Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Hacı Qadir İbrahim oğlu Qədirzadə 20 may 1948-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan (indiki Babək) rayonunun Cəhri kəndində doğulmuşdur. O, 1966-cı ildə orta məktəbi, 1971-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan Filialının Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və Cəhri kəndində müəllim kimi əmək fəaliyyətinə başlamışdır. Hacı Qadir Qədirzadə 1975-ci ildən AEA Naxçıvan Elmi Mərkəzində kiçik elmi işçi vəzifəsində çalışmağa başlamışdır. 1976-1978, 1983-cü illərdə Moskva şəhərində, SSRİ EA Etnoqrafiya İnstitutunda ixtisasartırma keçmiş, 1983-cü ildə həmin İnstitutda “Azərbaycanlılarda müasir kənd ailəsi (Naxçıvan MSSR materialları əsasında)” mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə doktoru, 2004-cü ildə “Ailə və məişətlə bağlı adətlər, inamlar, etnogenetik əlaqələr (Naxçıvan Muxtar Respublikası materialları əsasında)” mövzusunda dissertasiya müdafiə edərək elmlər doktoru elmi adını almışdır. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Hacı Qadir Qədirzadə 1986-cı ildə SSRİ PEA Tərbiyənin Ümumi Problemləri İnstitutunda “Xalq Oyunları Şurası”nın üzvü seçilmiş, 2006-cı ildə ABŞ-ın Dallas şəhərinin meri tərəfindən bu şəhərin Fəxri Vətəndaşı adına layiq görülmüşdür. 2009-cu ildə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Hacı Qadir Qədirzadə 40 ilə yaxın Akademiya sistemində çalışmışdır. O, 1979-1991-ci illərdə Naxçıvan Regional Elm Mərkəzində Arxeologiya, Etnoqrafiya və Folklor şöbəsinə rəhbərlik etmiş, 1992-2002-ci illərdə Naxçıvan Regional Elm Mərkəzində elmi işlər üzrə direktor müavini, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. Hacı Qadir Qədirzadə Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Gürcüstan, Macarıstan, ABŞ, Türkiyə və İranda keçirilən bir sıra beynəlxalq qurultay, konfrans və simpoziumlarda, elmi tədbirlərdə məruzələrlə çıxış etmişdir. Hacı Qadir Qədirzadə “Əshabi-Kəhf: müqəddəslik, tarixilik, inamların genezisi”, “Ailə və məişətlə bağlı adətlər, inamlar, etnogenetik əlaqələr”, “Tanrı hüzuruna gedən yol”, “Həzrəti-İnsan”, “Adetler, inamlar, türklerin soy kütüğü meselesi”, “Cəhriçay vadisi”, “Nuh peyğəmbər, Dünya tufanı və Naxçıvan”, “Naxçıvan abidələri ensiklopediyası (müəlliflər heyəti)”, “Türkün müalicəsi Türkəçarə (həmmüəllifli)”, “Naxçıvanın Tarixi Atlası (həmmüəllifli)”, “Naxçıvan: Nuh baba Türk Atadan gələn yol”, “Milli mətbəx və qonaqpərvərlik”, “Milli mənəvi dəyərlərimiz”, “Naxçıvan tarixi”, 3 cilddə, I cild (müəlliflər heyəti)”, “Qədim Ordubad” (həmmüəllifli) kitablarının, 150-dən çox elmi, 100-dən artıq elmi-kütləvi məqalənin müəllifidir. Hacı Qadir Qədirzadə 8 mart 2018-ci ildə vəfat etmişdir. |
|
(1948-2018)
|