Sultanov Hacı Ağabəy Həşim oğlu 1936-cı il fevralın 22-də Bakı şəhərində anadan olmuşdur. N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirmişdir (1960).
H.Sultanov Moskvadakı Elmi Tədqiqat Psixiatriya İnstitutunda fəlsəfə doktoru (1967) və elmlər doktorluğu (1972) dissertasiyalarını müdafiə etmiş, professor elmi adına layiq görülmüşdür (1973). H.Sultanov Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir (2007). H.Sultanov bir müddət Moskva şəhərində Elm-Tədqiqat Psixiatriya İnstitutunda çalışmışdır. Bakı şəhərinə qayıtdıqdan sonra Azərbaycanda psixiatriya tarixində ilk dəfə olaraq “Sosial psixiatriya” mövzusu üzrə geniş miqyaslı təhlillər aparmış, məntiqi elmi nəticələr əldə etmişdir. Alimin bu sahəyə həsr etdiyi elmi əsərləri, dərslik və dərs vəsaitləri Azərbaycanda klinik psixiatriya ilə yanaşı sosial psixiatriyanın da inkişafına güclü təkan vermişdir. H.Sultanov 1990-cı ildən həyatının sonunadək Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının müdiri vəzifəsində çalışmış, Azərbaycanın baş psixiatrı olmuşdur. Onun elmi fəaliyyətinin əsas istiqamətini şizofreniya xəstəliyinin diaqnostikası, klinikası, müalicə üsullarının işlənib hazırlanması təşkil etmişdir. Onun tədqiqat işlərinin nəticələri “Şizofreniyalı xəstələrin instinkt aləmindəki pozuntuları” adlı monoqrafiyasında və “Psixiatriya üzrə mühazirələr” (2001-ci il), “Лекции по психиатрии” (1992-ci il, rus dilində), “Психиатрия” (2001-ci il, rus dilində) adlı dərsliklərində, 8 metodik tövsiyədə öz əksini tapmışdır. H.Sultanov 200-dən çox elmi əsərin, monoqrafiya, dərslik və dərs vəsaitlərinin müəllifi və həmmüəllifi olmuşdur. 50-dən çox elmi əsəri xarici ölkə mətbuatında çap olunmuş və onlara çoxsaylı istinadlar edilmişdir. Onun rəhbərliyi və məsləhətçiliyi altında 9 fəlsəfə və 2 elmlər doktorluğu dissertasiyası müdafiə edilmişdir. H.Sultanov dünyanın bir çox ölkələrində, o cümlədən Fransada, İspaniyada, İtaliyada, Yaponiyada, Belçikada, ABŞ-da, Kanadada, Türkiyədə, Misirdə, Avstriyada keçirilən beynəlxalq konqres, simpozium və konfranslarda elmi məruzələrlə çıxışlar etmişdir. Bu çıxışların nəticələrinə əsaslanan materiallar həmin ölkələrin elmi məcmuələrində çap olunaraq, müəllifə beynəlxalq aləmdə layiqli nüfuz qazandırmışdır. H.Sultanov elmi-pedaqoji fəaliyyətlə yanaşı, həm də geniş diapazonlu içtimai işlərlə məşğul olmuşdur. O, Birləşmiş Millətlər Təşkilatının Azərbaycanda psixiatriya üzrə koordinatoru, Ümumdünya Psixiatrlar Federasiyasının üzvü, Rusiya Tibb Elmləri Akademiyasının Psixi Sağlamlıq üzrə Elmi Şuranın Rəyasət Heyətinin üzvü olmuşdur. Bununla yanaşı o, Rusiyanın İntihara qarşı problem komissiyasının üzvü, Azərbaycan Tibb Universitetində psixiatriya, nevrologiya, otorinolarinqologiya və stomatologiya üzrə Müdafiə Şurasının sədri, psixiatriya və nevrologiya üzrə İxtisaslaşdırılmış problem komissiyasının sədri, Azərbaycan Respublikası elmi biliklərin və texnologiyaların etikası üzrə komitənin üzvü, “Azərbaycan Tibb Jurnalı” redaksiya heyətinin üzvü kimi fəaliyyət göstərmişdir. H.Sultanov iki dəfə Beynəlxalq “Bakılı” Cəmiyyətinin “Humay” mükafatının laureatı (2001 və 2003) olmuş, AR Səhiyyə Nazirliyinin Fəxri Fərmanına (2003-2005), Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, Akademik Yusif Məmmədəliyev adına mükafatın laureatı olmuş, “Şöhrət” ordeni ilə (2006) təltif edilmişdir. AMEA-nın müxbir üzvü Hacı Ağabəy Sultanov 2007-ci il iyunun 12-də Bakıda vəfat etmişdir. |
|
(1936-2007) |