Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Beşinci Beynəlxalq Muğam Festivalı çərçivəsində Gəncədə konsert proqramı təşkil olunub
09.03.2018 14:28
  • A-
  • A
  • A+

Beşinci Beynəlxalq Muğam Festivalı çərçivəsində Gəncədə konsert proqramı təşkil olunub

Ölkəmizdə keçirilən “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində martın 8-də Gəncə Dövlət Filarmoniyasında konsert proqramı təşkil olunub.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə zərif cinsin nümayəndələrini  təbrik edib, onlara işlərində uğurlar arzulayıb.

“Muğam aləmi” V Beynəlxalq Muğam Festivalının Gəncədə davam etdirilməsinin təsadüfi olmadığını söyləyən E.Vəliyev tarixən qədim şərqin, o cümlədən Azərbaycanın böyük elm-mədəniyyət və incəsənət mərkəzi olan Gəncənin həm də çoxsaylı ədiblərin, musiqiçilərin, xanəndə və sazəndələrin şöhrət tapdığı bir şəhər olduğunu deyib.

Sonra şəhərin ictimai-siyasi həyatında fərqlənən qadınlara fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Tədbir Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası kollektivinin ifasında konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycan bəstəkarları Müslüm Maqomayev, Tofiq Quliyev, Cahangir Cahangirov, Rauf Hacıyev, Ələkbər Tağıyev, Emin Sabitoğlu, Oktay Kazımi, Fərhad Bədəlbəyli, Siyavuş Kərimi, Vaqif Gərayzadə kimi görkəmli bəstəkarların əsərləri, eləcə də xalq mahnıları və təsniflər səsləndirilib.

Xatırladaq ki, martın 14-dək davam edəcək "Muğam aləmi” V Beynəlxalq Muğam Festivalına 15-dən çox ölkəni təmsil edən musiqiçilər qatılıb. Festivalın təntənəli bağlanış mərasimi isə martın 14-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında reallaşacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: