www.science.az
07.08.2018 09:07

AMEA H.Əliyev adına Coğrafiya İnstitutu virtual serverlə təmin olunub

Son 20 ildə Azərbaycanda aparılan geniş quruculuq işləri sayəsində irimiqyaslı dövlət və beynəlxalq əhəmiyyətli layihələr həyata keçirilir. Bununla bağlı, əhalinin və infrastruktur obyektlərinin təhlükəsizliyini təmin etmək və fövqəladə halların qarşısını almaq üçün profilaktik tədbirlər həyata keçirən, bu sahədə müvafiq qərarlar qəbul edən dövlət orqanlarından vahid elmi-praktik yanaşma tələb olunur. Eyni zamanda, ölkə ərazisində baş vermiş və yarana biləcək təbii dağıdıcı hadisələrin elmi cəhətdən sistemli şəkildə öyrənilməsi, onların törədə biləcəyi ziyan və risklərin kompleks qiymətləndirilməsi ön plana çəkilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 mart 2016-cı il tarixli sərəncamına əsasən hazırlanan “Azərbaycan Respublikasının fövqəladə hallar atlası” böyük sosial-iqtisadi əhəmiyyətə malikdir. Atlasın hazırlanmasında əsas məqsəd təbii resurslardan səmərəli istifadə, əhali və yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, digər infrastruktur obyektlərinin, o cümlədən strateji neft-qaz kəmərlərinin, kommunikasiya xətlərinin fövqəladə hallardan qorunması, istehsal qüvvələrinin inkişafı məsələlərinin əsaslandırılmış şəkildə həll edilməsidir.

“Azərbaycan Respublikasının fövqəladə hallar atlası”nın hazırlanmasında məsul icraçı olan AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Avropa İttifaqının “Təbii və texnogen fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” üzrə şərq proqramı (PPRD East) layihəsi çərçivəsində Azərbaycan Respublikasına təmənnasız olaraq verilən proqram təminatının istifadəsi, eləcə də coğrafi məlumatların toplanması və emalı üçün yüksək hesablama və yaddaş resurslarına malik kompüterlərə ehtiyac yaranmış, bu məqsədlə AMEA İnformasiya Texnologiyaları İnstitutuna rəsmi müraciət olunmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, institutun AzScienceNet elm kompüter şəbəkəsinin Verilənlərin Emalı Mərkəzində AMEA Coğrafiya İnstitutuna “Debian Linux 7.11” əməliyyat sistemi əsasında işləyən, 16 nüvəli (CPU – İntel Xeon mikroprosessoru bazasında), 32 GB əməli yaddaşa (RAM) və 2 TB xarici yaddaşa malik virtual server ayrılmışdır ki, bu server coğrafi məlumatların toplanması və emalının daha sürətlə həyata keçirilməsinə imkan verəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.