Cuvarlı Çingiz Mehdi oglu 1913-cü il mayın 1-də Gəncə şəhərində anadan olmuşdur. 1936-cı ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) energetika fakültəsini bitirmişdir.
Energetika üzrə fəlsəfə doktoru (1941), energetika üzrə elmlər doktoru (1950) elmi dərəcəsini, professor elmi adını (1952) almış, 1959-cu ildə AMEA-nın müxbir üzvü, 1962-ci ildə isə həqiqi üzvü seçilmişdir. 1942-1946-cı illərdə Gəncə şəhər elektrik stansiyasında baş mühəndis və direktor olmuş, 1947-1950-ci illərdə Krjijanovski adına Dövlət Energetika İnstitutunda çalışmışdır. 1951-1962-ci illərdə Azərbaycan EA Energetika İnstitutunda laboratoriya rəhbəri və direktor vəzifələrində işləmişdir. ADU-nun professoru (1954-1960), Azərbaycan Sənaye İnstitutunun professoru (1961-1998) olmuş, 1962-1985-ci illərdə AEA Fizika İnstitutunda laboratoriya rəhbəri, 1962-1968-ci illərdə AEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi vəzifələrində çalışmışdır. Ç.Cuvarlının tədqiqatları qövs boşalmalarının hesabına yaranan ifrat gərginliklər, müxtəlif tezliklərdə işləyən enerji sistemləri ilə sabit cərəyan paylayıcı qurğularda kommutasiyası zamanı meydana çıxan ferrorezonans ifrat gərginliklərin aradan qaldırılması üçün kompleks tədbirlərin işlənməsi, bərk, maye və qaz halında olan dielektriklərin, elektrik qaz boşalmalarının tədqiqi, güclü elektrik sahələri ilə materialın yüklü zərrəciklərinin qarşılıqlı təsiri, dielektriklərin və kompozisiyalı materialların həcmində və səthində güclü elektrik sahəsinin və qaz boşalmasının təsiri nəticəsində baş verən fiziki-kimyəvi proseslər, effektiv və ekoloji cəhətdən təmiz texnoloji proseslərin köməyi ilə materialların modifikasiyası və bu fiziki hadisələrin elmi əsaslarının inkişaf etdirilməsi, dalğavari proseslərin ədədi hesablanması və riyazi modelləşdirmə üsulları və s. əhatə edir. Ç.Cuvarlı adsorbentlərin adsorbsiya proseslərinin güclü elektrik sahələrinin təsiri ilə intensivləşdirmə üsulunu işləmişdir. Ç.Cuvarlı yüzlərlə elmi məqalənin, onlarca monoqrafiyanın, ali məktəblər üçün metodik vəsaitlərin, patentlərin, elmi populyar yazıların, keçmiş SSRİ-nin Enerji Nazirliyi üçün rəhbər-direktiv materialların və bir sıra elmi-kütləvi kitabların müəllifidir. Ç.Cuvarlının rəhbərliyi və məsləhətçiliyi ilə onlarla elmlər namizədi və elmlər doktoru yetişmişdir. SSRİ, Azərbaycan və Ukrayna Respublikalarının Dövlət mükafatları, SSRİ Elmlər Akademiyasının P.N.Yabloçkov adına mükafatının laureatı olmuşdur. Ç.Cuvarlı Azərbaycan Respublikasının Əməkdar elm xadimi, SSRİ-nin Fəxri energetiki adlarına layiq görülmüşdür. Akademik Çingiz Cuvarlı 2000-ci ildə Bakıda vəfat etmişdir. |
|
(1913-2000)
|