www.science.az
21.01.2014 00:00

AMEA Polimer Materialları İnstitutunda 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş xatirə tədbiri keçirilib

AMEA Polimer Materialları İnstitutunda 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş xatirə tədbiri keçirilib.

Öncə elmi şura üzvləri və dəvət olunanlar şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə institutun direktoru, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Abasqulu Quliyev açıb. Qeyd edib ki, Azərbaycanın istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən təcavüzkarların hərəkətindən hiddətlənərək küçə və meydanlara çıxan geniş xalq kütlələrinə qarşı Sovet İmperiyası tərəfindən hərbi texnikanın yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Vətənimizin övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. O, bu şəhidlər arasında institutun görkəmli alimləri – professorlar Svetlana Məmmədova, İbrahim İbrahimov və İsmayıl Mursaqulovun da olduğunu vurğulayıb.

A.Quliyev ümummilli lider Heydər Əliyevin 20 Yanvar faciəsinə münasibət bildirdiyini və məhz ulu öndərin hakimiyyətə qayıdışından sonra bu faciəyə tam siyasi-hüquqi qiymət verildiyini söyləyib.

Tədbirdə institutun elmi işlər üzrə direktor müavini, kimya üzrə elmlər doktoru Valeh Cəfərov çıxış edərək qeyd edib ki, bu qırğın nə qədər faciəli olsa da, xalqımızın iradəsini, mübarizə əzmini qıra bilmədi. Bu müdhiş gecədə həlak olan vətən oğulları tariximizə parlaq səhifə yazdılar.

Tədbirdə Həmkarlar Komitəsinin sədri, kimya üzrə elmlər doktoru K.Quliyev, AMEA-nın müxbir üzvü, kimya üzrə elmlər doktoru, prof. Mustafa Salahov və başqaları çıxış edərək 20 yanvar faciəsinə öz munasibətlərini bildiriblər.

Sonda yanvarın 23-də institut əməkdaşlarının qətlə yetirildiyi Bakı-Sumqayıt yolundakı xatirə abidəsi və yanvarın 24-də Şəhidlər xiyabanına ziyarətin təşkil olunması qərara alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.