Məmmədov Şirəli Nəsirzadə

Ş.Məmmədov 1904-cü ildə Nax­çıvan MR Ordubad rayonunun Dəstə kən­din­də anadan olmuşdur. 1930-cu ildə dağ-mədən mühəndisi ixtisası üzrə Moskva Dağ-Mədən Akademiyasını bitirmişdir.

Ş.Məmmədov 1938-ci ildə fəlsəfə doktoru, 1948-ci il­də isə texnika üzrə elm­lər doktoru elmi də­rəcələrini almış, 1959-cu ildə Azərbaycan Elmlər Akade­mi­yasına (AEA) müxbir üzv, 1968-ci ildə isə həqiqi üzvü seçil­mişdir. 

Ş.Məmmədov Maqnitoqorsk filiz mədənində işləmiş, Culfa “Soyuz­mərgü­müş” kombinatının rəisi olmuşdur. O, Moskva Dağ-Mədən İnstitutu­nun Filiz ya­taqlarının işlənilməsi kafedrasına rəhbərlik etmişdir. Böyük Vətən mü­haribəsi illərində “Naxduzfiliz”in baş mühəndisi vəzifəsində işlə­mişdir. 1950-1953-cü illərdə Zaqafqaziyada ən iri filiz-mədən kompleksinin – Daşkəsən Dağ-Mədən Kombinatının tikintisinə rəhbərlik etmişdir. 1953-1954-cü illərdə Azər­baycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) elmi işlər üzrə prorek­toru, 1956-1959-cu illərdə isə Geofizika kafedrasının müdiri olmuşdur.

Ş.Məmmədov 1959-1961-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Ali və Orta İxtisas Təhsili Komitəsinin sədri vəzifəsində işləmişdir. 1965-1970-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun Faydalı qazıntı yataqlarının işlə­nilməsi kafedrasının müdiri, 1970-1982-ci illərdə isə həmin kafedranın pro­fes­soru ol­muş­dur. 1958-ci ildən 1984-cü ilə qədər AEA Geologiya İnstitu­tun­da dağ-mədən işləri sektoruna rəhbərlik edərək Azər­bay­canda dağ-mə­dən elmi­nin əsa­sını qoy­muşdur. Faydalı qazın­tı­ların işlənməsi üzrə çoxsaylı mütəxəssislər hazır­lamışdır. O, dağ-mədən süxurlarının partla­yışla dağıdılması, filiz və qeyri-filiz ya­taq­larının işlən­məsi, şaxta üsulu ilə neftin çıxarılmasının, filiz yataqlarının işlən­məsinin yeraltı sistemlərinin təsnifatı üzrə mühüm nəzəri və təcrübi əhəmiyyəti olan elmi tədqiqatları yerinə yetirmişdir.

Ş.Məmmədovun faydalı qazıntıların işlənilməsi sistemi üzrə funda­mental əsərləri dağ-mədən elmini çox zənginləşdirmişdir. O, ali təhsil müəs­sisələrinin dağ-mədən fakültəsi tələbələri üçün Azərbaycan dilində ilk dərs­liklərin və dərs vəsaitlərinin müəllifi olmuşdur.

Ş.Məmmədovun 220-dən çox elmi əsəri, o cümlədən 23 monoqrafi­yası nəşr olunmuşdur.

Ş.Məmmədov “Əməkdə fərqlənməyə görə” (1939), “Qafqazın müda­fiəsinə görə” (1945), “Böyük Vətən müharibəsində əmək igidliyinə görə” (1945), “Əmək veteranı” (1977) medalı və “Qırmızı Əmək Bayrağı” (1946) ordenilə təltif edilmişdir.

Akademik Şirəli Məmmədov 1984-cü ildə Bakıda vəfat etmişdir.

(1904-1984)