www.science.az
11.01.2018 08:39

Azərbaycan Prezidentinin AXC tarixinə böyük qayğı və ehtiramla yanaşması təqdirəlayiq hadisədir

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunmasını yüksək qiymətləndirib. O qeyd edib ki, bu addım Milli Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən böyük razılıqla qarşılanıb: “Bu, Azərbaycan dövlətinin başçısının Cümhuriyyət tarixinə olan xüsusi ehtiramıdır. Hər il mayın 28-də Respublika Gününə həsr olunmuş qəbullar keçirən Azərbaycan Prezidenti bütün çıxışlarında Cümhuriyyət tarixinə olduqca yüksək qiymət verir. Azərbaycan dövlətinin başçısı “İstiqlal Bəyannaməsi” abidəsini ucaltdırıb. Tarix İnstitutunun direktoru olaraq bəyan etmək istəyirəm ki, Azərbaycan dövlətinin başçısı Cümhuriyyət tarixinin işlənməsi ilə əlaqədar mənə xüsusi tapşırıqlar verib. Cümhuriyyət tarixinin işlənməsini prezident şəxsi nəzarəti altında saxlayır. Ulu öndərimiz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti tarixinin araşdırılması məqsədilə bircildlik ensiklopedik lüğət hazırlamaq haqqında göstəriş vermişdi. Xüsusi ehtiramla bildirirəm ki, Prezident İlham Əliyev isə ikicildlik ensiklopedik nəşrin çapı haqqında göstəriş verdi. Bu ensiklopediya ikinci dəfə də çap olundu. Hesab edirəm ki, bu ensiklopediya Cümhuriyyət tariximizə qoyulan çox böyük abidədir. Cənab prezident Tarix İnstitutuna qəti olaraq tapşırıb ki, Cümhuriyyət tarixi ilə bağlı araşdırmalar genişləndirilsin. Bu il biz Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan beynəlxalq elmi konfrans keçirəcəyik. Tarix İnstitutu bu gün Elmi Şurasını keçirib. Bütün tarixçilərin adından prezident İlham Əliyevə minnətdarlıq məktubu göndəriləcək. Eyni zamanda qərar qəbul olundu ki, “Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimləri” adlı xüsusi kitab çap olunsun. Azərbaycan dövlətinin başçısının tarixi keçmişimizə, varisi olduğumuz Xalq Cümhuriyyətinə bu qədər önəm verməsini institutun bütün tarixçiləri adından alqışlayıram”.

"Xalq qəzeti", 10 yanvar 2018-ci il