Orucov Sabit Atababa oğlu

S.Orucov 1912-ci il mayın 30-da Bakı­da anadan olmuşdur. 1929-1931-ci illərdə orta məktəb­də dərs demiş, 1931-1936-cı illər­də  Azərbaycan Neft Səna­yesi İnsti­tutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) oxu­muşdur.

S.Orucov 1940-cı ildə texnika üzrə fəl­səfə doktoru, 1961-ci ildə texnika üzrə elmlər doktoru elmi dərəcələrini, professor elmi adını almış, 1967-ci ildə Azər­baycan Elmlər Akademiyasının (AEA) müxbir üzvü seçilmişdir.

S.Orucov 1936-1946-cı illərdə kompres­sor təsərrüfatında mexanik, neft­çı­xarma ustası, Suraxanı mədənlərində direktor olmuşdur. "Ordconikidze­neft"in idarə rəisi, "Azərneftkombinat"da qazma üzrə rəis müavini, "Azneft­də" baş mü­hən­dis işləmişdir.

S.Orucov Böyük Vətən Müharibəsinin iştrakçısı olmuşdur.

1949-1953 və 1955-1957-ci illərdə SSRİ Neft Sənayesi nazirinin müavini, 1957-1959-ci illərdə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının sədri və Azər­baycan SSR Nazirlər Sovetinin sədr müavini, 1959-1962-ci illərdə SSRİ Nazirlər Soveti nəzdində Azərbaycan SSR Nazirlər Sovetinin daimi nümayəndəsi, 1962-1965-ci illərdə SSRİ Kimya, Neft və Yanacaq Sənayesi Dövlət Komitəsinin sədr müavini, SSRİ Dövlət Plan Komitəsi nəzdində Dövlət Neftçıxarma Sənayesi Komitəsi sədrinin 1-ci müavini və 1965-1972-ci illərdə SSRİ Neftçıxarma (neft­hasilatı) və Neft Sənayesi nazirinin 1-ci müavini vəzifələrində işləmişdir. Alim 1972-1981-ci illərdə SSRİ Qaz Sənayesi naziri olmuşdur.

S.Orucov dəfələrlə Azərbaycan və SSRİ Ali Sovetlərinə deputat seçil­mişdir.

S.Orucov neft və qaz yataqlarının işlənməsi sahəsində tədqiqat işləri apar­mış, hava vurmaqla (aerasiya) dərin neft quyularının mənim­sənilməsi üsulunu işləyib hazırlamış, dəniz neft yataqlarının, o cümlədən, Neft Daşlarındakı yataq­ların kəşfi və mənim­sənilməsində bilavasitə iştirak etmiş və bir sıra iri bloklu dəniz-buruq əsaslarının konstruksiyasını təklif etmişdir. Onun fəal iştirakı ilə Qərbi Sibir, Orenburq vilayəti, Türkmə­nistan və Özbəkistanda neft və qaz ya­taq­ları istismara verilmişdir.

S.Orucov Xəzər dəniz neft yataqlarında, xüsusilə də Neft Daşlarında neft çıxarılmasına böyük əmək sərf etmişdir.

S.Orucovun SSRİ qaz sənayesinin inkişafında böyük xidmətləri olmuşdur. Xüsusilə Sibirdə qaz sənayesinin inkişafına diqqət yetirmişdir. SSRİ Neft Komi­tə­sinin sədri və dünya neft konqres­lərinin sədr müavini seçilmişdir.

200-dən artıq elmi əsərin, o cümlədən 10 monoqrafiyanın müəllifi olmuşdur.

S.Orucov 1950-ci və 1951-ci illərdə iki dəfə SSRİ Dövlət Mükafatı, 1970-ci ildə Lenin Mükafatı laureatı olmuşdur, 1964-cü ildə Əməkdar elm və texnika xadimi, 1980-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Urenqoy neft-qaz hasilatı idarəsinin istehsalat birliyi və bir sərnişin gəmisi onun adını daşıyır.

AMEA-nın müxbir üzvü Sabit Orucov 1981-ci ildə Moskvada vəfat etmişdir.

(1912-1981)