Q.Əlizadə 1895-ci ildə Gəncə şəhəri yaxınlığındakı Qızılca kəndində anadan olmuşdur. 1928-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Dağ-mədən şöbəsini bitirmişdir.
Q.Əlizadə 1938-ci ildə dissertasiya müdafiə etmədən geologiya-mineralogiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 1942-ci ildə professor elmi adını, 1945-ci ildə isə geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) müxbir üzvü, 1962-ci ildə isə həqiqi üzvü seçilmişdir. Q.Əlizadə əmək fəaliyyətinə institutu bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun paleontologiya və tarixi geologiya kafedrasında laborant vəzifəsindən başlamışdır. Ə.Əlizadə 1932-1941-cı illərdə Azərbaycan Sənaye İnstitutunda (indiki Azərbaycan Dövlət Neft Akademiyası) paleontologiya və tarixi geologiya kafedrasında dosent, professor vəzifələrində işləmiş, uzun müddət kafedraya rəhbərlik etmişdir. 1941-ci ildən ömrünün sonuna kimi (1990) Azərbaycan EA Geologiya İnstitutunda “Kaynozoy” laboratoriyasına, “Paleontologiya və stratiqrafiya” şöbəsinə rəhbərlik etmişdir. 1943-1945-ci illərdə institutun direktoru vəzifəsində işləmişdir. Ə.Əlizadə Azərbaycanda geologiya və paleontologiya elminin əsasını qoyanlardan biri olmuşdur. Kaynozoyun stratiqrafiyası və paleontologiyası sahəsində böyük alim olan Q.Əlizadə stratiqrafiyanı, kaynozoy erasının mollusk faunasının inkişafını tədqiq etmiş, paleontologiya, stratiqrafiya və geologiya elminin tarixinə aid məlumatları sistemləşdirmişdir. Onun rəhbərliyi altında Azərbaycanın paleogen və neogen stratiqrafiyasının regional sxemi işlənib hazırlanmış, üst eosen və oliqosenin paleocoğrafi xəritələri tərtib edilmiş və beləliklə, bu şöbələr arasında mövcud olan problem məsələlərinin həllinə yardımçı olmuşdur. Onun rəhbərliyi ilə Azərbaycanın akçaqıl və oliqosen mollusk faunası monoqrafik öyrənilmişdir. O, Kaynozoy biostratiqraflar elmi məktəbinin və Azərbaycan Paleontologiya Cəmiyyətinin yaradıcısı və ilk sədri, Azərbaycan Sovet Ensiklopediyası Orfoqrafiya Komissiyasının üzvü olmuşdur. Ə.Əlizadə 400 elmi əsərin, o cümlədən 9 monoqrafiya və dərsliklərin müəllifi olmuşdur. Onun rəhbərliyi ilə 60 elmlər və fəlsəfə doktoru hazırlanmışdır. Q.Əlizadə Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Akademik Qambay Əlizadə 1990-cı ildə Bakıda vəfat etmişdir. |
|
(1899-1990) |