www.science.az
16.09.2014 00:00

Məcburi köçkünlərin tibbi müayinəsi təşkil olunub

13 sentyabr 2014-cü il tarixdə Sağlam Nəsil İctimai Birliyi və Sağlam Nəsil Tibbi Elmi-Tədqiqat Mərkəzi Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun yardımı ilə “Şuşa” layihəsi çərçivəsində Qaradağ rayonu Ümid qəsəbəsində məcburi köçkünlərin sağlamlıq vəziyyətinin analizi məqsədi ilə tibbi müayinələr təşkil edib.

Tibbi müayinələrdən öncə qəsəbənin sakinləri arasında anketləşmə aparılıb, onları maraqlandıran mövzularda maarifləndirici seminarlar keçirilib və bu anketlərin analizi əsasında sağlamlığı ilə bağlı problemləri olan məcburi köçkünlərin ümumi qan analizi, EKQ, terapevt müayinəsi təşkil olunub.

Tədbirdə müxtəlif yaş qruplarına aid 97 nəfər iştirak edib. Müayinə keçənlərdən ilk əvvəl qan analizi götürülüb, daha sonra iştirakçılar terapevt qəbulunda onları narahat edən problemlər haqqında danışıblar və lazımı məsləhətlər aldıqdan sonra EKQ müayinəsinə keçiblər.

Məcburi köçkünlərin sağlamlıq problemlərinin müxtəlifliyini nəzərə alaraq, onların sağlamlıq vəziyyətinin ətraflı tədqiqi üçün müayinə keçənlərin qan analizi böyük əhəmiyyə malik idi. Yeni mühitə adaptasiya, çətin həyat şəraiti, keçirilmiş stress sağlamlıq vəziyyətinin pozulmasına və xəstəliklərin artasına gətirib çıxarır. Bu səbəbdən də nevroloji status, stress test, şəkərli diabet müayinəsinin keçirilməsi yaranmış vəziyyəti daha dəqiq tədqiq etməyə imkan verəcək. Məcburi köçkünlər arasında yayılmış xəstəliklər arasında ilk yerlərdən birini ürək – damar xəstəlikləri tutması səbəbindən EKQ müayinəsi də çox önəmli idi.

Müayinələrin nəticəsi məcburi köçkünlərin sağlamlıq vəziyyətini ətraflı tədqiq etməyə, aşkar olunmuş xəstəliklərin və pozulmaların patogenezində duran əsas amilləri müəyyən etməyə, qadın və kişilərin somatik sağlamlıq vəziyyətlərinə kompleks qiymət verməyə kömək edəcək.

Eləcə də, məcburi köçkünlərin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması üçün tibbi proqram hazırlamağa şərait yaradacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.