Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  Vəfat etmiş həqiqi üzvlər

Allahverdiyev Calal Eyvaz oğlu
Allahverdiyev Cəlal Eyvaz oğlu 1929-cu il sentyabrın 17-də Şuşa şəhərində anadan olmuş, 1951-ci ildə ADU-nu fərqlənmə diplo­mu ilə bi­tir­mişdir. Riya­ziy­yat üzrə fəlsəfə dok­toru (1957), elmlər doktoru (1968) elmi dərə­cə­sini, profes­sor elmi adını (1969) almış, 1972-ci il­də AEA-nın müxbir üzvü, 2001-ci ildə həqiqi üzvü seçil­mişdir. 1956-1960-cı illərdə ADU-da baş müəl­lim, dosent, 1960-cı ildən AEA Hesablama Mər­­kəzində şöbə mü­diri, elmi işlər üzrə direktor müa­vini, 1969-cu ildə AEA Kibernetika İnstitutunda direktor müavini, 1970-1988-ci illərdə direktor olmuşdur. Həmin institutda labo­ratoriya müdiri vəzifəsində, 1988-1994-cü illərdə BDU-nun prorek­toru, 1994-2017-ci illərdə BDU-da kafedra müdiri vəzifəsində çalışmışdır.

C.Allahverdiyev funksional analiz sahəsində mütəxəssisdir. İlk dəfə bir sinif öz-özünə qoşma olmayan və spektral parametrdən polinomial və ya rasional asılı olan operatorlar üçün məxsusi elementlər sisteminin və onun bir hissə­sinin tamlığını araşdırmış, xətti operatorların sonlu ölçülü operator­larla ən yaxşı yaxınlaşması anlayışını vermiş, onun dəqiq ifadəsini tapmış, xətti fəzalar­da elementlər sisteminin çoxqat tamlığı anlayışını vermiş, Banax və Hilbert fəzalarında spektral parametrdən rasional asılı olan operatorlar üçün məxsusi və qoşma elementlər sisteminin tamlığı, bazisliyi haqqında yeni tip teoremlər isbat etmiş, operatorlarin qapana bilməsi, məhdudluğu, tamam kə­silməz olması üçün (multiplikator terminləri ilə) zəruri və kafi şərtlər tapmış, operatorların məxsusi ədədlərinin təqribi hesablanmasına aid mühüm nəticə­lər almışdır. Banax fəzasında optimal biortoqonal sistemlər anlayışını vermiş və Banax fəzalarında kəsilməz operatorlar sinfi ilə tamam kəsilməz operator­lar sinfi arasında yeni abstrakt xətti operatorlar sinfi ol­duğunu müəyyən etmiş, bu sinfə daxil olan operatorlar üçün operatorların baş ədədləri və baş element­ləri anla­yışlarını vermiş, baş ədədlər sisteminin “mini-maks” xassəsinə malik olduğunu isbat etmiş, determinik sistemlərdə optimal idarəetmə, idarəoluna­bilmə və müşahidə olunabilmə məsələlərini araşdırmışdır. Aldığı elmi nəti­cələr “Allah­ver­diyev teoremi”, “Allahver­diye­vin variasiya prinsipi”, “Allah­ver­diyev lem­ması” kimi funkisional analiz və cəbr üzrə xarici ədəbiyyatda yeni nə­­ticələrin alınması üçün istifadə olun­muşdur. Azərbaycanda ilk dəfə stoxas­tik sistemlər­də idarəetmə, optimal idarəetmə sahəsində işlərə başlamış­dır. Həmmüəl­liflə səsvermə qurğusunun ideyasının nəzə­ri əsasını ver­miş və müəlliflik şəhadət­naməsi (Moskva) almışdır. Kompü­ter­lərin iş prinsip­lərinin nəzəri əsaslarının araşdırılması, təkmilləşdirilməsi, Azərbaycan dilinin formal qram­­matikasının yaradılması istiqamətində mü­hüm elmi nəticələr almış, de­duktiv maşında qey­ri-səlis çoxluqların təsviri və deduktiv nəticə alın­masının uyğun mexanizmini vermişdir (tələbələri ilə birlikdə). Beynəlxalq Eko­ener­getika Akademiyasının üzvü olmuşdur.

Elmi rəhbərliyi altında 6 elmlər doktoru, 40-dan çox fəlsəfə doktoru hazır­lanmış, öz elmi məktəbini yaratmışdır. 130-dan çox elmi əsərin müəl­lifidir.

Azərbaycan SSR Dövlət Mükafatına (1972), Əməkdar elm xadimi adına (1981) layiq görülmüşdür.

Akademik, böyük alim Cəlal Allahverdiyev 19 yanvar 2017-ci ildə 87 yaşında Bakı şəhərində vəfat etmişdir.

(1929-2017)