S.Orucov 1912-ci il mayın 30-da Bakıda anadan olmuşdur. 1929-1931-ci illərdə orta məktəbdə dərs demiş, 1931-1936-cı illərdə Azərbaycan Neft Sənayesi İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) oxumuşdur.
S.Orucov 1940-cı ildə texnika üzrə fəlsəfə doktoru, 1961-ci ildə texnika üzrə elmlər doktoru elmi dərəcələrini, professor elmi adını almış, 1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) müxbir üzvü seçilmişdir. S.Orucov 1936-1946-cı illərdə kompressor təsərrüfatında mexanik, neftçıxarma ustası, Suraxanı mədənlərində direktor olmuşdur. "Ordconikidzeneft"in idarə rəisi, "Azərneftkombinat"da qazma üzrə rəis müavini, "Azneftdə" baş mühəndis işləmişdir. S.Orucov Böyük Vətən Müharibəsinin iştrakçısı olmuşdur. 1949-1953 və 1955-1957-ci illərdə SSRİ Neft Sənayesi nazirinin müavini, 1957-1959-ci illərdə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının sədri və Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini, 1959-1962-ci illərdə SSRİ Nazirlər Soveti nəzdində Azərbaycan SSR Nazirlər Sovetinin daimi nümayəndəsi, 1962-1965-ci illərdə SSRİ Kimya, Neft və Yanacaq Sənayesi Dövlət Komitəsinin sədr müavini, SSRİ Dövlət Plan Komitəsi nəzdində Dövlət Neftçıxarma Sənayesi Komitəsi sədrinin 1-ci müavini və 1965-1972-ci illərdə SSRİ Neftçıxarma (nefthasilatı) və Neft Sənayesi nazirinin 1-ci müavini vəzifələrində işləmişdir. Alim 1972-1981-ci illərdə SSRİ Qaz Sənayesi naziri olmuşdur. S.Orucov dəfələrlə Azərbaycan və SSRİ Ali Sovetlərinə deputat seçilmişdir. S.Orucov neft və qaz yataqlarının işlənməsi sahəsində tədqiqat işləri aparmış, hava vurmaqla (aerasiya) dərin neft quyularının mənimsənilməsi üsulunu işləyib hazırlamış, dəniz neft yataqlarının, o cümlədən, Neft Daşlarındakı yataqların kəşfi və mənimsənilməsində bilavasitə iştirak etmiş və bir sıra iri bloklu dəniz-buruq əsaslarının konstruksiyasını təklif etmişdir. Onun fəal iştirakı ilə Qərbi Sibir, Orenburq vilayəti, Türkmənistan və Özbəkistanda neft və qaz yataqları istismara verilmişdir. S.Orucov Xəzər dəniz neft yataqlarında, xüsusilə də Neft Daşlarında neft çıxarılmasına böyük əmək sərf etmişdir. S.Orucovun SSRİ qaz sənayesinin inkişafında böyük xidmətləri olmuşdur. Xüsusilə Sibirdə qaz sənayesinin inkişafına diqqət yetirmişdir. SSRİ Neft Komitəsinin sədri və dünya neft konqreslərinin sədr müavini seçilmişdir. 200-dən artıq elmi əsərin, o cümlədən 10 monoqrafiyanın müəllifi olmuşdur. S.Orucov 1950-ci və 1951-ci illərdə iki dəfə SSRİ Dövlət Mükafatı, 1970-ci ildə Lenin Mükafatı laureatı olmuşdur, 1964-cü ildə Əməkdar elm və texnika xadimi, 1980-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Urenqoy neft-qaz hasilatı idarəsinin istehsalat birliyi və bir sərnişin gəmisi onun adını daşıyır. AMEA-nın müxbir üzvü Sabit Orucov 1981-ci ildə Moskvada vəfat etmişdir. |
|
(1912-1981)
|