Nyu-Yorkun məşhur Müasir İncəsənət Muzeyində (“MoMA”) ənənəvi “Summergarden” Musiqi Festivalı keçirilir. “Nyu-Yorkda yeni musiqi” şüarı altında keçirilən konsertdə müasir musiqi janrında yeni premyeralar təqdim olunur.
Budəfəki festivalda “Ansoniya” kvarteti Azərbaycanın Xalq artisti, AMEA-nın müxbi üzvü Firəngiz Əlizadənin “Oazis” simli kvartetini ifa edib. Əsər konsert iştirakçılarının böyük rəğbətini qazanaraq alqışlarla müşayiət olunub.
Festivalın bukletində Xalq artisti Firəngiz Əlizadənin həyat və yaradıcılığı, o cümlədən “Oazis” əsəri haqqında geniş məlumat verilib. Həmçinin “New-York-MoMA” qəzetində də F.Əlizadənin “Oazis” simli-kvarteti barədə böyük məqalə dərc edilib.
Məlumat üçün bildirək ki, 1998-ci ildə bəstələnən və ilk dəfə Qlazqo şəhərində səsləndirilmiş “Oazis” əsəri San-Fransiskonun “Kronos” kvartetinin (ABŞ) sifarişi ilə yazılıb və dünyanın müxtəlif mötəbər salonlarında uğurla ifa olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.