Şahtaxtinski Toğrul Nemət oğlu

Şahtaxtınski Toğrul Nemət oğlu 1925-ci il oktyabrın 22-də Bakı şəhə­rində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutu­nun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Kim­ya-texnologiya fakül­təsini bitirmişdir (1949).

T.Şahtaxtınski 1959-cu ildə kimya üz­rə fəlsəfə doktoru və 1968-ci ildə kim­ya üzrə elmlər doktoru elmi dərəcəsini, 1968-ci ildə isə professor elmi adını almış­dır. 1972-ci ildə Azər­bay­can EA-nın müxbir üzvü, 1976-cı ildə həqiqi üzvü seçilmişdir.

1961-1962-ci illərdə Azərbaycan SSR EA Neft-Kimya Prosesləri İnstitutun­da elmi işlər üzrə direktor müavini, 1962-1967-ci illərdə labora­toriya müdiri olmaqla yanaşı, 1962-1975-ci illərdə Mono­merlər şöbəsinə də rəhbərlik et­miş, 1971-1973-cü illərdə Naxçıvan Elmi Mərkəzinin rəhbəri, 1975-2002-ci il­lər­də Azərbay­can SSR EA Kimya Texno­logiyasının Nəzəri Problemləri İnstitu­tunun, 2002-2010-cu illərdə isə Kimya Problemləri İns­titutunun (indiki Kataliz və Qeyri-Üzvi Kimya) direktoru, 1973-1981, 1990-2001-ci illərdə Azərbaycan EA Kimya Elmləri Bölməsinin akademik-katibi və 2001-2007-ci illərdə AMEA-nın akademik-katibi olmuşdur.

T.Şahtaxtınskinin əsas elmi fəaliyyəti kimyəvi reaksiyaların kinetika və mexaniz­minin tədqiqi, üzvi və neft-kimya sintezi proses­lərində karbo­hid­rogen­lərin katalitik çevril­mələ­rinin öyrənilməsi, kimya proses­lərinin model­ləşdirilməsi və optimal­laş­dırıl­masının və kimya texnolo­giyasının nəzəri əsas­­larının işlənil­məsi ilə əlaqəli geniş problem­ləri əhatə etmişdir. Onun rəh­bər­liyi ilə oksidləşmə və oksidləşdirici ammo­nolizin mühüm təcrübi prosesləri hazır­lan­mış, mürək­kəb kimyəvi-texno­loji sistem­lərin model­ləş­dirilməsi və opti­mal idarə olunma­sının nəzəri əsasları, ayrıca proseslər üçün katalizato­run «qocal­masının» dinamikasının ümumi prinsipləri yara­dılmış, suspenziya poli­merizato­ru, yanmanın elektro­kim­yəvi kame­rası, qeyri-stasionar qarışdı­rıcı reak­tor­lar hazırlanmışdır.

T.Şahtaxtınski 500 elmi əsərin, o cümlədən 120-dən çox ixtira və pa­tentin, 12 monoqrafiyanın müəllifidir.

Onun rəhbərliyi ilə 12 elmlər doktoru və 48 fəlsəfə doktoru yetişdirilmişdir.

1975-2010-cu illərdə “Azərbaycan kimya jurnalı”nın baş redaktoru olmuşdur.

T.Şahtaxtınski dəfələrlə Bakı Şəhər Sovetinin deputatı seçilmişdir.

T.Şahtaxtınski elmin inkişafındakı nailiyyətlərinə görə «Şərəf nişanı», «Xalq­lar Dostluğu», «Şöhrət», «İstiqlal» ordenləri, «Fədakar əməyə görə» medalı,     Az­ərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuş və Azərbaycan SSR-in Əməkdar elm xadimi fəxri adına layiq görül­müşdür.

Akademik Toğrul Şahtaxtinski 2010-cu ildə Bakıda vəfat etmişdir.

(1925-2010)