www.science.az
14.11.2017 12:51

“Karbon qazı Naxçıvan Muxtar Respublikasının təbii sərvətidir” mövzusunda konfrans keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutu (TEİ), Nəqşicahan Holdinq şirkətlər qrupu və Culfa rayonu ərazisində yerləşən “Karbon Qazı Zavodu” MMC-nin birgə təşkilatçılığı ilə “Karbon qazı Naxçıvan Muxtar Respublikasının təbii sərvətidir” mövzusunda elmi konfrans keçirilib.

Tədbirdə TEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov mineral suların təbii muzeyi adlandırılan Naxçıvan Muxtar Respublikasında 250-dən artıq mineral su yatağının mövcud olduğunu diqqətə çatdırıb. O, ionların sirli birləşməsindən əmələ gələn və onlarla dərman preparatlarını əvəz edən şəfalı mineral sulardan içməli su təchizatında və təsərrüfatda, sənayedə müalicəvi məqsədlər üçün geniş istifadə olunduğunu bildirib. Alim məşhur “Badamlı”, “Sirab”, “Qahab”, “Vayxır”, “Nəhəcir”, “Əshabi-kəhf”, “Darıdağ termal suyu”, “Babasu” mineral su bulaqlarını misal göstərərək bildirib ki, bu sular içərisində “Darıdağ termal suyu” tərkibindəki karbon qazı, bor, dəmir, arsenin miqdarına və debitinə görə seçilir.

Konfransda institutun Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədova “Darı dağ arsenli mineral su haqqında”, Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının əməkdaşı, kimya elmləri üzrə fəlsəfə doktoru Əhməd Qarayev “Karbon qazının sənaye üsulu ilə alınması metodları” və kimya elmləri doktoru Bayram Rzayev “Karbon qazının tətbiq sahələri” mövzusunda məruzələrlə çıxış ediblər.

Məlumat verilib ki, karbon qazının hər üç aqreqat halından - bərk halda “Quru buz” şəklində, qaz və maye halından xalq təsərrüfatının müxtəlif sahələrində geniş istifadə edilir. Bura qida məhsullarının və tibbdə bir sıra dərman preparatlarının saxlanılması və daşınması, maşın mexanizmlərinin təmizlənməsi, süfrə suları və müalicəvi suların qazlaşdırılması, od söndürmə işləri, kimyəvi xammal istehsalı və digərləri daxildir.

Qeyd olunub ki, vanna qəbulu şəklində Darıdağ suyu müxtəlif ürək-damar, oynaq, əsəb sistemi, dəri və bir çox xəstəliklərin müalicəsi zamanı istifadə olunur. Bu su Fransadakı Lya-Burbul, Polşadakı Kudovi, Saxalindəki Sineqorsk sularının analoqudur. Lakin tərkibindəki mineral duzların miqdarına görə Darıdağ suyu öz analoqlarından üstündür.

Tədbirin sonunda “Karbon Qazı Zavodu” MMC-nin direktoru Elman Seyidov alim və mütəxəssisləri zavodun iş prinsipi ilə yaxından tanış edib. Qeyd edib ki, 1980-cı ildə Darıdağ termal su quyusundan 2650 metr boru xətti ilə gətirilən spontan karbon qazı əsasında maye karbon qazı istehsal edən sex inşa edilib. 2008-ci ilin dekabr ayından isə “Karbon Qazı Zavodu” MMC kimi fəaliyyət göstərir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.