Görkəmli geoloq-alim Ələşrəf Əbdülhüseyn oğlu Əlizadə 1911-ci il aprelin 24-də Şamaxı şəhərində ziyalı ailəsində anadan olmuşdur.
1924-cü ildə Ələşrəf Əlizadə Bakıda I dərəcəli məktəbi bitirdikdən sonra 18 saylı pedaqoji təmayüllü məktəbə daxil olmuşdur. O, əvvəllər rus məktəbində Azərbaycan dilindən dərs demiş, daha sonra Azərbaycan SSR Mərkəzi Statistika İdarəsində statist kimi çalışmışdır. Məktəbi bitirdikdən sonra Azərbaycan SSR Xızı rayonunun Zərgərli kəndində I dərəcəli məktəbə müdir təyin edilmiş və 1928-1929-cu tədris ilində burada işləmişdir. 1929-30-cu tədris ilində Suraxanı kəndində “Savadsızlığı ləğvetmə” məntəqəsində dərs demişdir. 1930-cu ildə Tbilisi Politexnik İnstitutuna qəbul olunmuş, ancaq ailə vəziyyətilə əlaqədar Bakıya qayıtmış və Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdur. Ə.Ə.Əlizadə 1933-cü ildən «Azneftkəşfiyyat» trestində müstəqil geoloji tədqiqat işləri aparmağa başlamışdır. Ə.Əlizadə çöl və mədən geologiyası üzrə Azərbaycan dilində ilk dərslik vəsaitlərinin müəllifidir. O, 1937-ci ildə “Çöl geologiyasına dair qısa rəhbərlik”, 1938-ci ildə isə “Çöl və mədən geologiyasına dair qısa rəhbərlik” kitablarını tərtib etmişdir. O, 1961-ci ildə M.S.Babayevlə birlikdə Azərbaycan dilində “Ümumi geologiya” dərs vəsaitini nəşr etdirmişdir. 1934-1942-ci illərdə “Azneftkəşfiyyat” trestinin “Geoloji Axtarış Kontorunda (GAK)” geoloq, böyük geoloq, baş geoloq və direktor, 1939-cu ilin yanvarından “Azgeoltrest”in Küryanı ovalığı və Gəncə rayonunun kəşfiyyatı üzrə idarəsinin müdiri vəzifələrində işləyən gənc alim Azərbaycanın bir çox rayonlarında – Dəvəçi, Qonaqkənd, Şamaxı, Şəmkir və Gəncədə, daha sonra Talışda və Naxçıvan Muxtar Respublikasında geoloji axtarış işləri aparmışdır. Yeni neft yataqlarının kəşf edilməsindəki uğurlu işlərinə görə Ə.Əlizadə 1940-cı ildə Xalq Neft Komissarlığının “Əlaçı” döş nişanı, 1942-ci ildə isə neft hasilatının artırılmasındakı xidmətlərinə, müdafiə səciyyəli neft məhsullarının və döyüş sursatlarının istehsalında hökumətin tapşırıqlarını yerinə yetirdiyinə görə Lenin ordeni ilə təltif edilmişdir. Ələşrəf Əlizadə 1942-ci ilin oktyabrından 1946-cı ilin aprelinə kimi partiya işlərində çalışmış – əvvəlcə Azərbaycan KP Bakı şəhər Komitəsinin katibi, sonra isə Azərbaycan KP MK-nın ikinci katibi vəzifələrində işləmişdir. Görkəmli alimin bu illərdə yerinə yetirdiyi işlərin nəticələri partiya və hökumət tərəfindən yüksək qiymətləndirilmişdir. Yeni neft yataqlarının kəşf edilməsinə, istismarına görə 1943-cü ildə bir qrup mühəndislə birlikdə Stalin mükafatına (sonradan SSRİ Dövlət mükafatına) layiq görülmüş və ona ikinci dəfə Lenin ordeni verilmişdir. 1944-cü ildə Ə.Əlizadə Azərbaycanın Maykop lay dəstəsinə həsr etdiyi çox sanballı elmi tədqiqat işini başa çatdırmışdır. Mütəxəssislərin rəyinə görə, yerinə yetirilmiş elmi iş doktorluq dissertasiyasının tələblərinə tam cavab verdiyindən Ə.Əlizadə bu işini doktorluq dissertasiyası kimi açıq müdafiə etmişdir. SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialı İ.M.Qubkin adına Geologiya İnstitutunun elmi şurasının qərarına əsasən, ona birbaşa geologiya-mineralogiya elmləri doktoru elmi dərəcəsi verilmiş və həmin ildə də SSRİ Ali Attestasiya Komissiyası (AAK) tərəfindən təsdiq olunmuşdu. Ə.Əlizadə 1945-ci ildə “Neft və qaz yataqlarının geologiyası” kafedrasının professoru elmi adına layiq görülmüşdür. 1945-ci il martın 27-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin qərarına əsasən, Azərbaycan SSR Elmlər Akademiyasının ilk 15 həqiqi üzvləri sırasına Ə.Əlizadənin də adı daxil edilmişdir. 1946-cı ildə Böyük Vətən müharibəsindən sonra respublikanın neft sənayesinin yüksəldilməsi üçün Ə.Əlizadə “Azneft” birliyinə rəis təyin edilmiş və bu vəzifədə 1948-ci ilə kimi işləmişdir. Kiçik qabaritli elektroperforatorların işlənib hazırlanmasına görə Ə.Əlizadə 1946-cı ildə ikinci dəfə Stalin mükafatına layiq görülmüşdür. Ə.Əlizadə dəfələrlə Bakı şəhəri rayon sovetlərinin və Bakı sovetinin deputatı seçilmiş, 1946-cı ildə isə SSRİ Ali Sovetinin deputatı, 1961-ci ildən uzun müddət Bakı Sovetinin deputatı olmuşdur. 1946-1948-ci illərdə Azərbaycan KP Bakı Komitəsi Plenumunun üzvlüyünə namizəd olmuş, 1963-cü ildən isə uzun müddət Plenumun üzvü olmuşdur. Ə.Əlizalə Azərbaycan KP-nın XXVI, XXVII və XXVIII qurultaylarının nümayəndəsi olmuşdur. 1948-ci ildə Azərbaycanda axtarış-kəşfiyyat işlərini genişləndirmək məqsədilə yeni “Azneft-kəşfiyyat” birliyi yaradıldı və Ə.Əlizadə birliyə rəis təyin edildi. 1950-ci ildə Ə.Əlizadə Türkmənistan Dövlət Universitetinə (TDU) dəvət olunmuş, geologiya kafedrasının müdiri təyin edilmişdir. 1950-1954-cü illərdə TDU-da işləməklə yanaşı SSRİ EA Türkmənistan filialında faydalı qazıntılar sektorunun müdiri vəzifəsində tədqiqatlar aparmışdır. 1954-cü ildə Ə.Əlizadə Bakıya qayıtmış və Azərbaycan Sənaye İnstitutunun “Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı” kafedrasında professor vəzifəsində çalışmışdır. 1959-cu ilin avqust ayında Ə.Əlizadə neft hasilatı üzrə Azərbaycan Elmi Tədqiqat İnstitutuna direktor təyin edilmişdir. O, neft və qaz yataqlarının kəşfiyyatı, qazılması və işlənilməsi, neft və qazın texniki və texnoloji baxımdan çıxarılması sahəsi ilə bağlı elmi axtarışlarda çox ciddi, köklü dəyişikliklər həyata keçirmiş, institutun adı dəyişdirilərək Azərbaycan Neft Sənayesinin Elmi Tədqiqat və Layihə İnstitutu (AzNSETLİ) adlandırılmişdır. Akademik Ə.Əlizadə AzNSETLİ-yə 17 il rəhbərlik etmişdir. Ə.Əlizadə 1962-ci ildə Ümumittifaq Paleontologiya Cəmiyyətinin (ÜPC) üzvü seçilmişdir. Onun rus dilində çap etdirdiyi «Azərbaycanın maykop lay dəstəsi və onun neftliliyi», “Azərbaycanın paleogen çöküntüləri”, “Balaxanı mərtəbəsinin paleocoğrafiyası”, 2 cildlik “Türkmənistanın ağçaqılı”, “Azərbaycan mezozoy çöküntüləri və onların neft-qazlılıq perspektivliyi”, “Azərbaycanın Abşeronu” və b. əsərlərində çox geniş paleocoğrafi analizlər verilir. Akademik Ə.Əlizadənin bütün fəaliyyəti Azərbaycanın neft sənayesinin inkişafı ilə bağlı olmuşdur. Ə.Əlizadə beynəlxalq, ümumittifaq konqreslərdə, konfranslarda, simpoziumlarda, sessiya və müşavirələrdə elmi məruzələrlə çıxış etmiş, bir çox elmi şuraların, komissiya və redaksiya heyətlərinin üzvü olmuşdur. O, uzun illər Ümumittifaq “Bilik” Cəmiyyətinin, Ümumittifaq Paleontologiya Cəmiyyətinin üzvü kimi fəaliyyət göstərmişdir. Ə.Əlizadənin xidmətləri Sovet hökuməti tərəfindən yüksək qiymətləndirilmişdir. O, iki dəfə Stalin Mükafatı və Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni, “Şanlı əmək”, “Qafqazın müdafiəsinə görə” medalları, “Sosializm yarışı əlaçısı” nişanı və Fəxri Fərmanlarla təltif olunmuşdur. Akademik Ə.Ə.Əlizadə regional geologiyanın, tektonikanın və neft geologiyasının müxtəlif problemlərinə aid 600-dən artıq elmi əsərin, keçmiş SSRİ-nin və Azərbaycan Respublikasının neftqazlılığına və tektonikasına aid dərc edilmiş bir sıra xəritə və atlasların müəllifidir. Bütün həyatını elmin, milli-mənəvi dəyərlərin tədqiqinə, təbliğinə həsr edən alim, müəllim, ictimai xadim, akademik Ələşrəf Əlizadə 22 mart 1985-ci ildə Bakı şəhərində vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur. |
|