Tahirov Nəriman Cəfəroviç

N.Tahirov 1928-ci ildə Türkmənistanın Aşqabad şəhərində anadan olmuş­dur. 1952-ci ildə Azər­baycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft və qaz quyu­larının istismarı ixtisası üzrə Neft-mədən fa­kül­təsini bitirmişdir.

1957-ci ildə texnika üzrə fəlsəfə dok­toru, 1973-cü ildə texnika üzrə elmlər doktoru elmi dərəcələrini və professor elmi adını almışdır. N.Tahirov 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) müxbir üzvü seçilmişdir.

N.Tahirov institutu bitirdikdən sonra Azərbaycan EA-nın Neft ekspe­disiya­sın­da, Azərbaycan Elmi tədqiqat Neftçıxarma İnstitutunda (AzETNÇİ) və Dərin Neft-Qaz Yataqları Problemi İnstitutunda işləmişdir. O, Azərbaycan Neft Kimya İnstitu­tunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft və qaz yataqları­nın işlənilməsi və istismarı kafed­rasında professor vəzifəsində çalışmışdır.

N.Tahirov neft və qaz yataqlarının işlənilməsi və layların neftveri­mi­nin ar­tırılması sahəsində tanınmış alim olmuşdur. Onun elmi tədqiqat istiqa­mətlə­rinə layın fiziki-kimyası, neft-qaz veriminin artırılmasının yeni üsulları, neft hasilatının intensivləşdirilməsi sahəsində tədqiqatlar, dərində yerləşən layla­rın neft-qaz verimi mexanizminin öyrənilməsi, səthi-molekul­yar və kapilyar ha­disələr sahəsində tədqiqatlar, lay sularının selektiv təcridi üçün hidrotəciredi­ci material qismində istifadə edilən yüksək səmərəli və münasib qiymətli rea­gentlərin tapılması, həmçinin  neft və qaz quyularının quyudibi zonalarının fizi­ki-kimyəvi üsullarla öyrənilməsi mexanizmi daxil­dir. Professor N.Tahirov keç­miş SSRİ məkanında neft-qaz layının fizika və kimyası sahəsində Elmlər Aka­demiyasının yeganə müxbir üzvü olmuşdur.

N.Tahirov neft elmini müxtəlif beynəlxalq elmi konfrans və simpo­zium­larda daim ləyaqətlə təmsil etmişdir. Keçmiş SSRİ Elmlər Akade­mi­yasının Neft və qaz yataqlarının işlənilməsi problemləri üzrə elmi şurasının və Ali Attestasiya Komissiyasının ekspert şurasının, həmçinin Respublikada neft elmi sahəsində dərəcələr verən bir neçə ixtisaslaşdırılmış elmi şuraların, o cümlədən Azər­baycan Elmlər Akademiyasının Elmi Şurasının üzvü olmuş­dur. Azərbaycan Elm­­lər Akademiyasının Yer Elmləri Bölməsi tərə­findən buraxılan “Xəbərlər” jurnalının redaktor müavini olmuşdur.

N.Tahirov 300-dən artıq elmi məqalənin, o cümlədən 5 monoqrafi­ya­nın, ixtira və patentlərə görə 25 müəlliflik şəhadətnaməsinin müəllifi olmuş­dur.

N.Tahirovun rəhbərliyi ilə 3 elmlər doktoru və 25 fəlsəfə doktoru hazırlan­mışdır.

N.Tahirov elmi fəaliyyətinə görə Azərbaycan Respublikası Ali So­ve­tinin Fəxri Fərmanı, “Şərəf nişanı” ordeni və bir sıra medallarla təltif olun­muşdur.

AMEA-nın müxbir üzvü Nəriman Tahirov 1992-ci ildə Bakıda vəfat etmişdir.

(1928-1992)