, Etno­qrafiya və Folklor şöbə­si­nə rəh­bərlik etmiş, 1992-2002-ci illərdə Nax­çı­van Regional Elm Mərkə­zində elmi işlər üzrə di­rektor müavini, Azərbaycan Milli Elmlər Aka­de­­mi­ya­sı Nax­­çıvan Böl­mə­sinin Tarix, Et­no­qra­fiya və Ar­xeologiya İns­ti­tu­tun­da elmi işlər üzrə direk­tor müavini və­zi­fə­sində çalışmışdır.

Hacı Qadir Qədirzadə Rusiya, Uk­ray­na, Be­larus, Qazaxıstan, Gür­cüstan, Ma­ca­rıstan, ABŞ, Türkiyə və İranda keçirilən bir sıra bey­nəl­xalq qurultay, konfrans və sim­po­zium­lar­da, elmi tədbirlər­də məruzələrlə çıxış etmiş­dir.

Hacı Qadir Qədirzadə “Əshabi-Kəhf: mü­qəddəslik, tarixilik, inamların gene­zisi”, “Ailə və məişətlə bağlı adətlər, inamlar, et­no­ge­netik əlaqələr”, “Tanrı hü­zuruna gedən yol”, “Həzrəti-İnsan”, “Adetler, inam­lar, türk­lerin soy kütüğü me­selesi”, “Cəhri­çay vadisi”, “Nuh peyğəmbər, Dünya tufanı və Naxçıvan”, “Nax­çıvan abidələri ensik­lo­pe­diyası (müəl­lif­lər heyəti)”, “Tür­kün müa­li­cəsi Türkə­çarə (həm­müəllifli)”, “Naxçı­va­nın Tarixi Atlası (həm­müəllifli)”, “Nax­çı­van: Nuh baba Türk Ata­dan gələn yol”, “Mil­li mətbəx və qonaq­pər­vərlik”, “Milli mənəvi dəyərlərimiz”, “Nax­çıvan tarixi”, 3 cilddə, I cild (müəlliflər he­yəti)”, “Qədim Ordu­bad” (həmmüəllifli) ki­tab­larının, 150-dən çox elmi, 100-dən artıq el­mi-kütləvi mə­qa­lə­nin müəllifidir.

Hacı Qadir Qədirzadə 8 mart 2018-ci ildə vəfat etmişdir. 

             (1948-2018)