İlk azərbaycanlı alim-cərrah Mir Əsədulla Mirqasımov 17 noyabr 1883-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1908-ci ildə gimnaziyanı bitirmişdir. Gimnaziyanın yuxarı siniflərində oxuyarkən o, ictimai fəaliyyətə başlamış, qəzet və jurnallara məqalələr yazmışdır.
1913-cü ildə Odessa şəhərində Novorossiysk İmperator Universitetinin (hazırda İ.İ.Meçnikov adına Odessa Milli Universiteti) tibb fakültəsini bitirmişdir. 1914-cü ildə Novorosiyski Universitetinin elmi əsərlər toplusunda çap olunan “Süni pnevmotaraksla ağciyər vərəminin müalicəsi” adlı ilk elmi məqaləsi ilə elm aləminə qədəm qoymuşdur. 1916-cı ilədək Odessada həkim, 1916-1929-cu illərdə Bakıda hərbi lazaretdə cərrah, Azərbaycan Dövlət Universitetinin tibb fakültəsində dosent işləmişdir. 1920-ci ildən etibarən Mir Əsədulla – Mixaylovsk xəstəxanası cərrahiyyə şöbəsinin ordinatoru, sonralar Azərbaycan Dövlət Universitetinə öncə prozektor, bir müddət sonra operativ cərrahiyyə və topoqrafik anatomiya kafedrasında ordinator vəzifəsində işləməyə dəvət edilmişdir. Təcrübəli həkim-pedaqoq M.Mirqasımov Tibb Universitetinin və Səhiyyə Nazirliyinin qərarı ilə doktorluq dissertasiyasını tamamlamaq, elmi araşdırmalarını yekunlaşdırmaq üçün 1926-cı ildə yarım illiyə Berlin, Drezden, Leypsiq, Münhen Universitetlərinə ezam olunmuşdur. 1927-ci ildə "Azərbaycanda sidik daşı xəstəliklərinin öyrənilməsinə dair materiallar" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək tibb elmləri doktoru elmi dərəcəsi almışdır. İlin sonunda öncə hospital cərrahiyyə kafedrasına privat dosent, sonra isə dosent seçilmişdir. M.Mirqasımov Azərbaycanda uroloji xəstəliklər üzrə doktorluq dissertasiyası müdafiə edən ilk milli mütəxəssis kimi səhiyyə tariximizdə özünə layiqli və əbədi yer tutmuşdur. İstedadlı alimin müvəffəqiyyətlə müdafiə etdiyi doktorluq dissertasiyasının motivləri əsasında çap etdirdiyi (1928) monoqrafiya indi də öz praktiki əhəmiyyətini, aktuallığını itirməmişdir. Bununla da ilk azərbaycanlı alim-cərrah adına yiyələnmiş, tibbi cərrahiyyə elmi məktəbinin əsasını qoymuşdur. 1929-cu ildə professor adını alan M.Mirqasımov 1931-ci ildən Hospital cərrahiyyə kafedrasına müdir təyin olunmuşdur. Elə həmin ildə ana dilində yazdığı, bu gün də elmi dəyərini saxlayan “Ümumi cərrahiyyə” dərsliyi ilə səhiyyə tarixinə ilk dərslik müəllifi kimi daxil olmuşdur. M.Mirqasımov 1934-cü ildə Azərbaycan SSR Əməkdar elm xadimi fəxri adına layiq görülmüş, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə (AMİK) üzv seçilmişdir. 1935-1936-cı illərdə professor M.Mirqasımovun Tibb Universitetinin Böyük Elmi Şurasının qərarı ilə tərtib ediyi “Kliniki cərrahiyyənin tədrisi proqramı” elmdə, tədrisdə əsl hadisə oldu. M.Mirqasımov üç çarğırış 1937, 1946 və 1950-ci illərdə eyni ərazidən – Xaçmaz dairəsindən SSRİ Ali Sovetinə deputat seçilmişdir. 1945-ci il yanvarın 23-də SSRİ Elmlər Akamemiyasının təklifi ilə SSRİ Xalq Komissarları Soveti Azərbaycan SSR Elmlər Akademiyasının təsis olunması haqqında qərar verdi. Respublika Xalq Komissarları Sovetinin 27 mart 1945-ci ildə verdiyi qərara əsasən, SSRİ EA-nın Azərbaycan Filialı respublikanın Müstəqil Elmlər Akademiyasına çevrildi. Respublikanın Xalq Komissarları Soveti Azərbaycan SSR Elmlər Akademiyasının nizamnaməsini və strukturunu təsdiq etdi və SSRİ EA Azərbaycan Filialının bütün müəssisələrinin, eyni zamanda, respublikanın bir sıra digər elmi tədqiqat ocaqlarının ona verilməsini təmin etdi. M.Mirqasımov 1945-ci ildə Azərbaycan SSR EA-nın həqiqi üzvü seçilmiş, 1945-1947-ci illərdə Azərbaycan SSR EA-nın ilk prezidenti olmuşdur. Akademik M.Mirqasımov Böyük Vətən müharibəsi illərində elmin və Akademiyanın inkişafındakı xidmətlərinə görə Lenin (1946), Qırmızı Əmək Bayrağı (1950) ordenləri ilə təltif olunmuşdur. O, 1947-1950-ci illərdə nəşr olunan “Qarın yatalağının cərrahiyyəsi” adlı fundamental əsəri ilə dünya səhiyyəsinə töhfə vermiş, insanların üzləşdiyi bu infeksion xəstəliklə mübarizədə bu əsər demək olar ki, mənbə olmuşdur. M.Mirqasımov 1955-ci ildə keçirilən Azərbaycan uroloqlarının birinci konfransına sədr, 1958-ci ildə Uroloqların Ümumittifaq Konfransının Rəyasət Heyətinə, uroloqların Tbilisidə keçirilən III Ümumittifaq konfransının Rəyasət Heyətinə fəxri üzv seçilmişdir. Akademik M.Mirqasımov Azərbaycanın Əməkdar elm xadimi adına layiq görülmüş, Lenin ordeni, 2 dəfə Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz ordeni və medallarla təltif edilmişdir. 6 monoqrafiya və dərsliyi, 50-dən çox elmi əsəri nəşr olunmuşdur. Azərbaycan SSR EA-nın ilk prezidenti, tanınmış ictimai xadim, Azərbaycanın ilk tibb elmləri doktoru, professor, Azərbaycan SSR EA-nın həqiqi üzvü, Azərbaycan SSR əməkdar elm xadimi, ilk azərbaycanlı alim-cərrah, SSRİ Ali Sovetinin (üç çağırış) deputatı Mir Əsədulla Mir Ələsgər oğlu Mirqasımov 20 iyul 1958-ci ildə Bakı şəhərində vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur. |
|