Cuvarlı Çingiz Mehdi oğlu

Cuvarlı Çingiz Mehdi oglu 1913-cü il mayın 1-də Gəncə şəhərində anadan olmuş­dur. 1936-cı ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) energetika fakültəsini bitir­mişdir.

Energetika üzrə fəlsəfə doktoru (1941), energetika üzrə elmlər doktoru (1950) elmi də­rə­cəsini, professor elmi adını (1952) almış­, 1959-cu ildə AMEA-nın müxbir üzvü, 1962-ci ildə isə həqiqi üzvü seçilmişdir.

1942-1946-cı illərdə Gəncə şəhər elek­trik stansiyasında baş mü­hən­dis və direktor olmuş, 1947-1950-ci illərdə Krjijanovski adına Döv­lət Energetika İns­titutunda çalışmışdır. 1951-1962-ci illərdə Azərbay­can EA Energetika İnstitu­tun­da laboratoriya rəhbəri və direktor vəzifələrində işləmişdir. ADU-nun pro­fessoru (1954-1960), Azərbaycan Sənaye İnstitutunun professoru (1961-1998) olmuş, 1962-1985-ci illərdə AEA Fizika İnsti­tutunda laboratoriya rəhbəri, 1962-1968-ci illərdə AEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölmə­sinin akademik-katibi vəzifələrində çalışmışdır.

Ç.Cuvarlının tədqiqatları qövs boşalmalarının hesabına yaranan ifrat gər­gin­liklər, müxtəlif tezliklərdə işləyən enerji sistemləri ilə sabit cərəyan payla­yıcı qurğularda kommutasiyası zamanı meydana çıxan ferrorezonans ifrat gərginliklərin aradan qaldırılması üçün kompleks tədbirlərin işlənməsi, bərk, maye və qaz halında olan dielektriklərin, elektrik qaz boşalmalarının tədqiqi, güclü elektrik sahələri ilə mate­rialın yüklü zərrəciklərinin qarşılıqlı təsiri, dielek­triklərin və kompo­zisiyalı materialların həcmində və səthində güclü elektrik sahəsinin və qaz boşalmasının təsiri nəticəsində baş verən fiziki-kim­yəvi proseslər, effektiv və ekoloji cəhətdən təmiz texnoloji pro­seslərin köməyi ilə materialların modifikasiyası və bu fiziki hadisələrin elmi əsaslarının inkişaf etdirilməsi, dalğavari proseslərin ədədi hesablanması və riyazi model­ləşdirmə üsulları və s. əhatə edir. Ç.Cuvarlı adsorbentlərin ad­sorb­siya proses­lərinin güc­lü elektrik sahələrinin təsiri ilə intensiv­ləşdirmə üsulunu işləmişdir.

Ç.Cuvarlı yüzlərlə elmi məqalənin, onlarca monoqrafiyanın, ali mək­təblər üçün metodik vəsaitlərin, patentlərin, elmi populyar yazıla­rın, keçmiş SSRİ-nin Enerji Nazirliyi üçün rəhbər-direktiv materialla­rın və bir sıra elmi-kütləvi kitabların müəllifidir.

Ç.Cuvarlının rəhbərliyi və məsləhətçiliyi ilə onlarla elmlər nami­zədi və elmlər doktoru yetişmişdir.

SSRİ, Azər­baycan və Ukrayna Respublikalarının Dövlət mükafat­ları, SSRİ Elmlər Akademiyasının P.N.Yabloçkov adına mükafatının laureatı olmuşdur.

Ç.Cuvarlı Azərbaycan Respublikasının Əməkdar elm xadimi, SSRİ-nin Fəxri energetiki adlarına layiq görülmüşdür.

Akademik Çingiz Cuvarlı 2000-ci ildə Bakıda vəfat etmişdir. 

(1913-2000)