Sultanov Hacı Ağabəy Həşim oğlu

Sultanov Hacı Ağabəy Həşim oğlu 1936-cı il fevralın 22-də Bakı şəhərində ana­dan olmuşdur. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirmişdir (1960).

H.Sultanov Moskvadakı Elmi Tədqiqat Psixiatriya İnstitutunda fəlsəfə doktoru (1967) və elmlər doktorluğu (1972) dissertasiyalarını müdafiə etmiş, professor elmi adına layiq görülmüşdür (1973). H.Sultanov Azərbaycan Milli Elmlər Akade­mi­yasının müxbir üzvü seçilmişdir (2007).

H.Sultanov bir müddət Moskva şəhərində Elm-Tədqiqat Psixiatriya İnstitutunda çalışmışdır. Bakı şəhərinə qayıtdıqdan sonra Azərbaycanda psixiatriya tarixində ilk dəfə olaraq “Sosial psixiatriya” mövzusu üzrə geniş miqyaslı təhlillər aparmış, məntiqi elmi nəticələr əldə etmişdir. Alimin bu sahəyə həsr etdiyi elmi əsərləri, dərslik və dərs vəsaitləri Azərbaycanda klinik psixiatriya ilə yanaşı sosial psixiatriyanın da inkişafına güclü təkan vermişdir.

H.Sultanov 1990-cı ildən həyatının sonunadək Azərbaycan Tibb Uni­ver­sitetinin Psixiatriya kafedrasının müdiri vəzifəsində çalışmış, Azərbay­canın baş psixiatrı olmuş­­dur. Onun elmi fəaliyyətinin əsas istiqamətini şizo­freniya xəstəliyinin diaqnos­tikası, klinikası, müalicə üsullarının işlənib ha­zırlanması təşkil etmişdir. Onun təd­qiqat işlərinin nəticələri “Şizofreniyalı xəs­tələrin instinkt aləmin­dəki pozuntuları” adlı monoqrafiyasında və “Psixiat­riya üzrə mühazirələr” (2001-ci il), “Лекции по психиатрии” (1992-ci il, rus dilində), “Психиатрия” (2001-ci il, rus dilində) adlı dərs­liklərində, 8 metodik tövsiyədə öz əksini tapmışdır. H.Sultanov 200-dən çox elmi əsərin, monoqrafiya, dərslik və dərs vəsaitlərinin müəllifi və həmmüəllifi olmuşdur. 50-dən çox elmi əsəri xarici ölkə mətbuatında çap olunmuş və onlara çoxsaylı isti­nadlar edilmişdir. Onun rəhbərliyi və məsləhətçiliyi altında 9 fəlsəfə və 2 elmlər dok­torluğu dissertasiyası müdafiə edilmişdir.

H.Sultanov dünyanın bir çox ölkələrində, o cümlədən Fransada, İspaniyada, İtali­yada, Yaponiyada, Belçikada, ABŞ-da, Kanadada, Türki­yədə, Misirdə, Avstriyada keçiri­lən beynəlxalq konqres, simpozium və konfranslarda elmi məruzələrlə çıxış­lar etmişdir. Bu çıxışların nəticələrinə əsaslanan materiallar hə­min ölkələrin elmi məcmuələrində çap olunaraq, müəllifə beynəlxalq aləmdə layiqli nüfuz qazandır­mışdır.

H.Sultanov elmi-pedaqoji fəaliyyətlə yanaşı, həm də geniş diapazonlu içtimai işlərlə məşğul olmuşdur. O, Birləşmiş Millətlər Təşkilatının Azərbay­can­da psixiat­riya üzrə koordinatoru, Ümumdünya Psixiatrlar Federasiyasının üzvü, Rusiya Tibb Elmləri Akademiyasının Psixi Sağlamlıq üzrə Elmi Şuranın Rəyasət Heyətinin üzvü olmuşdur. Bununla yanaşı o, Rusiyanın İntihara qarşı problem komissiyasının üzvü, Azərbaycan Tibb Universitetin­də psi­xiat­riya, nevrologiya, otorinolarinqologiya və stomatologiya üzrə Müdafiə Şurasının sədri, psixiatriya və nevrologiya üzrə İxti­sas­laşdırılmış problem komissiyasının sədri, Azərbaycan Respublikası elmi biliklərin və texnolo­giyaların etikası üzrə komitənin üzvü, “Azərbaycan Tibb Jurnalı” redak­siya heyətinin üzvü kimi fəaliyyət göstərmişdir.

H.Sultanov iki dəfə Beynəlxalq “Bakılı” Cəmiyyətinin “Humay” mükafatının laureatı (2001 və 2003) olmuş, AR Səhiyyə Nazirliyinin Fəxri Fərmanına (2003-2005), Əmək­dar elm xadimi fəxri adına layiq görü­lmüş, Akademik Yusif Məmmədəliyev adına müka­fatın laureatı olmuş, “Şöhrət” ordeni ilə (2006) təltif edilmişdir.

AMEA-nın müxbir üzvü Hacı Ağabəy Sultanov 2007-ci il iyunun 12-də Bakıda vəfat etmişdir.

 (1936-2007)