Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Naxçıvan Əlyazmalar Fondundakı fars, ərəb və türkdilli əlyazma və çap kitablarının” kataloqu işıq üzü görüb
15.07.2025 17:01
  • A-
  • A
  • A+

“Naxçıvan Əlyazmalar Fondundakı fars, ərəb və türkdilli əlyazma və çap kitablarının” kataloqu işıq üzü görüb

“Naxçıvan Əlyazmalar Fondundakı fars, ərəb və türkdilli əlyazma və çap kitablarının” kataloqu nəşr olunub.

Kataloqda AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunda mühafizə olunan fars, ərəb, türkdilli əlyazma və çap kitablarının qısa təsviri verilib. Elmin müxtəlif sahələrinə aid olan bu kitabların əksəriyyəti Naxçıvan Muxtar Respublikasının ərazisindən toplanılıb.

Onu da qeyd edək ki, kataloqda təqdim olunan kitabların çap olunduğu yerlər, onların ərsəyə gəlməsində xidməti olan müxtəlif sənətkarlar, eyni zamanda əsərlərin müəllifi, katibi, toplayanı, dili, xətti, ölçüsü haqqında məlumatlar əksini tapıb.

Kataloq üç bölmədən ibarətdir. Birinci bölmədə farsdilli, ikinci bölmədə ərəbdilli, üçüncü bölmədə isə türkdilli əlyazma və çap kitablarının təsviri verilib. Üçüncü bölmə 2 hissədən ibarətdir.

Birinci hissəyə daxil edilən kitablar “Bədii ədəbiyyat”, “Dilçilik və ədəbiyyatşünaslıq”, “Tarix və ictimaiyyət”, “İlahiyyat və fəlsəfə”, “Pedaqogika, dərslik və dərs vəsaitləri” başlıqlarında qruplaşdırılıb.

İkinci hissə isə latın əlifbasında olan kitablardan ibarətdir.

“Elm” nəşriyyatında işıq üzü görən 260 səhifəlik kataloqun elmi redaktoru akademik Teymur Kərimli, rəyçiləri AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov, tərtibçiləri isə Fondun direktoru filologiya elmləri doktoru Fərman Xəlilov, Kübra Vəliyeva və  Fəxrəddin Eylazovdur.

Türk-islam mədəniyyətinin daşıyıcıları olan bu qədim əlyazma və çap kitablarının ətraflı tədqiqi baxımından kataloqun əhəmiyyəti böyükdür.

Kataloq şərqşünaslıq fakültələrinin tələbələri, müəllim və mətnşünaslar üçün dəyərli mənbədir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: