AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə institutun Sənədlərlə iş şöbəsinin mütəxəssisi Çinarə Qəbulovanın tərtib edib nəşrə hazırladığı “Mehdi bəy Hacıbababəyov. Rəhmli Mələk” kitabı işıq üzü görüb. Kitabda yer alan geniş ön sözün müəllifi də Ç.Qəbulovadır.
Kitab görkəmli ictimai-siyasi xadim, Azərbaycan Milli Şurasının üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk vəkillərindən biri Mehdi bəy Hacıbababəyovun ədəbi yaradıcılığının yeganə nümunəsi olan “Rəhmli Mələk” adlı kiçikhəcmli pyesi haqqındadır. 1914-cü ildə “Səda” nəşriyyatında işıq üzü görən, hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun xəzinəsində mühafizə olunan bu əsərin süjet xətti qızların təhsili, düzgün tərbiyə alması, mənəvi dəyərlərin önəmliliyinin gənc nəslə vaxtında təlqin edilməsinin əhəmiyyətinə həsr olunub.
Əsərin Əski Azərbaycan əlifbasından transfoneliterasiyası Çinarə Qəbulovaya məxsusdur. Kitab tərtib olunarkən əsərin dilinə və üslubuna müdaxilə edilməmiş, mətn müasirləşdirilməmişdir. Sadəcə, müasir qrammatik qaydalara uyğun olaraq, durğu işarələri əlavə edilib.
Qeyd edək ki, yeni nəşrin redaktoru fil.ü.f.d. Tünzalə Seyfullayeva, rəyçiləri fil.ü.f.d. Samirə Əliyeva və böyük elmi işçi Aytən İmanovadır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.