Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Ermənistan işğalçı siyasətində dezinformasiyadan istifadə edir
23.07.2020 13:18
  • A-
  • A
  • A+

Ermənistan işğalçı siyasətində dezinformasiyadan istifadə edir

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başladığı  gündən etibarən Ermənistan dezinformasiyadan geniş istifadə etmişdir. Atəşkəsə qədər olan dövrdə Ermənistan dezinformasiya müharibəsini aşağıdakı formalarda həyata keçirirdi:

Birincisi, guya Dağlıq Qarabağ regionunun tarixən ona mənsub olması barədə dünya birliyinə yalan məlumatlar verir, bu ərazidə yaşayan ermənilərin Azərbaycan hökuməti tərəfindən təhlükədə olması barədə dünyanı təkidlə inandırmağa çalışırdı.

İkincisi, Azərbaycan ərazisindəki  münaqişədə  iştirak  etməməsi  barədə yanlış məlumatlar verən Ermənistan dünya ictimaiyyətini aldadır, öz təcavüzkarlıq siyasətini gizlətmək üçün qondarma Dağlıq Qarabağ hakimiyyətindən istifadə edir, Dağlıq Qarabağı müstəqil dövlət kimi Azərbaycanla danışıqlar keçirmək təşəbbüsünü irəli sürürdü. 

Üçüncüsü, Ermənistan dünyanın nüfuzlu ölkələrində olan erməni diasporası və lobbisindən məharətlə istifadə edərək  dünya dövlətlərinin siyasətinə təsir göstərirdi.

Dördüncüsü,  Ermənistan  blokadada  olması  barədə  dünya  birliyinə məlumatlar verir, aldığı humanitar yardımı sosial və iqtisadi problemlərə deyil, Azərbaycana qarşı işğalçılıq siyasətinin davam etdirilməsinə sərf edirdi və etməkdədir. Digər tərəfdən, Ermənistan Azərbaycanda olan məcburi köçkün və qaçqınların sayı barədə dünya birliyində yalan məlumatlar yayırdı. еспубликасына

Beşincisi, Dağlıq Qarabağın erməni əhalisinin sosial-iqtisadi, mədəni cəhətdən təmin olunmaması barədə dünya birliyində yalan məlumatlar yayan Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunun Ermənistanın iqtisadiyyatı ilə inteqrasiya etməsi ideyasını irəli sürürdü.

Altıncısı, Ermənistan Azərbaycanda  etnik azlıqlara qarşı ayrı-seçkiliyin həyata keçirilməsi barədə BMT-nin Baş katibinə yalan məlumatlar verməklə, dünya birliyində yanlış fikir yaratmağa cəhd edirdi.

Yeddincisi, Ermənistan təcavüzkar dövlət kimi ittiham olunmasından yayınmaq məqsədi ilə  Azərbaycanın  xarici    ölkələrdən   silah   və    hərbi   sursat   alması  və münaqişəni   qızışdırması barədə BMT-yə məlumatlar verirdi.

Səkkizincisi, Ermənistan, Türkiyəni problemə müdaxilə etməkdə günahlandırmaqla,  öz təcavüzkarlıq siyasətini pərdələyir, Türkiyənin Azərbaycanı müdafiə etməsi müqabilində, Ermənistanın Dağlıq Qarabağ regionu ermənilərini müdafiə etməsinə haqq qazandırır, Türkiyə Respublikasının Ermənistanın humanitar yardım almasına mane olduğunu bildirir və bunun qarşısını almaq üçün BMT-nin xüsusi nümayəndəsinin bu regiona göndərilməsini xahiş edirdi.

Ən əsası isə Ermənistan Azərbaycan ərazilərini işğal edərkən Azərbaycan dilini bilən ermənilər ayrı-ayrı rayonlara, kəndlərə gedərək əhali arasında qorxu yaradırdılar, guya artıq bütün ərazilərin alındığını, indi isə onların ərazilərinə hücum edəcəklərini hay-küylə bildirirdilər.

Ermənistan  Dağlıq Qarabağ regionunu Azərbaycanın hərbi-siyasi qurbanı kimi qələmə verərək, Dağlıq Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini təmin etmək məqsədilə yalnız diplomatik vasitələrdən istifadə etdiyini bildirsə də, Ümummilli lider Heydər Əliyevin gərgin diplomatik fəaliyyəti nəticəsində Azərbaycana qarşı informasiya blokadasını yarmaq, Dağlıq Qarabağ probleminə dair həqiqətləri dünya birliyinə çatdırmaq mümkün olmuşdur.

2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələri növbəti dəfə atəşkəsi pozdular, Azərbaycan-Ermənistan dövlət sərhədində yerləşən Tovuz rayonunu artilleriya qurğularından istifadə etməklə atəşə tutdular. Azərbaycan Ordusunun şücaəti nəticəsində düşmənə layiqli zərbə endirilərək geri oturduldu. Qeyd edim ki, bu dəfə də təcavüzkar Ermənistan dezinformasiyadan yararlanmağa çalışır və bunu başqa istiqamətdə edir.

Birincisi, Ermənistan əvvəllər də istifadə etdiyi üsuldan -  yerli əhali arasında panika yaratmaq  vasitəsindən istifadə etməyə cəhd edir. Belə bir dezinformasiya yayırlar ki, guya ermənilər postlarımızı ələ keçirmiş, Tovuz sakinləri öz yurdlarını tərk edirlər. Halbuki Tovuzun qəhrəman sakinləri heç vaxt öz torpaqlarını tərk etməzlər. Tovuz neçə-neçə ölümsüz qəhrəmanlar yetişdirib.

İkincisi, guya Azərbaycan Ordusunun ağır texnikasının, tanklarının vurulması, ciddi itkilərə məruz qalması haqqında dezinformasiya yayırlar. Müdafiə Nazirliyinin Mətbuat xidmətinin də bildirdiyi kimi, “düşmən ərazisində Azərbaycan Ordusunun heç bir ölən və yaralanan hərbi qulluqçusu yoxdur ki, buna görə də kimdənsə icazə istənilsin", “...Azərbaycan hərbi qüvvələrinin hərbi texnikası ön xətdə deyil. Azərbaycan tankları düşmən bölmələrinin vura biləcəyi nöqtədə deyil”.

Üçüncüsü, yüksək döyüş əzmində olan Ordumuzun arxasında dayanan xalqımız arasında təxribat yaratmağa cəhd edirlər. Erməni xainlərini geri oturdarkən əsgərlərindən öndə gedən, düşmənlərə ağır itki yaşadan və qəhrəmancasına şəhid olan Generalımızın, Polkovnikimizin xəyanətin qurbanı olmaları, yüksək hərbi təlim görmüş hərbi mütəxəssislərin deyil, hərbi xidmətə yeni çağırılmış, heç bir hərbi təlim görməyən əsgərlərin döyüşə göndərilməsi haqqında şayiələr yayaraq, xalq arasında inamsızlıq yaratmağa cəhd edirlər.

Ümummilli lider Heydər Əliyevin yaratdığı Azərbaycan Ordusu bu gün Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin siyasəti nəticəsində dünyanın güclü ordularından birinə çevrilmişdir. Yüksək biliyə, dünyagörüşə malik olan Prezidentimiz Ermənistan rəhbərlərini hər zaman tarixi faktlar qarşısında qoymuşdur. Son zamanlarda, 2020-ci il 15 fevral tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın  Baş Naziri Paşinyan arasında Münhen təhlükəsizlik konfransı çərçivəsində keçirilən görüşü yada salmaq istəyirəm. Paşinyan öz nitqi ilə nə qədər cılız görünürdü?! Tarixi bilərəkdən, bilməyərəkdən təhrif etməsi, ingilis dilində demək olar ki, danışa bilməməsi onu nə qədər gülünc vəziyyətə saldı?! Hər kəsə məlumdur.

İndi güclü Azərbaycan Ordusu əzmlə irəliləmək iqtidarındadır. Torpaqları işğaldan azad etmək üçün xalqımızda ruh yüksəkliyi pik nöqtəsindədir. Əhalinin Ordumuzu dəstəkləməsi, səfərbər olmaq üçün müraciətləri çox gözəl bir haldır. Lakin Azərbaycan Ordusu güclüdür və səfərbərliyə ehtiyac yoxdur. Prezident-Ordu-Xalq birliyi göz qarşısındadır. Sözsüz ki, bəzi xoşagəlməz qruplar vəziyyətdən sui-istifadə etməyə cəhd edirək sosial şəbəkələrdə yersiz paylaşımlar  edirlər.

Biz ayıq-sayıq olmalıyıq, təxribatlara yol açılmasına imkan verməməliyik. Şəhidlərimizin qanı qarışmış müqəddəs torpaqlarımız azad edilməsini gözləyir. Bunun üçün bir yumruq kimi olmalıyıq. Heç bir şayiəyə, təxribata uymamalı, sosial şəbəkələrdə paylaşımlar edərkən çox ehtiyatlı olmalıyıq. Heç bir əsası olmayan təxribat xarakterli məlumatlar yayılmamalıdır. Ermənilər  Azərbaycan seqmentində yayılan bəzi şərhləri skrin edərək paylaşırlar. Biz isə Ordumuza ruh yüksəkliyi verən, erməniləri qorxuya salan paylaşımlar etməliyik.

Dövlətimizin, Ali Baş Komandan İlham Əliyevin, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çağırışlarına biz Azərbaycan alimləri də can-başla əməl etməliyik!

Ramilə Dadaşova, AMEA-nın Qafqazşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, t.ü.f.d., dosent

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: