www.science.az
05.09.2017 09:23

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri adından Özbəkistanın İmam Buxari ziyarətgahına “Qurani-Kərim” bağışlanıb

Qədim Səmərqənd şəhərindəki İmam Buxari ziyarətgahının muzeyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən göndərilən “Qurani-Kərim”in təqdimetmə mərasimi keçirilib.

Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Özbəkistanın İmam Buxari Ziyarətgah Kompleksinin rəhbəri İlhom Ramazanov, AMEA-nın vitse-prezidenti, akademik İsa HəbibbəyliHumanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, səfirliyin müşaviri Mahir Hacıyev və Səmərqənd vilayət hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdə Hüseyn Quliyev Azərbaycan-Özbəkistan əlaqələrindən, iki xalq arasında əsrlərlə davam edən dostluq münasibətlərindən danışıb. O, Azərbaycan dövlətinin dinə qayğısından, ölkəmizdə mövcud olan tolerantlıq mühitindən bəhs edib.

Diplomat bildirib ki, bu ilin iyun ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Səmərqənddə olarkən İmam Buxari ziyarətgahına gedib və buradakı muzeydə müxtəlif dövlət rəhbərləri və din xadimləri tərəfindən hədiyyə olunmuş “Qurani-Kərim” kitabları ilə tanış olub. Ali Məclisin sədri muzeydə olarkən buraya Azərbaycandan da nəfis şəkildə hazırlanmış müqəddəs “Qurani-Kərim”in hədiyyə olunmasına qərar verib.

Sonra çıxış edən akademik İsa Həbibbəyli 2017-ci ilin ölkəmizdə Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan edildiyini və Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçirildiyini diqqətə çatdırıb. Azərbaycanın İslam dünyası ilə dostluq və əməkdaşlığa can atdığını bildirən İ.Həbibbəyli tədbirin əhəmiyyətindən, Azərbaycanda İslam ənənələrinin qorunub saxlanılmasından və bu sahədə həyata keçirilən dövlət siyasətindən danışıb.

Daha sonra İlhom Ramazanov çıxış edərək ziyarətgah kompleksi haqqında məlumat verib. O, Azərbaycan tərəfinin təşəbbüsünü yüksək qiymətləndirib. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədrinə minnətdarlığını bildirən İ.Ramazanov Azərbaycan tərəfdən hədiyyə edilən nəfis “Qurani-Kərim” kitabının kompleksin muzeyində nümayiş etdiriləcəyini bildirib.

Sonda “Qurani-Kərim” kitabı İlhom Ramazanova təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.