Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.05.2025 13:50
  • A-
  • A
  • A+

“Azərbaycan Milli Elmlər Akademiyası: Heydər Əliyevdən – İlham Əliyevə” mövzusunda elmi konfrans keçirilib

“Azərbaycan Milli Elmlər Akademiyası: Heydər Əliyevdən – İlham Əliyevə” mövzusunda elmi konfrans keçirilib

Mayın 8-də AMEA Rəyasət Heyətinin binasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Azərbaycan Milli Elmlər Akademiyası: Heydər Əliyevdən – İlham Əliyevə” mövzusunda elmi konfrans keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA Rəyasət Heyətinin üzvləri, AMEA-nın müşavirləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının direktorları, gənc alimləri, nümayəndələri və aidiyyəti şəxslər iştirak ediblər.

Konfransı giriş sözü ilə açan akademik İsa Həbibbəyli bildirib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ölkəmizdə geniş şəkildə qeyd olunur, o cümlədən Milli Elmlər Akademiyasında keçirilən tədbirlərlə görkəmli dövlət xadiminin həyatı və zəngin fəaliyyəti ictimaiyyətə, yeni nəsillərə çatdırılır. Dahi liderin həyatının bütün dövründə Azərbaycan xalqının taleyində mühüm rol oynadığını deyən akademik İsa Həbibbəyli qeyd edib ki, görkəmli dövlət xadimi Heydər Əliyev Sovet hakimiyyəti dövründə rəhbərliyə hiss etdirmədən xalqımızı milli oyanışa hazırlayıb, Azərbaycançılıq ideologiyasını xalqımıza aşılayıb, peşəkar milli kadrların hazırlığına xüsusi diqqət yetirib. Diqqətə çatdırıb ki, Ümummilli Liderin təşəbbüsü və qətiyyəti ilə ana dilimiz dövlət dili statusu alıb və 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasında rəsmi şəkildə öz təsbitini tapıb. O cümlədən Ulu Öndərin təşəbbüsü ilə 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi lisey açılıb və milli zabit kadrlar hazırlamaqla Birinci və İkinci Qarabağ müharibələrində Azərbaycan ordusunun peşəkar heyəti təmin edilib. Dahi liderin, həmçinin elm, təhsil, ədəbiyyat, mədəniyyət, incəsənət sahəsində də mühüm xidmətlər həyata keçirərək xalqımızı milli oyanışa hazırladığını deyən AMEA rəhbəri həmin dövrdə yetişmiş ziyalılarımızın sonralar xalqımızın taleyində önəmli rol oynadıqlarını söyləyib.

1990-cı illərdə xalqımızın yaşadığı faciələrdən çıxış yolunu Ümummilli Liderin yenidən hakimiyyətə qayıdışında gördüyünü bildirən natiq, Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıtması ilə qısa müddətdə ölkədə hərc-mərcliyə son qoyulduğunu, sabitliyin təmin edildiyini, modern ordu quruculuğuna yönəldiyini, iqtisadi inkişaf yolunu tutaraq “Əsrin müqaviləsi”nin imzalandığını, Azərbaycanın ilk Konstitusiyasının qəbul edildiyini, beynəlxalq əlaqələrin qurularaq genişləndirildiyini, bir sözlə, Azərbaycanın yenidən inşa edildiyini diqqətə çatdırıb.

Qeyd edib ki, dahi rəhbərin başladığı işi ölkə Prezidenti İlham Əliyev müasir dövrün çağırışları işığında daha da zənginləşdirərək Azərbaycanı nəinki regionda, dünyada söz sahibi ölkələrdən birinə çevirib, ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub və bu gün qalib xalq kimi fəxrlə yaşayırıq.

“Bu gün Azərbaycan dünyada sülh yaradan ölkə kimi tanınır. Prezident İlham Əliyev təkcə Azərbaycanda və regionda deyil, bütün dünyada qüdrətli lider kimi qəbul olunur”, - deyə akademik İsa Həbibbəyli söyləyib.

Həm Ulu Öndər Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının tarixində və taleyində mühüm rol oynadıqlarını deyən natiq bildirib ki, 80 ildə şərəfli tarixi yol keçmiş AMEA-nın dövlət səviyyəsində ilk dəfə yubileyi məhz Ümummilli Liderin təşəbbüsü ilə 1975-ci ildə keçirilib və Akademiyaya “Xalqlar dostluğu” ordeni təqdim olunub. Bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Ulu Öndər Elmlər Akademiyasının taleyi ilə bağlı yaranmış suallara birdəfəlik son qoyub və mütəmadi olaraq ziyalılarımızla görüşərək onlara öz tapşırıq və tövsiyələrini verib. Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, AMEA-nın son illərdəki uğurlarının memarı isə Azərbaycan Prezidenti İlham Əliyevdir və məhz ölkə başçısı tərəfindən Akademiyanın 60, 70 illik yubileylərinin və bu ilin mart ayının 18-də isə 80 illik yubileyinin qeyd olunması haqqında müvafiq Sərəncamlar imzalanıb. Akademik İsa Həbibbəyli dövlət başçısının Sərəncamı işığında AMEA-nın 80 illik yubileyinin həm ölkəmizdə, həm də dost və qardaş ölkələrin akademiyaları ilə birgə yüksək səviyyədə keçiriləcəyini söyləyib. Qeyd edib ki, bu gün Akademiya dövlət başçımızın açdığı geniş imkanlardan istifadə edərək Azərbaycan elmini dünyada tanıtmaq, beynəlxalq əlaqələrini genişləndirmək və dünyanın nüfuzlu elmi qurumları arasında söz sahibinə çevrilmək üçün bir çox önəmli addımlar atır.

“Azərbaycan xalqı müstəqil və güclü dövlət quruculuğu üçün hər zaman Ulu Öndər Heydər Əliyevə və Prezident İlham Əliyevə minnətdardır. Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev olmasaydı, bugünkü inkişaf edən Azərbaycan olmazdı. Qarabağ Zəfəri, Böyük Qayıdış hərəkatı, Elmlər Akademiyası olmazdı. Hər zaman Azərbaycan elminə xüsusi qayğı ilə yanaşan görkəmli dövlət xadimlərimizə əbədi olaraq minnətdarıq”, - deyən akademik İsa Həbibbəyli konfransı açıq elan edib. 

Konfransda, həmçinin AMEA-nın akademik-katibi akademik Arif Həşimov “Heydər Əliyev Elmlər Akademiyasının intibah dövrünün yaradıcısıdır”, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Tamilli Kərimova-Kosayeva “Müstəqillik dövründə Heydər Əliyevin Milli Akademiya quruculuğu sahəsindəki xidmətləri” və AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru, dosent Sərxan Xavəri “Azərbaycan Milli Elmlər Akademiyasının inkişafında İlham Əliyev dövrü: modernləşdirmə, yeniləşmə və islahatlar mərhələsi” mövzularında məruzə ilə çıxış ediblər.

Tədbirdə, o cümlədən AMEA-nın vitse-prezidentləri – akademik Rasim Əliquliyev, akademik İradə Hüseynova və AMEA-nın müşaviri akademik Adil Qəribov çıxış edərək Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan dövləti və xalqı qarışındakı tarixi xidmətlərindən və Azərbaycan elminə, alimlərinə göstərdikləri qayğıdan danışıblar.

Sonda çıxış edən akademik İsa Həbibbəyli Azərbaycan alimlərinin daim Ulu Öndərin varisi Prezident İlham Əliyevin ətrafında sıx birləşdiklərini, ölkə başçısının bütün daxili və xarici siyasətini dəstəklədiklərini söyləyib, alimlərimizin öz tədqiqatları ilə ölkəmizin inkişafına bundan sonra da öz töhfələrini verəcəklərini söyləyərək konfransa yekun vurub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: