Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

AMEA-nın müxbir üzvü Kamil Ayda-zadə biobiblioqrafik göstəricisi hazırlanıb
12.02.2021 12:30
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Kamil Ayda-zadə biobiblioqrafik göstəricisi hazırlanıb

Mərkəzi Elmi Kitabxana AMEA-nın müxbir üzvü Kamil Ayda-zadənin biobiblioqrafik göstəricisini hazırlayıb.

AMEA Rəyasət Heyətinin qərarı ilə çap olunan göstəricinin elmi redaktoru AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, redaktoru AMEA-nın müşaviri, akademik Telman Əliyev, tərtibçiləri dosentlər Şəhla Tahirqızı, Yeganə  Əşrəfova, Anar Rəhimov və biblioqraf Türkan Vahidovadır.

Biobiblioqrafik göstərici görkəmli riyaziyyatçı alim Kamil Rəcəb oğlu Ayda-zadənin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətini, alimin 1973-2020-ci illərdəki elmi əsərlərinin biblioqrafiyasını, əldə etdiyi və Azərbaycan Milli Elmlər Akademiyasının son 20 ildə mühüm elmi nəticələrinə daxil edilmiş elmi nailiyyətlərini, haqqında olan mənbələri, həmçinin televiziyalara verdiyi müsahibələri, elmi-ictimai fəaliyyətini əks etdirən internet resurslarını əhatə edir.

Biobiblioqrafiyada materiallar xronoloji ardıcıllıqla verilib, alimin həyatı, elmi, elmi-pedaqoji və ictimai fəaliyyəti qısa oçerkdə əks olunub, mühüm elmi nəticələri, rəhbərlik etdiyi və məsləhətçisi olduğu dissertasiyaların mövzuları əlifba sırası ilə düzülüb.

Göstəricidən istifadəni asanlaşdırmaq məqsədi ilə professor Kamil Ayda-zadənin əsərlərinin, müştərək müəlliflərinin, rəhbərlik etdiyi dissertasiyaların əlifba göstəricisi hazırlanıb, coğrafi adlar göstəricisi tərtib edilib. Eləcə də biblioqrafiyada K.Ayda-zadənin həyat və fəaliyyətini özündə əks etdirən “Ömür yolu fotolarda” başlıqlı  zəngin fotoqalereya verilib.

Biobiblioqrafik göstərici riyaziyyat üzrə elmi-tədqiqat işi aparan alim və mütəxəssislər, ali məktəb müəllimləri və tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: