Allahverdiyev Cəlal Eyvaz oğlu 1929-cu il sentyabrın 17-də Şuşa şəhərində anadan olmuş, 1951-ci ildə ADU-nu fərqlənmə diplomu ilə bitirmişdir. Riyaziyyat üzrə fəlsəfə doktoru (1957), elmlər doktoru (1968) elmi dərəcəsini, professor elmi adını (1969) almış, 1972-ci ildə AEA-nın müxbir üzvü, 2001-ci ildə həqiqi üzvü seçilmişdir. 1956-1960-cı illərdə ADU-da baş müəllim, dosent, 1960-cı ildən AEA Hesablama Mərkəzində şöbə müdiri, elmi işlər üzrə direktor müavini, 1969-cu ildə AEA Kibernetika İnstitutunda direktor müavini, 1970-1988-ci illərdə direktor olmuşdur. Həmin institutda laboratoriya müdiri vəzifəsində, 1988-1994-cü illərdə BDU-nun prorektoru, 1994-2017-ci illərdə BDU-da kafedra müdiri vəzifəsində çalışmışdır.
C.Allahverdiyev funksional analiz sahəsində mütəxəssisdir. İlk dəfə bir sinif öz-özünə qoşma olmayan və spektral parametrdən polinomial və ya rasional asılı olan operatorlar üçün məxsusi elementlər sisteminin və onun bir hissəsinin tamlığını araşdırmış, xətti operatorların sonlu ölçülü operatorlarla ən yaxşı yaxınlaşması anlayışını vermiş, onun dəqiq ifadəsini tapmış, xətti fəzalarda elementlər sisteminin çoxqat tamlığı anlayışını vermiş, Banax və Hilbert fəzalarında spektral parametrdən rasional asılı olan operatorlar üçün məxsusi və qoşma elementlər sisteminin tamlığı, bazisliyi haqqında yeni tip teoremlər isbat etmiş, operatorlarin qapana bilməsi, məhdudluğu, tamam kəsilməz olması üçün (multiplikator terminləri ilə) zəruri və kafi şərtlər tapmış, operatorların məxsusi ədədlərinin təqribi hesablanmasına aid mühüm nəticələr almışdır. Banax fəzasında optimal biortoqonal sistemlər anlayışını vermiş və Banax fəzalarında kəsilməz operatorlar sinfi ilə tamam kəsilməz operatorlar sinfi arasında yeni abstrakt xətti operatorlar sinfi olduğunu müəyyən etmiş, bu sinfə daxil olan operatorlar üçün operatorların baş ədədləri və baş elementləri anlayışlarını vermiş, baş ədədlər sisteminin “mini-maks” xassəsinə malik olduğunu isbat etmiş, determinik sistemlərdə optimal idarəetmə, idarəolunabilmə və müşahidə olunabilmə məsələlərini araşdırmışdır. Aldığı elmi nəticələr “Allahverdiyev teoremi”, “Allahverdiyevin variasiya prinsipi”, “Allahverdiyev lemması” kimi funkisional analiz və cəbr üzrə xarici ədəbiyyatda yeni nəticələrin alınması üçün istifadə olunmuşdur. Azərbaycanda ilk dəfə stoxastik sistemlərdə idarəetmə, optimal idarəetmə sahəsində işlərə başlamışdır. Həmmüəlliflə səsvermə qurğusunun ideyasının nəzəri əsasını vermiş və müəlliflik şəhadətnaməsi (Moskva) almışdır. Kompüterlərin iş prinsiplərinin nəzəri əsaslarının araşdırılması, təkmilləşdirilməsi, Azərbaycan dilinin formal qrammatikasının yaradılması istiqamətində mühüm elmi nəticələr almış, deduktiv maşında qeyri-səlis çoxluqların təsviri və deduktiv nəticə alınmasının uyğun mexanizmini vermişdir (tələbələri ilə birlikdə). Beynəlxalq Ekoenergetika Akademiyasının üzvü olmuşdur. Elmi rəhbərliyi altında 6 elmlər doktoru, 40-dan çox fəlsəfə doktoru hazırlanmış, öz elmi məktəbini yaratmışdır. 130-dan çox elmi əsərin müəllifidir. Azərbaycan SSR Dövlət Mükafatına (1972), Əməkdar elm xadimi adına (1981) layiq görülmüşdür. Akademik, böyük alim Cəlal Allahverdiyev 19 yanvar 2017-ci ildə 87 yaşında Bakı şəhərində vəfat etmişdir. |
|
(1929-2017)
|