Əlizadə Qambay Əsgər oğlu

Q.Əlizadə 1895-ci ildə Gəncə şəhəri yaxınlığın­dakı Qızılca kəndində anadan ol­muşdur. 1928-ci ildə Azərbaycan Politexnik İnsti­tu­tunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Dağ-mədən şöbəsini bitir­mişdir.

Q.Əlizadə 1938-ci ildə dissertasiya mü­dafiə etmədən geologiya-mineralogiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 1942-ci ildə professor elmi adını, 1945-ci ildə isə geologi­ya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. 1955-ci ildə Azərbaycan Elm­lər Akademiyasının (AEA) müxbir üzvü, 1962-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Q.Əlizadə əmək fəaliyyətinə institutu bitirdikdən sonra Azərbaycan Politex­nik İnstitutunun paleontologiya və tarixi geologiya kafedrasında la­bo­rant vəzifəsindən başlamışdır.

Ə.Əlizadə 1932-1941-cı illərdə Azərbaycan Sənaye İnstitutunda (indiki Azər­baycan Dövlət Neft Akademiyası) paleontologiya və tarixi geologiya kafed­rasında dosent, professor vəzifə­lərində işləmiş, uzun müddət kafedraya rəh­bərlik etmişdir. 1941-ci ildən ömrünün sonuna kimi (1990) Azərbaycan EA Geologiya İnstitutunda “Kaynozoy” laboratoriyasına, “Paleontologiya və strati­qrafiya” şöbəsinə rəhbərlik etmişdir. 1943-1945-ci illərdə institutun direktoru vəzifəsində işləmişdir. 

Ə.Əlizadə Azərbaycanda geologiya və paleontologiya elminin əsasını qoyan­lardan biri olmuşdur. Kaynozoyun stratiqrafiyası və paleon­tologiyası sahə­sində böyük alim olan Q.Əlizadə stratiqrafiyanı, kaynozoy erasının mollusk faunası­nın inkişafını tədqiq etmiş, paleontologiya, stratiqrafiya və geologiya elminin tarixinə aid məlumatları sistemləşdirmişdir. Onun rəhbər­liyi altında Azərbay­ca­nın paleogen və neogen stratiqrafiyasının regional sxemi işlənib hazırlanmış, üst eosen və oliqosenin paleocoğrafi xəritələri tərtib edilmiş və beləliklə, bu şöbələr arasında mövcud olan problem məsə­lələrinin  həllinə yardımçı olmuş­dur. Onun rəhbərliyi ilə Azərbaycanın akça­qıl və oli­qosen mollusk faunası mo­noqrafik öyrənilmişdir. O, Kaynozoy biostratiqraflar el­mi məktəbinin və Azər­baycan Paleontologiya Cəmiyyə­tinin yaradıcısı və ilk sədri, Azərbaycan Sovet Ensiklopediyası Orfoqrafiya Komissiyasının üzvü olmuşdur.

Ə.Əlizadə 400 elmi əsərin, o cümlədən 9 monoqrafiya və dərsliklərin mü­əllifi olmuşdur. Onun rəhbərliyi ilə 60 elmlər və fəlsəfə doktoru  hazırlanmışdır.

Q.Əlizadə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

Akademik Qambay Əlizadə 1990-cı ildə Bakıda vəfat etmişdir.

 (1899-1990)