N.Tahirov 1928-ci ildə Türkmənistanın Aşqabad şəhərində anadan olmuşdur. 1952-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft və qaz quyularının istismarı ixtisası üzrə Neft-mədən fakültəsini bitirmişdir.
1957-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1973-cü ildə texnika üzrə elmlər doktoru elmi dərəcələrini və professor elmi adını almışdır. N.Tahirov 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) müxbir üzvü seçilmişdir. N.Tahirov institutu bitirdikdən sonra Azərbaycan EA-nın Neft ekspedisiyasında, Azərbaycan Elmi tədqiqat Neftçıxarma İnstitutunda (AzETNÇİ) və Dərin Neft-Qaz Yataqları Problemi İnstitutunda işləmişdir. O, Azərbaycan Neft Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Neft və qaz yataqlarının işlənilməsi və istismarı kafedrasında professor vəzifəsində çalışmışdır. N.Tahirov neft və qaz yataqlarının işlənilməsi və layların neftveriminin artırılması sahəsində tanınmış alim olmuşdur. Onun elmi tədqiqat istiqamətlərinə layın fiziki-kimyası, neft-qaz veriminin artırılmasının yeni üsulları, neft hasilatının intensivləşdirilməsi sahəsində tədqiqatlar, dərində yerləşən layların neft-qaz verimi mexanizminin öyrənilməsi, səthi-molekulyar və kapilyar hadisələr sahəsində tədqiqatlar, lay sularının selektiv təcridi üçün hidrotəciredici material qismində istifadə edilən yüksək səmərəli və münasib qiymətli reagentlərin tapılması, həmçinin neft və qaz quyularının quyudibi zonalarının fiziki-kimyəvi üsullarla öyrənilməsi mexanizmi daxildir. Professor N.Tahirov keçmiş SSRİ məkanında neft-qaz layının fizika və kimyası sahəsində Elmlər Akademiyasının yeganə müxbir üzvü olmuşdur. N.Tahirov neft elmini müxtəlif beynəlxalq elmi konfrans və simpoziumlarda daim ləyaqətlə təmsil etmişdir. Keçmiş SSRİ Elmlər Akademiyasının Neft və qaz yataqlarının işlənilməsi problemləri üzrə elmi şurasının və Ali Attestasiya Komissiyasının ekspert şurasının, həmçinin Respublikada neft elmi sahəsində dərəcələr verən bir neçə ixtisaslaşdırılmış elmi şuraların, o cümlədən Azərbaycan Elmlər Akademiyasının Elmi Şurasının üzvü olmuşdur. Azərbaycan Elmlər Akademiyasının Yer Elmləri Bölməsi tərəfindən buraxılan “Xəbərlər” jurnalının redaktor müavini olmuşdur. N.Tahirov 300-dən artıq elmi məqalənin, o cümlədən 5 monoqrafiyanın, ixtira və patentlərə görə 25 müəlliflik şəhadətnaməsinin müəllifi olmuşdur. N.Tahirovun rəhbərliyi ilə 3 elmlər doktoru və 25 fəlsəfə doktoru hazırlanmışdır. N.Tahirov elmi fəaliyyətinə görə Azərbaycan Respublikası Ali Sovetinin Fəxri Fərmanı, “Şərəf nişanı” ordeni və bir sıra medallarla təltif olunmuşdur. AMEA-nın müxbir üzvü Nəriman Tahirov 1992-ci ildə Bakıda vəfat etmişdir. |
|
(1928-1992)
|