Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

GGİ-nin və Yer Elmləri Bölməsinin birgə iclası keçirilib
08.05.2021 13:50
  • A-
  • A
  • A+

GGİ-nin və Yer Elmləri Bölməsinin birgə iclası keçirilib

AMEA Yer Elmləri Bölməsi ilə Geologiya və Geofizika İnstitutunun (GGİ) Elmi şuralarının Ədhəm Şıxəlibəylinin 110 illik yubileyinə həsr edilmiş birgə iclası keçirilib.

Tədbiri giriş sözü ilə açan Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə iştirakçıları gündəliklə tanış edib. Sonra Azərbaycan elminin görkəmli nümayəndəsi, mərhum akademik Hətəm Quliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Akademik A.Əlizadə 1954-cü ildən Geologiya və Geofizika İnstitutunda işləmiş Ədhəm Şıxəlibəyli haqqında ətraflı məlumat verərək tanınmış alimin peşəkarlıq fəaliyyətini faktlarla diqqətə çatdırıb.

Sonra AMEA-nın müxbir üzvü Tələt Kəngərlinin “Akademik Ədhəm Şixəlibəyli və Azərbaycanda geotektonika və regional geologiya elminin müasir problemləri” mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, Ə.Şixəlibəyov uzun illər GGİ-nin geotektonika, stratiqrafiya və litologiya şöbəsinə başçılıq edib. O, şimal-şərq istiqamətdə uzanan Qərbi Xəzər gömülmüş qalxımını aşkar edib və bu qalxımın Qafqaz qırışıqlıq sisteminin müsbət strukturlarının Xəzər dənizinə yaxınlaşdıqca birləşmələrinə səbəb olmasını əsaslandırıb. İlk dəfə olaraq Balakən-Zaqatala regionunda polimetallik filiz yataqlarının aşkar edilməsi perspektivliyini sübut edib.

İclasda iştirak edən Ə.Şıxəlibəylinin qızı Zenfira Şıxəlibəyli çıxış edərək atasının 110 illik yubileyinin layiqincə təşkilinə görə ailəsi adından minnətdarlığını bildirib.

Tədbirdə, həmçinin аkademik Ədhəm Şıxəlibəylinin xatirəsinə həsr edilmiş film nümayiş etdirilib.

Akademik Akif Əlizadə  iclasın gündəliyinə uyğun olaraq  elmlər və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işlərinin ilkin müzakirəsi üzrə Mütəxəssislər şurasının (Kollokvium) yaradılması ilə bağlı məlumat verib.   

Toplantıda akademik Fəxrəddin Qədirov Geologiya və Geofizika İnstitutunun Massaçusets Texnologiyalar İnstitutu ilə birgə aparılan  elmi-tədqiqat işləri haqqında danışıb.

daha sonra f.-r.e.d. Qalina Martınova “Dünya müalicəvi neftlərin geokimyası” (2021–2024) mövzusu çərçivəsində yerinə yetirilən “Azərbaycanın müalicəvi neftlərinin (Naftalan) biomarkerləri və adamantoidləri” (2021–2022) elmi-tədqiqat işi haqqında məruzə edib.

Elmi şuranın iclasında “Azərbaycanın geoloji öyrənilməsi (1970-2020)” tədqiqat işinin yerinə yetirilməsinin gedişatı haqqında akademik Akif Əlizadə, g.-m.e.d., professor Adil Əliyev və g.-m.e.ü.f.d Şahvələd Köçərlinin təqdimatı da baş tutub.

Sonda Geologiya və Geofizika İnstitutunun Elmi şurasının tərkibində qismən dəyişikliklər haqqında, institutun doktoranturasına və dissertanturasına qəbulun yekunları məsələləri dinlənilib, yer elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya işlərinin elmi seminarlarda müzakirə protokolları təsdiqlənib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: