Mixaylov Konstantin Aleksandroviç 20 noyabr 1895-ci ildə Skobelev (indiki Fərqanə) şəhərində ziyalı ailəsində anadan olmuşdur. K.A.Mixaylov Oğlanlar gimnaziyasını Gümüş medalla bitirdikdən sonra təhsilini Orta Asiya Universitetinin Meliorasiya mühəndisliyi fakültəsində davam etdirərək 1925-ci ilin yanvar ayında həmin fakültəni bitirmişdir. 20 oktyabr 1935-ci il tarixində SSRİ Ali Attestasiya Komisiyasının qərarı ilə Moskva Su Təsərrüfatı Mühəndisliyi İnstitutunun Hidravlika kafedrasının professoru təyin olunmuşdur. 26 avqust 1944-cü ildə AAK-nın qərarı ilə doktorluq dissertasiyasını müdafiə edərək texnika elmləri üzrə elmlər doktoru dərəcəsini almışdır. 18 iyun 1949-cu ildə AAK-nın qərarı əsasında Moskva Avtonəqliyyat İnstitutunun Hidravlika kafedrasında professor vəzifəsinə təyin edilmişdir. 1925-1927-ci illərdə Orta Asiya Universitetinin Meliorasiya mühəndisliyi fakültəsində assistent, 1928-1930-cu illərdə Tiflis Politexnik İnstitutunda fakültə rəhbəri və müəllim kimi fəaliyyət göstərmişdir. 1930-1931-ci illərdə Moskva Su Təsərrüfatı Mühəndisliyi İnstitutunun professoru kimi çalışmış, həmçinin Hidrotexnika sektorunun müdiri olmuşdur. 1929-1934-cü illərdə Zaqafqaziya Elmi Tədqiqat İnstitutunda direktor, daha sonra direktor müavini olmuş, eyni zamanda Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda kafedra müdiri vəzifəsini tutmuş, 1934-1937-ci illərdə Moskva Su Təsərrüfatı Mühəndisliyi İnstitutunun Elmi Tədqiqat Sektorunun müdiri olmuşdur.
Alim tərəfindən ilk dəfə olaraq 1928-ci ildə hidravlika üzrə xüsusi “Hidravlik və hidrotexniki hesablamalar əsasında irriqasiya qurğularının layihələndirilməsi” kursu tərtib olunmuş və ali təhsil ocaqlarında tətbiq edilmişdir. K.A.Mixaylov tərəfindən həmçinin qruntun kritik durumu nəzərə alınaraq qrunt axınlarının hesablanması metodu tərtib olunmuşdur. Zaqafqaziya Elmi Tədqiqat İnstitutunun yaradılmasında və fəaliyyətində alimin böyük xidmətləri olmuşdur. 1930-cu ildə həmin institut Kirovabad (indiki Gəncə) şəhərində yerləşən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun İrriqasiya fakültəsinə çevrilmişdir. K.A.Mixaylov 1932-1935-ci illərdə torpaq layihələri üzrə texniki şuranın üzvü seçilmiş, 1930-1950-ci illərdə həmçinin bir çox dövlət layihələrində, o cümlədən Moskva kanalı, bir sıra hidrostansiyaların qurulması və s. layihələrdə ekspert təyin edilmişdir. 1943-cü ildə zavodların bərpa olunması ilə əlaqədar “Şərəf nişanı” ordeni, “Moskvanın müdafiəsinə görə”, “Rəşadətli əməyə görə” və Moskvanın 800 illik yubileyi ilə əlaqədar medallarla təltif olunmuşdur. K.A.Mixaylov 20 sentyabr 1950-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş və vitse-prezidenti təyin edilmişdir. Akademik Konstantin Mixaylov 1975-ci ildə vəfat etmişdir. |
|
(1895-1975)
|