Mixaylov Konstantin Aleksandroviç

Mixaylov Konstantin Aleksandroviç 20 noyabr 1895-ci ildə Skobelev (indiki Fərqanə) şəhərində ziyalı ailəsində anadan olmuşdur. K.A.Mixaylov Oğlanlar gim­naziyasını Gümüş medalla bitirdikdən sonra təhsilini Orta Asiya Universitetinin Meliorasiya mühəndisliyi fakültəsində davam etdirərək 1925-ci ilin yanvar ayında həmin fakültəni bitirmişdir. 20 oktyabr 1935-ci il tarixində SSRİ Ali Attestasiya Komisiyasının qərarı ilə Moskva Su Təsərrüfatı Mühəndisliyi İnstitutunun Hid­ravlika kafedrasının professoru təyin olunmuşdur. 26 avqust 1944-cü ildə AAK-nın qərarı ilə doktorluq dissertasiyasını müdafiə edərək texni­ka elmləri üzrə elmlər doktoru dərəcəsini almışdır. 18 iyun 1949-cu ildə AAK-nın qərarı əsasında Moskva Avtonəqliyyat İnstitutunun Hidravlika kafedrasında pro­fes­sor vəzifəsinə təyin edil­mişdir. 1925-1927-ci illərdə Orta Asiya Universitetinin Meliorasiya mühəndisliyi fakültəsində assistent, 1928-1930-cu illərdə Tiflis Poli­texnik İnstitutunda fakültə rəhbəri və müəllim kimi fəaliyyət göstərmişdir. 1930-1931-ci illərdə Moskva Su Təsərrüfatı Mühəndisliyi İnstitutunun profes­soru kimi çalışmış, həmçinin Hidro­tex­nika sektorunun müdiri olmuşdur. 1929-1934-cü illərdə Zaqafqaziya Elmi Təd­qiqat İnstitutunda direktor, daha sonra direktor müa­­vini olmuş, eyni zamanda Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda kafedra müdiri vəzifəsini tutmuş, 1934-1937-ci illərdə Moskva Su Təsərrüfatı Mühəndis­liyi İnstitutunun Elmi Tədqiqat Sektorunun müdiri olmuşdur.

Alim tərəfindən ilk dəfə olaraq 1928-ci ildə hidravlika üzrə xüsusi “Hidrav­lik və hidrotexniki hesablamalar əsasında irriqasiya qurğularının layihələndi­ril­məsi” kursu tərtib olunmuş və ali təhsil ocaqlarında tətbiq edilmişdir. K.A.Mi­xay­lov tərəfindən həmçinin qruntun kritik durumu nəzərə alınaraq qrunt axın­larının hesablanması metodu tərtib olunmuşdur.   

Zaqafqaziya Elmi Tədqiqat İnstitutunun yaradılmasında və fəaliyyətində alimin böyük xidmətləri olmuşdur. 1930-cu ildə həmin institut Kirovabad (indiki Gəncə) şəhərində yerləşən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun İrriqasiya fakül­təsinə çevrilmişdir.

K.A.Mixaylov 1932-1935-ci illərdə torpaq layihələri üzrə texniki şuranın üzvü seçilmiş, 1930-1950-ci illərdə həmçinin bir çox dövlət layihələrində, o cümlədən Moskva kanalı, bir sıra hidrostansiyaların qurulması və s. layihələrdə ekspert təyin edilmişdir.

1943-cü ildə zavodların bərpa olunması ilə əlaqədar “Şərəf nişanı” ordeni, “Moskvanın müdafiəsinə görə”, “Rəşadətli əməyə görə” və Moskvanın 800 illik yubileyi ilə əlaqədar medallarla təltif olunmuşdur.

K.A.Mixaylov 20 sentyabr 1950-ci ildə Azərbaycan SSR Elmlər Akademiya­sı­nın həqiqi üzvü seçilmiş və vitse-prezidenti təyin edilmişdir.

Akademik Konstantin Mixaylov 1953-cü ildə vəfat etmişdir. 

(1895-1953)